Sabiq baş diplomat Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycan-Ermənistan sərhədindəki son qanlı təxribatdan sonra sülh danışıqlarının hansı platformada davam etmə ehtimalı, Rusiya prezidenti Vladimir Putinin Haaqa məhkəməsi tərəfindən beynəlxalq cinayətkar elan edilməsindən sonra onun vasitəçiliyilə üçtərəfli görüşlərin mümkün olması şansı, Fransa prezidenti Makronun Çin səfəri zamanı verdiyi mesajlar, İranın Azərbaycana qarşı iradlarının, eləcə də Zəngəzur dəhlizinin açılmasına əngəl törətməsinin məntiqsizliyi və s. mövzuları müzakirə etməyə çalışdıq.
- Azərbaycan-Ermənistan sərhədindəki son qanlı təxribatdan az öncə erməni mediasında xəbərlər yayıldı ki, Nikol Paşinyanla İlham Əliyev arasında ilkin razılaşmaya görə, mayın ikinci yarısında baş tutmalı olan görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək...
- Ermənistanla sərhəddə onsuz da mütəmadi olaraq təxribatlar baş verir. Buna rəğmən danışıqlar prosesi hansısa platformada davam etdirilməlidir... Bu günlərdə beynəlxalq siyasət meydanında gələcəkdə bilavasitə Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ məsələsinə də təsir göstərə biləcək bir diqqətəlayiq və çoxdan ehtimal olunan hadisə baş verib. Belə ki, Fransa Prezidenti Makronun Çinə son səfəri zamanı verdiyi bəyanatları izləsək, görərərik ki, artıq bu dövlət yeni bir mövqe sərgiləməkdədir. Nəzərə almalıyıq ki, Breksitdən, yəni Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Fransa bir növ qitədə lider rolunu oynamağa çalışır. Makron Pekində belə bir bəyanat verdi ki, bizim maraqlarımız heç də həmişə ABŞ-ın maraqları ilə üst-üstə düşmür, bəzi məsələlərə müxtəlif baxışlarımız var və biz ilk növbədə öz maraqlarımızı qorumalıyıq. Yəni Fransa lideri bununla, bir növ, Çin rəhbərliyinə mesaj verdi ki, biz ayrı, Amerika ayrı... Hesab edirəm ki, rəsmi Parisin bu mövqeyini geo-siyasətin bir sıra istinqamətlərinə aid etmək mümkündür. Onu da qeyd etmək olar ki, bu, hazırkı mərhələdə Fransanın mövqeyidir. Bir çox hallarda həmin mövqeyin Avropa Birliyi daxilində digər tərəfdarları da ola bilər, onu qəbul etməyənlər də... Belə mövqe AB-də böhran yaradır. Əslinə qalsa, çoxqütblü dünya ideyası barədə Rusiyanın keçmiş baş naziri və baş diplomatı Primakovun tezisləri var idi. İndi isə təxminən, eyni fikirləri yalnız Rusiya siyasətçiləri deyil, həm də Fransa lideri dilə gətirir. Bu da çox maraq doğuran bir prosesdir və biz də bunu ciddi izləməliyik. Yeni Şərq-Qərb kommunikasiya və tranzit dəhlizinin Qafqazın, o cümlədən Azərbaycanın üzərindən keçməsi istər-istəməz bizə də həmin proseslərin təsirini büruzə verəcək. Yəni artıq böyük geosiyasi dəyişikliklərin anonsu verilib. Ona görə də sizin sualınıza qayıtdıqda və Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Vaşinqtonda, yaxud Brüsseldə olacağını düşünəndə biz bu dəyişiklikləri nəzərə almalıyıq. Düzdür, bundan öncə də bilirdik ki, Vaşinqton və Brüssel bizim üçün eyni geosiyasi məkan deyil. Fransa dövlət başçısının son bəyanatlarından sonra indi açıq aydın olur ki, bu məkanlar qətiyyən eyni deyillər... Eyni zamanda onu vurğulayım ki, Ermənistanla sülh sazişinin imzalanması ilə bağlı istər Vaşinqton, istər Brüssel, istərsə də Moskva platformaları arasında mahiyyət etibarilə ciddi fərq görmürəm. Hər üçündə ümumi bir mövqe var: sanki hamısı Qarabağ məsələsini mümkün qədər uzatmaq üçün müəyyən əsaslar axtarırlar. Ona görə ki, hər biri bu münaqişəyə regionu idarə etmək üçün bir rıçaq, mexanizm kimi baxır. Hansısa mərhələdə Azərbaycanın mövqeyi ya Brüssel, ya Vaşinqton, yaxud Moskvanınkı ilə üst-üstə düşə bilər. Amma strateji baxımdan onların mövqeləri eynidir...
- Rusiya Prezidenti Vladimir Putinin Haaqa Məhkəməsi tərəfindən beynəlxalq cinayətkar elan edilməsindən sonra onun vasitəçiliyi ilə həmişəki kimi Moskvada, yaxud Soçidə Azərbaycan-Ermənistan münasibətləri və Qarabağla bağlı üçtərəfli görüşlərin keçirilməsi baş tuta bilərmi? Tərəflər Putinin dəvətini qəbul etməkdə tərəddüd etməzlər ki?
Baş verənlərə rəğmən hələ də Rusiyada görüşlər istisna olunmur. Otuz ildən çoxdur ki, Rusiya Azərbaycanla Ermənistan arasında həm çoxtərəfli vasitəçilikdə, yəni ATƏT-in Minsk qrupu çərçivəsində, həm də üçtərəfli görüşlərdə vasitəçi kimi fəal iştirak edir. Məsələn, 1994-cü ildə atəşkəs barədə saziş Minsk qrupunun yox, məhz Rusiyanın fəal vasitəçiliyi ilə imzalanıb. Bütün bunları nəzərə alanda Beynəlxalq Haaqa Tribunalının Putin barədəki qərarının Kremlin vasitəçiliyi ilə görüşlərin təşkilinə hansısa təsir göstərəcəyinə inanmıram. Hesab edirəm ki, tərəflər də buna tərəddüd etməyəcək. Fransa Xocalı soyqırımının fəal təşkilatçı və icraçılarından olan Robert Köçəryana legion ordeni verəndə biz buna necə baxırdıq?.. Bizim maraqlarımız ondan ibarətdir ki, Rusiya bizim qonşumuzdur və istər-istəməz onunla hansısa siyasi-diplomatik əlaqələrdə olmalıyıq. Bəli, biz bu gün Ukrayna ilə həmrəyik, onun ərazi bütövlüyünü dəstəkləyirik. Biz Ukraynanın xətrinə dövlət olaraq sabah əlimizə avtomat götürüb kiminləsə açıq savaş apara bilmərik axı? Siyasətdə belə məntiq yoxdur... Olur, amma maraqlar uyğun olanda. Lakin dövlət olaraq biz mümkün qədər kənar müharibələrə qarışmamalıyıq...
- -Nəzəri olaraq hesab edək ki, Rusiya Güney Qafqazdan əlini çəkib. O cümlədən Qarabağdakı “sülhməramlı”larını və Ermənistandakı qoşunlarını da çıxarıb. Bu halda Qərb Azərbaycan-Ermənistan sülh müqaviləsinin ədalətli prinsiplərlə - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yəni Qarabağdakı ermənilərin statussuz-filansız ölkəmizin tərkibində qalması şərti ilə və s. imzalanmasına şərait yaradarmı? Yoxsa yenə müxtəlif əngəl və bəhanələrlə məsələni illərlə uzadarlar?
- Əlbəttə, yenə də çətinliklər çox olacaq... Qərb bir deyil. Yəni Avropada Fransa artıq tam müstəqil siyasət yeritməyə can atır. Digər tərəfdən, İran da öz dövlətçilik ənənəsinə uyğun olaraq Rusiyanın bölgədən əlini çəkəcəyi təqdirdə, ən azı, öz nüfuzunu orada gücləndirməyə çalışacaq. İndi İran kartı məhz buna görə istifadə olunur. Bu kartdan Rusiya da istifadə edir. İranın Ermənistanla müttəfiqliyi nəyə görə möhkəmlənir? Tehran gələcəkdə də Qafqazda öz nüfuzunun bərpası üçün ermənilərdən bir alət kimi istifadə edəcək. İndiyədək Rusiya deyirdi ki, Ermənistan mənim forpostumdur. Bundan sonra İran istəyir bunu desin. Ermənistan isə əslində köhnə oyunlarda oyunçu olmaqdan əl çəkmir...
– Ermənistanda Putinin bu ölkəyə gələcəyi təqdirdə həbs oluna biləcəyi ilə bağlı söz-söhbətlərdən sonra Paşinyanın yenidən Rusiyaya meyillənməsi məsələsinə necə yanaşırsınız?
- Ermənistan məcburdur o tərəf-bu tərəfə meyillənməklə oynasın. Bəzi erməni siyasi dairələri İranı önə çəkməyə hazırlaşırlar. Bu yaxınlarda bir erməni politoloq deyir ki, biz hərbi sazişi İranla bağlamalıyıq və xahiş etməliyik ki, həmin dövlət bir hərbi briqadasını Zəngəzurda yerləşdirsin, çünki Rusiya ölkəmizin təhlükəsizliyi üçün real bir iş görmür, Qərb isə uzaqdadır.
Yəni Ermənistan hazırda başını itirib və bilmir ki, hansı tərəfə baxsın. Belə çıxır ki, bundan sonra rəsmi İrəvan üçün əsas İran kartı olacaq. Rusiya bölgədən çəkiləcəyi halda artıq onu əvəz edən görsənir...
- İranın 4 diplomatının Azərbaycandan xaric olunması ərəfəsində rəsmi Tehranın ölkəmizdəki səfirini dəyişəcəyi haqda informasiyalar yayıldı. Lakin aprelin 11-də İran XİN rəsmilərindən biri bəyan etdi ki, Bakıdakı səfir dəyişilməyəcək. Sizcə, burada iki ölkənin xarici işlər nazirlərinin son telefon danışığının rolu olubmu?
- Səfirin dəyişilməməsi qərarının xarici işlər nazirlərinin telefon danışıqlarıyla bağlılığı çox cüzidir. İranın bizə qarşı iradlarının hamısı ziddiyyətlidir. Həmin iradlar rəsmi cəhətdən buna səlahiyyəti olmayan şəxslər tərəfindən səsləndirilir. Məsələn, “SEPAH”ın generalı durub bizə xarici siyasət dərsi keçir. Axı onun siyasətə dair İran dövlətinin mövqeyini bildirməyə səlahiyyti yoxdur. Yaxud hansısa dini lider Azərbaycana qarşı siyasi iradlar dilə gətirir. Xarici İşlər Nazirliyi bu günədək həmin prosesin kənarında olub. Bu mənada xarici işlər nazirlərinin geniş telefon danışıqları müsbət haldır. Ən azı baş verənlərə, dövlətlərarası münasibətlərə aydınlıq gətirilməlidir. Gah deyirlər ki İsraildə səfirlik açmısınız. Birincisi, Azərbaycan MDB ölkələri arasında İsraildə sonuncu səfirlik açan dövlətdir. İkincisi, İsrailin bizdə səfirliyi çoxdan vardı. Üçüncüsü, Azərbaycan xarici işlər naziri İsrailə səfərə gedəndə Fələstin muxtariyyətinin rəhbərliyi ilə də görüşüb. Bir daha bildirib ki, Azərbaycan BMT-nin qətnamələrinə uyğun olaraq Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Ramallahda Azərbaycan nümayəndəliyi açılması haqda qərar da verilib. Mahmud Abbas da rəsmi Bakının mövqeyindən razıdır. İran parlamenti bizi Fələstin xalqını satmaqda suçlayır. Çox məntiqsiz davranış və çıxışlar edirlər... Yəqin ki, xarici işlər nazirimiz də iranlı həmkarı ilə danışıqlar zamanı bu kimi sualları ona verib və verəcək. Yəni İran öz mövqeyinə aydınlıq gətirməlidir ki, biz də onun nə istədiyini anlayaq...
- XİN rəhbərlərinin danışığının məhz Rusiya Prezidenti V.Putinin köməkçisi İqor Levitinin Tehrana səfəri günü baş tutması təsadüfdürmü? Axı Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizinin işə düşməsini istəyən Moskva üçün Azərbaycan-İran münasibətlərinin normal olması vacibdir və Putinin köməkçisinin danışıqlarının əsas mövzusu da məhz Şimal-Cənub dəmir yolu olub...
- Bəli, ya Şimal-Cənub yolu işə salınmalıdır, ya da Zəngəzur... Hər halda İranın davranışları məntiqə uyğun deyil. Ruslar da onlardan soruşurlar ki, nə olub, nə istəyirsiz Azərbaycandan. İmkan verin alverimizi, ticarətimizi edək... Bəllidir ki, Rusiya Zəngəzur dəhlizinin işləməsində də maraqlıdır. Eyni zamanda Türkiyə də bunda maraqlıdır. Ermənistan özü də, hətta İran da maraqlıdır. Rəsmi Tehranın mövqeyində iqtisadi, siyasi məntiq görünmür axı. Deyirlər ki, bu, bizim şimala çıxış yolumuzdur. Bəs onda Azərbaycanla münasibətləri niyə pozursunuz? Rusiyaya mallarınızı haradan göndərirsiz? Ya Xəzərdən, ya da bizim ərazimizdən keçən quru yollarıyla... Bəs bunlar çıxış deyil? Ermənistan – Zəngəzur ərazisindən dağların arasından narahat bir yol var – guya bu, İranın şimala çıxış yoludur? Bu yol gedib çıxır həmin Gürcüstana... Yenə də heç bir məntiq yoxdur...
- Yəqin ki, nazirlərin danışığından sonra İranın Azərbaycana qarşı müharibəyə girişməsi ehtimalı sıfırlanar?
- Mən əvvəlcədən İranın Azərbaycanla müharibəyə girişmək ehtimalına inanmırdım. İranın buna gücü yetməz. O da aydın oldu ki, Azərbaycanla sərhəddə təlimləri bilavasitə İran ordusu yox, “SEPAH” keçirirdi. Yalnız bir dəfə ordu təlim keçirib. Yəni bu baxımdan İranın hərbi təlimləri daha çox təbliğat, ritorika məqsədi daşıyır. Tehran bu gün yaxşı başa düşür ki, Azərbaycana zərbə vurmaq Türkiyəyə zərbə kimi bir şeydir. Zəlzələ olub-olmayıb, fərq etməz. Yadınızdadırsa, , 2001-ci ildə hələ Türkiyə ilə aramızda rəsmi müqavilələr olmaya-olmaya İranın bir qırıcı təyyarəsi cənub sərhədlərimiz üzərində bir neçə uçuş edəndən dərhal sonra Türkiyə Bakıya “ayulduz”ların eskadrilyasını göndərdi və onlar Xəzər üzərində nümayişkaranə uçuşlar keçirərək Azərbaycanın yalnız olmadığını göstərdilər. Yəni aydındır ki, indi də İran “qırmızı xətt”i keçməz, çünki Türkiyənin əks-zərbəsinin dərhal vurulacağını yaxşı bilir. Biz hələ demirik, Pakistan kimi dostumuz, İsrail kimi müttəfiqlərimiz də bizə dəstək verəcək... Digər tərəfdən, Tehran rejimi onu da gözəl anlayır ki, ölkəsindəki 30-40 milyon azərbaycanlının orduda olan oğulları heç bir halda gəlib Ermənistana görə Azərbaycandakı qardaşlarına güllə atmayacaq. Bunun əksini, düşünmək tam ağılsızlıq olardı... //hafta.az//