Bakıda sənədsiz torpaqları satanlar və bunu gəlir mənbəyinə çevirənlər kimdir?
Şəhərətrafı qəsəbələrdə baha qiymətə torpaq alıb min bir əziyyətlə ev tikmiş insanlar çıxılmaz vəziyyətdə qalıb.
Birinci, bu torpağı satanlar kimlərdir?
Bu torpağı satanlar HEÇ KİMDİR. Ona görə milyonlarla insanın yaşadığı Bakıətrafı qəsəbələrdə yollar yalnız bir maşının keçə biləcəyi endə, məhəlləarası küçələr isə yerli-dibli olmur. Burada digər şəhərsalma prinsipləri də kobud şəkildə pozulur. Onlar dövlətin torpağını özbaşına sata bilərlərmi? Yox. Deməli, torpağı vətəndaşlara on qat bahasına satan Dövlətdir. O pullar büdcəyə getmir, birbaşa korrupsionerlərin ciblərinə axır.
Qanunvericilik həmin torpağı satanlar tərəfindən elə tənzimlənib ki, Bakı şəhərində qanuni ev tikmək mümkün deyil. İcra hakimiyyətinə mütləq rüşvət verməli, kommunikasiyalara qoşulmağı isə öz cibinin hesabına reallaşdırmalısan.
TEREF.AZ yazır ki, bunu tanınmış yazarımız Səfər Alışarlı deyir. Səfər bəy daha sonra fikrini davam etdirərək deyir:
Evlərin sənədləşdirilməsi özlüyündə detektiv bir oyundur. Evi bu gün özəlləşdirmək istəyirsənsə, ən azı bir paçka yüzlüyü cibinə qoyub getməlisən əmlak komitəsinə. Bir aya çıxarışın hazır olacaq. Pulsuz getsən, çox şey deyəcəklər, onların içində ən başlıcası odur ki, guya tezliklə, bir-iki aya prezidentin bu məsələ ilə bağlı xüsusi sərəncamı olacaq və onda... Bu sözü üçüncü onillikdir ki, eşidirik.
Necə olur ki, Əmlak komitəsinin sənədləşdirmə ilə məşğul olan avtobusları, məsələn, Gədəbəyin ucqar kəndlərini gəzib camaatın özəlləşdirmə problemlərini həll edir, amma burdan-bura, məsələn, Balaxanıya, Binəyə gələ bilmir?
Çıxarışsız evə pasport qeydiyyatına düşmək də bir ayrı problemdir. Polis deyir ki, onların qeydiyyat səlahiyyəti əllərindən alınıb. Odur ki, gedin məhkəməyə.
Məhkəmənin də dediyini bilirsiniz.
Səfər Alişarlı
Teref.az
 

Dünyapress TV

Xəbər lenti