Lənkəran rayonunda 1967-ci il təvəllüdlü Sayalı fala baxmaq adı ilə həmyerlisi Aytənə (adlar şərti verilib - red.) qarşı dələduzluq edib.
Teleqraf.com xəbər verir ki, Lənkəran şəhəri mərkəzi bazarında Sayalıya müraciət edən Türkəkəran kənd sakini yaşayan Aytən ailə qura bilmədiyini və bununla bağlı çətinliklərinin olduğunu bildirib, ondan falına baxaraq köməklik istəyib.
Sayalı Aytənə həyatındakı problemlərin yaşadığı evin həyətinə basdırılmış cadu ilə əlaqəli olduğunu bildirib, cadunu zərərsiz vəziyyətə gətirmək üçün 600 manata razılaşıb. Məbləğin 100 manatını həmin vaxtı məkəzi bazarda, qalan 500 manatını isə Aytənin yaşadığı həyətin fərqli yerlərindən içərisində müxtəlif əşyalar olan 4 bükümü çıxardıqdan sonra alıb.
İstintaq orqanı tərəfindən Sayalının barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sayalı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2023-cü il tarixdə, günorta evində olduğu zaman sonradan adını bildiyi Aytən xanım onlara gəlib: "Aytən mənə dedi ki, Astara rayonunda özünə baxdırıb və orada ona bildiriblər ki, həyətlərində cadular basdırılıb, onları çıxartmaq lazımdır. O məndən həmin caduların çıxarılmasını xahiş etdi və bir cadunu neçə manata çıxardığımı soruşdu. Bildirdim ki, cadunun birini 150 manata çıxarıram.
Aytən xanım mənimlə razılaşdı, dedi ki, evə gedəcək, məsləhətləşdikdən sonra pulu hazır olsa, mənə zəng vuracaq".
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Aytən xanım zəng vurub və onu evlərinə dəvət edib: "Aytənin harada yaşadığını bilmədiyim üçün ondan ünvanını soruşdum. Evlərinin Lənkəran rayonunun Türkəkəran kəndində olduğunu bildirdi. Ondan kəndə məni aparmaq üçün maşın göndərməsini xahiş etdim. Aytən xanım bildirdi ki, taksi ilə gəlim, ödənişini özü edəcək.
Qonşuluqda yaşayan taksi sürücüsü Şahinə zəng vurdum. O da gəlib məni götürdü, birlikdə Türkəkəran kəndinə getdik. Kəndə daxil olanda Aytən xanımla telefon əlaqəsi saxladım. O mənə evlərinin istiqamətini bildirdi. Evə çatanda Şahin maşında qaldı. Aytən xanım məni qarşıladı və biz həyətə daxil olduq. Onlardan bel gətirmələrini xahiş etdim".
Təqsirləndirilən şəxs deyib ki, cadulardan birini özü, digərini isə Aytənin anası qazaraq çıxarıb: "Caduları çıxardanda sonra zəhmət haqqı 300 manat eləsə də, Aytən mənə 500 manat verdi. Daha 20 manatı da taksipulu kimi verdi. Ondan 300 manat əvəzinə niyə 500 manat verdiyini soruşdum. Dedi, zəhmət çəkmisən.
Biz evimizə qayıdanda Lənkəran şəhərində "Ləvəngi dairəsi" adlanan ərazidə polis əməkdaşları maşını saxlatdı. Bizi polis şöbəsinə apardılar. Şöbədə Bəşir və Natiq adlı polislər məndən 20 min manat pul istədilər. Anar adlı polis məni kişilərə aid söyüşlərlə söydü. Onlara "neyləmişəm ki, 20 min manat pul verim, hardan gətirim, mənim pulum yoxdur" dedim.
Şöbədə Aytənin mənə verdiyi 500 manatı aldılar. Onlara bildirdim ki, bu vaxta kimi heç vaxt məndən polisə şikayət olmayıb. Günorta saatlarından gecə yarısına kimi məni polis şöbəsində saxladılar, sonra evə buraxdılar".
İş üzrə zərərçəkmiş Aytənin sözlərinə görə, təqsirləndirlən Sayalını iş yoldaşlarının və kəndçilərinin həyətlərini cadulardan təmizləməsi ilə bağlı tanıyıb: "Ona qarşı düşmənçiliyim yoxdur. 25 mart 2023-cü ildəsəhər saat 9-da Lənkəran rayonu "Böyük bazar" adlanan yerdə Sayalı xanımı gördüm və ona bildirdim ki, Astarada molla yanında olmuşam, orada özümə baxdırmışam. Molla mənə bildirdi ki, həyətdə cadu var, gedib onları təmizlətdirim. Buna görə Sayalı xanımdan xahiş etdim ki, həyətimdəki caduları təmizləsin. O, narahat olmamağı, caduları təmizləyəcəyini bildirdi.
Bunun üçün nə qədər pul götürəcəyini soruşdum. Hər bir caduya görə 150 manat olmaqla 600 manat alacağını bildirdi. Əlavə olaraq bildirdi ki, onu bizim evə gətirən taksi sürücüsünə 20 manat da verəcəm. Üstümdə 100 manat vardı. Həmin pulu "Böyük bazar" adlanan yerdə Sayalı xanıma verdim. Qalan 500 manat pulu da taparaq ona xəbər verəcəyimi bildirdim.
İki saatdan sonra özüm Sayalı xanımın evinə getdim və bildirdim ki, evdəkilərlə bu barədə razılığa gəldim. Sayalı xanım öz mobil telefon nömrəsini verdi ki, onunla əlaqə saxlayım".
Zərərçəkmiş deyib ki, həmin gün günorta saatlarında Sayalı xanım onların kəndinə gəlib və həyətlərindən caduları çıxarıb: "Onlardan birini əvvəl Sayalı xanım özü qazıb çıxardı, digərlərini isə anam qazdı, cəmi 4 cadu çıxdı. Telefonumun kamersi ilə çəkiliş apardım ki, Sayalı xanım həqiqətən caduları aşkar edərək çıxarır, yoxsa yalandan özü gətirərək onları ora atır.
Çəkiliş apardığımı Sayalı xanım bilmədi. Çəkilişi öz marağım üçün etdim. Çıxan caduların içərisində sap, daş var idi. Sayalı xanım bildirdi ki, bizi bağlayıblar, nə yaxşı ki, ölməmişik. Bundan sonra bizdən su istəd. Mən ona su verdim".
Zərərçəkmiş deyib ki, Sayalı xanıma 500 manat pulu verib: "Sayalı xanım narazılıq eləyərək bildirdi ki, pulu az vermişəm. Halbuki o, daha çox cadu çıxarıb. Bundan sonra Sayalı xanım getdi. Həmin vaxt anamın halı pisləşdi. O gündən başlayaraq anamın və atamın xəstəliyi mənə mənəvi əzab verməyə başladı. Sonradan qonşumuz dedi ki, o, Sayalıya 1200 manat pul verib və çox peşimandır. Sayalı adamı aldadır. Mən də qonşuya bildirdim ki, Sayalı məndən də həyəti təmizləmək üçün pul alıb. Buna görə əvvəl Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum, daha sonra isə şöbəyə gedərək şikayət verdim".
Məhkəmə araşdırması zamanı zərərçəkmiş təkrar ifadə verib və əvvəlki ifadəsini təkzib edib. O, növbəti ifadəsində deyib ki, əvvəki ifadələrində hadisənin olduğunu, Sayalı xanıma 500 manat pul verdiyini, həmin 500 manat pulun ona qaytarıldığını və 100 manat pulun Sayalı xanımın ona qaytarmalı olduğunu bildirib: "Əslində Sayalı xanıma yalnız həyətimdə 500 manat və 20 manat taksi pulu vermişəm. Bundan əvvəl Astara rayonuna Yetər xanımın yanına getmişəm. Ola bilsin, ona verdiyim pulla bu pulla qarışdırmışam. Mən polislərin qurbanı olmuşam və onlar mənə nə deyib, mən də onların dedikləri kimi etmişəm. Bunları müstəntiq Aqşin müəllim mənə deyib. Mən də Aqşin müəllimim dediyi kimi etmişəm. Hazıra mən ortalıqda tək qalmışam".
Zərərçəkmiş deyib ki, Lənkəran rayonu "Böyük bazar" adlanan yerdə təqsirləndirilən şəxs Sayalı xanımı görüb və ona əvvəlcədən 100 manat pul verməyib: "Mən həmin gün günorta saat 13 radələrində Sayalı xanımın yaşadığı Lənkəran rayonu, Göyşaban kəndinəki evinə getmişəm. Orada razılaşdım ki, Sayalı xanım bir cadunu 150 manata çıxaracaq. Bir müddətdən sonra Sayalı xanım bizim kəndimizdəki evimizə gəlib, bel istəyib, bel ilə birincini özüm, digərlərini isə anam qazaraq caduları çıxarıblar. Sayalı xanım cəmi 4 cadu çıxarıb".
Zərərçəkmiş əlavə olaraq bildirib ki, o, Aqşinlə əlaqə saxlayaraq məhkəmədə nə deməli olduğunu soruşmaq istəsə də, Aqşin ona cavab verməyib: "Bu hadisədən əvvəl mənim polislərlə şəxsi münasibətlərim olub. Mənə polis işçiləri deyiblər ki, hadisə barəsində Daxili İşlər Nazirliyinin 102 xidətinə zəng vurum, mən də onların sözlərinə əməl edərək həmin xidmətə zəng vurdum.
Bir daha bildirəm ki, ortalıqda tək qalmışam. Polislər nə deyib, nə yazıblar, mən də onları etmişəm. Çünki polislər məni tək saxlayıblar. Atamın əlinə poçt qəbzi düşüb və məndən soruşub ki, məhkəmədə nə gəzirsən, orada nə işin var. İstəmirəm ki, atam bilsin, məni məhkəməyə cağırıblar. Bu səbəbdən də məhkəmə bildirişlərinin evimizə göndərilməsini istəmirəm".
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməl üzrə təqsirsiz hesab edib. Onun barəsində bəraət hökmü çıxarılıb.
Məhkəmə hesab edib ki, Sayalının əməli o zaman dələduzluq kimi qiymətləndirilə bilərdi ki, o, gizli yolla, qabaqcadan özü zərərçəkmiş şəxsin həyətində həmin caduları basdırıb, özü təşəbbüs göstərərək zərəçəkmişlə ünsiyyət quraraq onu "ələ alardı", sonradan onu özünə inandıraraq özü basdırdığı caduları çıxararaq təqdim edərdi. Hazırki hadisə isə bundan tamam fərqlidir. Burada "təhrikçi" rolunu məhz zərərçəkmiş şəxs oynayıb.
Hökmdə qeyd olunub ki, təqsirləndirlən şəxs qabaqcadan zərəçəkmiş şəxsi tanımayıb, hansı kənddə və hansı ünvanda yaşadığını bilməyib, qabaqcadan da bilə bilməzdi ki, zərəçəkmiş şəxs ona öz problemləri ilə əlaqədar müraciə edəcək. Buna görə də o, qabaqcadan orada hər hansi bir cadu basdıra bilməzdi.
Məhkəmə qeyd edir ki, elə insanlar var, onlarda öncəgörmə qabiliyyətləri olur. Misal üçün, Nostradamusu, Vanqanı, gürcü xanımı Cunanı, azərbaycanlı Zirəddin Rzazyevi göstərmək olar. Zərəçəkmiş şəxsin xahişi əsasında caduların yerini aşkar etməyə qabiliyyəti olan təqsirləndirlən şəxs heç vaxt olmadığı bir həyətdə basdırılmış caduların yerini dəqiq göstərirsə, bu dələduzluq əməli deyil. Onları neçə aşkar edir, artıq bu onun işidir.
Bu qabiliyyətə görə şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Təqsirləndirlən şəxs müəyyən muzd qarşılığında xidmət göstərib və xidmət haqqı olaraq zərəçəkmiş şəxs təqsirləndirlən şəxsə 300 manat istədiyi təqdirdə 500 manat pul verib. Zərəçəkmiş şəxs 20 manatı da taksi fəaliyyəti ilə məşğul olan sürücüyə görə verib.