Buqələmun xarakterlər: Güneydə turançı, Talıbov məsələsində "naxçıvanşünas" olanlar -
44 günlük Vətən müharibəsində Azərbaycan ordusu döyüş tapşırıqlarını yerinə yetirdi və hərbi qələbəni əldə etdi. Fəqət müharibədə əldə edilən dominantlığı diplomatik sahədə qazana bilməmişik.

Hərbi sahədə dominantlığa gələk. Qələbədən sonra Azərbaycan ordusu bir çox mövqeləri hətta şillə-təpiklə əldə etdi. Ardınca Fərrux, Sarıbaba, Qırxqız yüksəklikləri nəzarətə götürüldü. Bunlar nə zaman baş verirdi? O zaman ki diplomatiyada tıxac yaranırdı, sərt güc nəfəslik rolunu oynayırdı. Dərhal qarşı tərəf öz cəmiyyətinin belə tənqid etdiyi bəyanatlar verməyə məcbur olurdu.

Azərbaycan diplomatik sahədə istənilən nəticəni əldə edə bilmir. Prosesləri diqqətlə izləyənlər açıq şəkildə müşahidə edə bilər ki, qarşı tərəf hansısa addım atır, Azərbaycan buna yalnız cavab verməklə məşğul olur. Lap elə hazırda davam edən Şuşa-Xankəndi yolundakı aksiyanı götürək. Azərbaycanın nümayəndə heyəti lazım olan əraziyə getdi, onları sözdə narazı işçilər və ermənilər qarşıladılar. Azərbaycanlı fəallar da buna cavab olaraq aksiyaya start verdi. Problem burasındadır ki, Azərbaycan ictimaiyyəti də, bu sahə ilə məşğul olan qurumlar da ancaq həmin aksiyaya fokuslanıblar. Bu, sistemsizlikdən, heç kimin öz işi ilə məşğul olmamasından xəbər verir. Yəni dövlət hansı mesajı verirsə, hər kəs o istiqamətə yönəlir.

Azərbaycanla İran arasında gərginlik artan xətt ilə gedirdi. İş o yerə çatdı ki, rəsmi Bakı cənubdakı soydaşlarımızın hüquqlarından, onların azadlıqlarından danışdı və onları müdafiə edəcəyini bəyan etdi. Mətbuat, alimlər, vətəndaş cəmiyyəti nümayədələri, QHT-lər İrana fokuslandı. Alimlər, siyasətçilər, jurnalistlər danışdı, yazdı, ideyalar ortaya atdı. TV-lərin canfəşanlığından danışmağa belə gərək yoxdur. Mərhum prezident Elçibəy sağ olsaydı, əli üzündə qalardı. Çox gözəl! Sual olunacaq ki, Şuşa-Xankəndi yolundan İrana necə keçdin? Niyəsi çox sadədir. Şuşa-Xankəndi yolundakı aksiya ilə cənubdakı problemdən nə danışan var, nə yazan, nə də göstərən. Bunun adı sistemsizlik deyil, bəs nədir?

Dövlət hansı istiqamətə mesaj verirsə, ancaq həmin sahəyə yönəlmə var. İxtisaslaşma şərtdir! Müharibə vaxtı da bunun çox şahidi olmuşuq. Hərblə yaxından-uzaqdan əlaqəsi olmayan quruma zəng edib söz soruşurduq, deyirdi, başımız müharibəyə qarışıb. Bir neçə mətbuat xidmətinə hətta telefonda da demişdim ki, müharibədən sizə nə? Cəbhədəsən? Yox! Ordu ilə bağlı hansısa iş görürsünüz? Yox! Qardaş, bəs sənin başın müharibənin harasına qarışıb? Cavab yoxdur…

Təkcə dövlət qurumları belə deyil axı. Elə vətəndaş cəmiyyəti nümayədələri, QHT-lər, jurnalistlər də bu gündədir. Müharibə olur, hamı hərbə yönəlir, dünya çempionatı olur, hamı futbola, İranla bağlı mesaj verilir, cənuba, Şuşa-Xankəndi yolunda aksiya olur, Şuşaya, Zəngəzur dəhlizi ilə bağlı dövlət mövqe ortaya qoyur, hər kəs Zəngəzura yönəlib dəhlizçi olur, xəyali yollar açır.

“Azərbaycan yumşaq gücü davam etdirməlidir”, – deyirik. Necə? Təkcə Şuşa-Xankəndi yolundakı aksiyanı davam etdirməklə? Düşünmürəm! Azərbaycan tərəfi təşəbbüsü ələ almaq üçün gedişləri artıq özü etməlidir. Misal üçün qanunsuz erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bağlı vaxt verilə bilər. Ardınca cinayətlərdə əli olanların beynəlxalq axtarışını təmin etmək olar. İşıqla, qazla, su ilə bağlı müxtəlif addımlar atmaq olar. Təkcə bu da deyil. Qarabağdakı mədənlərdə işləyən xarici şirkətlərlə bağlı da müxtəlif işlər görmək mümkündür. Ermənistan tərəfinin vurduğu ziyana görə təzminat ödənilməsi ilə bağlı beynəlxalq qurumlara, məhkəmələrə mürciətlər etmək mümkündür. Qısacası, o qədər fərqli istiqamətlərdən hücumlar etmək olar ki, qarşı tərəfin başını qaşımağa belə vaxtı qalmaz. Bunun hərəsini bir qurum öz üzərinə götürsə, nəinki Şuşa-Xankəndi yolundakı aksiyanı davam etdirmək olar, cənubdakı soydaşlarımızın hüquqları ilə bağlı da müzakirələri davam etdirə bilərik.

Son günlər Naxçıvanda ciddi dəyişikliklər baş verir. İndi də hər kəs naxçıvanşünas olub.

Bir neçə kəlmə də Naxçıvanda baş verənlər barədə. Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin getdiyi deyilir, hətta layihənin 2024-cü ildə bitəcəyi açıqlandı. Layihənin Azərbaycandan keçməsi Azərbaycanın olması anlamına gəlmir. Çindən gələn mallar Londona qədər gedəcək, milyardlar məlum yolla axacaq və Naxçıvanda xan idarəetmə üsulu davam edəcəkdi? Bu qədər saf ola bilməzsiniz.

Heç kəsə sirr deyil ki, tez-tez yön dəyişdirənlər, hər tezis uğrunda can qoyanlar ələbaxanlardır. Bunları başa düşürük. Bəs ixtisaslaşmış qurumlar, təşkilatlar, şəxslər niyə bu qədər ağızabaxımlılıq edir? Bu cür davranışlar cibə xeyir edə bilər və edir də! Bunun ictimaiyyətə və dövlətə vurduğu zərəri kim düşünəcək?

Səxavət Məmməd
 
 
 

Dünyapress TV

Xəbər lenti