b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_a847b554b6b77964e71ccdd1386a11b9.jpg
 

Dövlət qulluğunda qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında 22,7 faiz göstərilir

Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsili müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin üçdə ikisi, elmi işçilərin 59,2 faizi qadınlar, ümumi təhsil müəssisələri şagirdlərinin 46,6 faizi, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizi, ali təhsil müəssisələri tələbələrinin yarısı qızlardır.

Dövlət qulluğunda qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında 22,7 faiz göstərilir.

Martın 8-i tarixə qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi düşüb. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında həmin günün bayram edilməsi haqqında qərar çıxarılıb.

1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.

Hazırda 116 üzvü olan Azərbaycan parlamentinin 21 deputatı qadındır, onların biri - Sahibə Qafarova sədr postunu tutur.

Ölkədə ən yüksək vəzifəli qadın birinci vitse-prezident Mehriban Əliyevadır. Nazirlər Kabineti üzvləri arasında bir qadın var: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova. Prezident Administrasiyasında iki yüksək post qadınlara tapşırılıb: Cəmilə Abbasova dövlət başçısının köməkçisi, Fərəh Əliyeva humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Konstitusiya Məhkəməsinin doqquz hakimindən ikisi qadındır: Sona Salmanova (sədr müavinidir) və Humay Əfəndiyeva.

Dövlət İmtahan Mərkəzinə (Məleykə Abbaszadə) və Dövlət Tərcümə Mərkəzinə (Afaq Məsud (Vəliyeva) qadınlar rəhbərlik edir. Ombudsman postunda da qadın çalışır: Səbinə Əliyeva.

Son 32 ildə Azərbaycanda bir qadın naziri olub. Natəvan Tofiq qızı Qədimova 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin olunub. 

Qadınların Azərbaycanın idarəetməsində ağırlığı artırılmalıdırmı? 

Hidayət Abdullayev: İndiyədək 14 400 şəhid ailəsi və müharibə əlilinə  mənzil verilib

Hidayət Abdullayev

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib ki, Azərbaycanda ötən il ərzində 44 min 500 qadın işlə təmin olunub. Onun sözlərinə görə, 2023-cü il ərzində 427 minə qədər şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub: “Bununla yanaşı, 5300 qadın əmək bazarına uyğun olan peşə kurslarına cəlb edilib. Dövlətin məşğulluq siyasətindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu sahədə aparılan işlərin müsbət nəticəsi olaraq əmək bazarında qadınların iştirak səviyyəsi ildən-ilə artır. Hətta bir sıra sahələrdə işləyənlərin daha böyük hissəsini qadınlar təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aktiv məşğulluq proqramlarında qadınların iştirakına önəm verilir”.

Sığınacağa gələn qadın indi güc strukturunda vəzifədə işləyir" -Mehriban  Zeynalova ilə MÜSAHİBƏ

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, gender bərabərliyinə tam nail ola bilməmişik: “Burada müəyyən stereotiplər var. Kişilər danışıqlar aparır, vaxtları daha çoxdur, kişilərin əlaqələri daha çoxdur. Özlərini təqdim etmək üçün imkanları daha genişdir. Amma qadınlar bunu zəif formada təqdim edirlər, çünki müəyyən stereotiplər, ailə münasibətləri var. Əksəriyyətinə ailədən dəstək də gəlmir. Belə bir əngəllər gətirib ona çıxarır ki, kişilər daha çox aktivdir. Kişilər bu proseslərdə özlərini irəli çəkə bilirlər. Təəssüf ki, hələ də real potensialı üzə çıxarmaq üçün qadınlarla bağlı informasiya bankı yarada bilərlər. Qadınlar potensialına görə irəli çəkilə bilər. Bu proses bizdə hələ ki həyata keçirilmir. Kifayət qədər bacarığı, idarəçiliyi, beynəlxalq səviyyədə təmsilçiliyi olan qadınlar var ki, onları irəli çəkmək olar. Ümumilikdə isə aktivlik var, süni əngəllər, kimlərinsə öz tanışlarının təqdimatları real potensialı üzə çıxarmağa imkan vermir. Bu məsələdə düşünürəm ki, Ailə, Qadın, və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların təqdimatları verilməlidir. İnformasiya bankının yaradılması lazımdır. Çünki tamamilə fərqli, uyğun olmayan adamların təqdimatları verilir”.

Qadınlarla bağlı bir neçə vacib məqam da var ki, bunlar xüsusi qeyd edilməlidir. Son bir ildə qadınlara qarşı zorakılıq, şiddət halları azalacaq deyə düşünsək də, tam əksi müşahidə edildi. Bunu hər gün mediada, sosial şəbəkələrdə yayılan kriminal xəbərlərdə də açıq gördük. Əri, qardaşı, atası tərəfindən öldürülən qadınlarla bağlı xəbərlərin çoxluğu, əlbəttə, diqqətdən kənarda qala bilməz. Eyni zamanda ayrı-ayrı bölgələrdə təhsilini yarımçıq qoyaraq erkən yaşda məcburi ərə verilən qızlar da bu ilin əsas müzakirəsi oldu. Elə bu amil qadınların ictimai-siyasi həyatda rolunun yetərli olmamasının bir nümunəsi sayıla bilər. Ən narahat doğuran məsələ isə qızların getdikcə sayının azalması ilə bağlıdır. Belə ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpənin qeydə alındığı bildirilib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Selektiv abortlarla bağlı bu il də ekspertlər SOS deyə hayqırdılar. 

Mehriban Zeynalova  bizimlə söhbətdə qız uşaqlarının sayının getdikcə azalmasının gələcəkdə problem yaradacağını da deyib: “Biz bundan sonra onun fəsadlarını görəcəyik. Baxmayaraq ki, balansı tənzimləməyə çalışırlar. Sosial şəbəkələrə belə baxanda qadınlarla bağlı vəziyyət açıq görünür. Bir çox hallarda şikayətlər belə cinsə görə müəyyən edilir, cinsə görə onun hər hərəkəti təhlildən keçirilir. Bunun nəticəsində bəzi qadınlar kənara çəkilib. Baxmayaraq ki, kifayət qədər imkanları da, bacarıqları da var. Bəzən elə bir təsir vasitələri olur ki, onlar özləri könüllü imtina etməli olurlar”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti