Nazirliyin rüşvət alan keçmiş qadın əməkdaşı məhkəmə zalından həbs edildi
Gəncə Apellyasiya Məhkəməsində mənimsəmə, rüşvət alma və digər cinayətlərdə təqsirləndirilən Həcər Xeyrinin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, müdafiəçi və zərərçəkmiş şəxs - mülki iddiaçı tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ağırlaşdırılaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbs olunub.

Xatırlatma: Zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tanınır. Birinci instansiya məhkəməsi 15 432, 62 manat məbləğində pulun tutularaq sözügedən Fonda ödənilməsi qərara alıb.

İttihama görə, Həcər Xeyri 2011-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində vətəndaşların pulunu mənimsəyərək onlardan rüşvət alıb.

Dünyapress TV

Xəbər lenti