Maraqlar və dəyərlər
“KTMT”-nin son iclasından ÖNCƏ dəyərli dostum Rusif bəyin proqramında Belarusun Azərbaycan əlehinə hansısa qərarın qəbul olunmasına mane ola biləcəyini söyləmişdim, “Batka” sözümü yalan çıxartmadı, son iclasda Azərbaycan əlehinə qərarların çıxmaması üçün çıxış etdi (cəmi 1 dəqiqə 40 saniəlik videodur, izləyin).
Dövlət maraqları və dəyərlər arasında incə cizgi var - əgər hansısa siyasi təşkilat gələcəkdə ölkə idarə etməyi istəyirsə, bu incə cizgini tutmağı bacarmalıdır.
Xatırlayırsınızsa, 2020-ci ilin yayında Belarusda xalqın bir hissəsi etirazlara qalxdı, o zaman bizdə siyasi təşkilatların bir çoxu “QHT yanaşması” ortaya qoydular, halbuki, Sivil Toplum həmişə, DAİM dəyərləri önə çəkməlidir, çünki normalda onların siyasi ambisiaları yoxdur, istənilən hökumətin, hətta ən demokratik hökumətin belə, sözün əsl mənasında, tənqidçisi və yolgöstərəni olmalıdır.
O zaman Erkin Qədirli bir post yazmışdı, dəyərli analiz idi, məğzi də bu idi ki, Belarusda avroritar rejimdi, amma bu rejimi tanıyırıq, bəs ona müxalif olanlar kimdi, onlar qalib gəlsələr Azərbaycana münasibətləri necə olacaq – bu sualların cavabını bilmirik. Həmişə olduğu kimi sunqun çoxluq bu yazını normal qarşılasa da, səs-küylü azlıq Erkini “topa tutdu”. İndiki durum Erkinin yenə də haqlı olduğunu göstərdi. Sonradan dəfələrlə bu mövzunu ictimai müzakirələrə açdıq, hətta bir neçə İnternet TV-lərdə debatlarda da oldum, izah etməyə çalışdım, amma yenə də susqun çoxluq bəyənsə də, səs-küylü azlıq cığallıq etməkdə israrlı oldu. Xatırlayırsınızsa, 2020-ci ilin yazında Lukaşenko ilə Putinin münasibətləri çox gərgin idi, kim istəsə həmin dönəmdə Lukaşenkonun Ukraynalı jurnalist Qordona müsahibəsinə baxa bilər (linki şərhlərdə olacaq) – “Batka” açıq mətnlə Rusiyanı tənqid etməklə yanaşı Qərbə də mesaj verdi ki, onlarla işləməyə tam hazırdır. Amma Qərb bu mesajı eşitmədi, Kremlin məhz elə Lukaşenkonu diz üstə qoymaq üçün “müxalifət” yaratdığını anlamadı, “Batkanın” seçkilərdə əsas rəqibi Viktor Babariko idi – bankir, Rusiya “QazpromBankının” Belarus filialının 2000-ci ildən 2020-ci ilə, həbs olunduğu dövrə qədər rəhbəri olmuş Babariko birbaşa Kremlin adamı idi, 20 il QazpromBankın Belarusda faəliyyət göstərən törəmə bankının rəhbəri olmaq özü çox şeydən xəbər verir. Bu günə qədər də Babariko türmədədir, hələ də Lukaşenko onu azadlığa buraxmır, çünki Rusiyanın adamı olduğunu bilir.
Digər rəqibi isə Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovskiy idi – bloqu vardı, ölkədə 2 gecə klubunun sahibi və biznesmen, varlı bir şəxs idi. İndi onun həyat yoldaşı Svetlana xanımı PR edib önə çəkdilər, hansı ki, özü Lukaşenko ilə danışıb xaricə çıxışına icazə almışdı, “Batkaya” da belə “rəqib” sərf edir.
2020-ci ildə bizi kəskin tənqid edən səs-küylü azlıq anlamadı ki, əgər o zaman Qərb Belarusla bağlı düzgün strategiya qura bilsəydi, bəlkə də, bu gün Rusiyanın Ukraynaya vəhşi hücumu da olmazdı, olsaydı belə, işğalın ilk günlərində Rusiya ordusu Kiyevə tərəf gələ bilməzdi - hətta bu gün, işğalı 9-cu ayı gedən zaman belə Lukaşenko tam Rusiyanın dediklərini etmir, birbaşa münaqişəyə girməkdən ölkəsini yayındıra bilir.
Xülasə, Dövlət maraqlarını anlamaq, strateji düşüncə, fotonun tamamını görmək bacarığı siyasi təşkilatlarda mütləq olması gərək keyfiyyətlərdir. Sivil Toplum isə başqa cür davranmaqda haqlıdır, doğrudur, amma bu davranışı da siyasi təşkilatlardan zorla tələb etməməli, dövləti idarəetmək üçün çalışan siyasi təşkilatlardan özlərinə yaxın davranış görməyəndə isə onları aşağılamamalıdır.
Siyasət qəliz və ağır bir işdir, məsuliyyətdir, bunu hamı anlamalıdır. Siyasi təşkilatlar, hakimiyyətə iddialı partiyalar isə hökumət kimi düşünüb-davranmağı indidən bilməli, amma dəyərlər və prinsiplərindən də vaz keçməməyi bacarmalıdırlar – dediyim kimi, bu çox incə bir cizgidir, iddialı partiyalar bu cizgidə yürüməyi öyrənməlidirlər...
Natiq Cəfərli
Teref.az
 
 

Dünyapress TV

Xəbər lenti