Uzun illər təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmış pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılova dələduzluqla üzləşdiyini deyir.
Elmira İsmayılova Qaynarinfo-ya bildirib ki, dələduzluq əməli törətmiş şəxs Elm və Təhsil Nazirliyinin əməkdaşı olmuş Rahilə Abdullayevadır.
Şikayətçinin sözlərinə görə, Rəhilə Abdullayeva 2013-cü ildə iş qurmaq adı altında ondan üst-üstə 168 500 AZN alıb:
“Bu pulu borc almışdım. Rəhilə Abdullayeva məni inandırdı, amma qısa müddət ərzində aldanıldığımı başa düşdüm. Mən uzun illər təhsil sahəsində çalışmışam. Ziyalıyam, aliməm. Rəhilə Abdullayeva da təhsil sahəsində çalışıb. Ona görə də dərhal hay-küy salmadıq. Düşündüm ki, bu ziyalı adına yaraşmaz. Ondan sakit şəkildə pulu qaytarmağı xahiş etdim. Çünki dediyim kimi, pullar borc alınmışdı. Lakin o, hər dəfə bir bəhanə ilə məsələni uzatdı və mən məcbur qalıb məhkəməyə müraciət etdim”.
Yasamal Rayon Məhkəməsi Elmira İsmayılovanın Rəhilə Abdullayevaya qarşı mülki iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qarşı tərəfin kassasiya şikayəti də təmin edilməyib.
Borcun qaytarılması üçün Rəhilə Abdullayevanın mülkiyyətində olan bir neçə əmlakına (mənzil, torpaq, maşın) həbs qoyulub. Lakin sonradan Rəhilə Abdullayeva mənzilin üzərindən həbsin götürülməsinə nail olub. Elmira İsmayılova bu barədə deyir:
“Təsəvvür edin, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov öz qərarını ləğv edib. Yəni, mənim mülki iddiamı bu hakim təmin etmişdi. Rəhilə Abdullayevanın əmlakına həbs qoyulmuşdu. Yuxarı instansiya məhkəmələri də qərarı qüvvədə saxlamışdı. Sonradan Rəhilə Abdullayeva Yasamal Rayon Məhkəməsində mənzilinin üzərindən həbsin götürülməsi barədə iddia qaldırıb. İddianı bu mənzildən başqa yaşayış yerinin olmaması ilə əsaslandırıb. Bu dəfə işə hakim Ayaz Məmmədov baxıb və Rəhilə Abdullayevanın iddiasını təmin edib. Bu hüquqi nonsesdir. Hakim necə öz qərarına əks qərar qəbul edə bilər? Əgər Rəhilə Abdullayeva haqlı idisə, o zaman mənim iddiam niyə təmin edilmişdi? Məgər Ayaz Məmmədov həmin vaxt işin hallarını araşdırmamışdımı? Bu da məndə haqlı şübhələrə səbəb olub ki, hakim ədaləti deyil, korporativ maraqları üstün tutub”.
Elmira İsmayılova deyib ki, Rəhilə Abdullayeva borcu qaytarmamaq üçün müxtəlif üsullara əl atıb:
“Evi əvvəlcə Türkiyədə yaşayan böyük qızının adına keçirmişdi. Sonra isə kiçik qızına bağışladı. Bu əslində qanunsuzdur. Çünki bu ev artıq mübahisəlidir. Rəhilə Abdullayeva həbs qoyulmuş digər əmlkaları da ortadan çıxara bildi. Beləliklə, əlimdə məhkəmə qərarı ola-ola pulumu ala bilmirəm. Rəhilə Abdullayeva məhkəmə qərarını icra etmədiyinə görə Ədliyyə Nazirliyində onun barəsində cinayət işi başlandı və Yasamal Rayon Məhkəməsinin hökmü ilə şərti olaraq azadlıqdan məhrum edildi. Yəni, mənim haqlı olduğum məhkəmə qərarı ilə təsdiqləndi”.
Elmira İsmayılova pulunu geri alanadək hüquqi müstəvidə mübarizəsini davam etdirəcəyini deyir. “Ölkə rəhbərliyinə, Məhkəmə Hüquq Şurasına müraciət edəcəm. Müraciətlərim artıq hazırdır”, deyə o əlavə edib.
Elmira İsmayılovanın iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.