Donbass vilayətindəki Baxmut şəhərində amansız döyüşlər gedir. Ukrayna silahlı qüvvələri geri çəkilmir. Ukraynalılar burada uğur qazanacağı halda Luqansk vilayətinə istiqamət almağı planlaşdırır. Rusiya isə diqqəti buradan yayındırmağı qarşısına məqsəd qoyub. Bunun üçün də Belarus ərazisindən birləşmiş qüvvələrlə Kiyevə və Çerniqova hücum planlaşdırılır. Gün ərzində paytaxta İran dronları ilə ciddi həmlələr endirilib. Teref.az xəbər verir ki, rusiyalı politoloq Andrey Piontkovski Müdafiə naziri Sergey Şoyquya qarşı ciddi koalisiya yarandığını deyir. O, Federal Təhlükəsizlik Xidmətinin əsas fiqurlarından sayılan İqor Qirkinin, oliqarx Yeqor Priqojinin və Çeçenistanın rəhbəri Ramzan Kadırovun adını çəkir. Piontkovskinin fikrincə, bu şəxslər Şoyqu ilə yanaşı, Baş Qərargah rəisi Vladimir Gerasimovu da vəzifədən uzaqlaşdırmağa çalışırlar. Rusiyalı politoloq əmindir ki, Şoyqu ilə Gerasimovu hədəfə alanlar daha uzağa gedəcəklər.
“Əgər Putin Baş Qərargahı rəisini günahkar çıxarmaqla özünü xilas etmək istəyirsə, Qirkinlərin, Priqojinlərin və Kadırovların kollektivinin daha geniş proqramı var. Onlar həm Baş Qərargah rəisini, həm də Putinin özünü günahkar elan etmək istəyirlər”.
Rusiyalı politoloq hesab edir ki, bu, Rusiya daxilində hesablaşmanın mümkün ssenarilərindən biridir. Amma istənilən halda Ukraynadakı məğlubiyyətə görə məsuliyyət daşıyanlar müəyyənləşdirilməlidir.
“Rus elitasının darmadağın edilməsi Rusiyada vətəndaş müharibəsinin ilk mərhələsidir. Son mərhələ sağ qalanlar cəbhədən qayıdıb silahları Kremlə doğru çevirəndə gələcək”.
Piontkovski əlavə edib ki, Putin səfərbərlik elan etməklə çox təhlükəli sosial bomba hazırlayıb. Onun fikrincə, Xersonun işğaldan azad edilməsi Putin rejiminin çöküşünü gətirəcək. Politoloq əvvəllər də bu fikri səsləndirmişdi. Piontkovski əmindir ki, uzağı gələn həftə Ukrayna silahlı qüvvələri Xersona nəzarəti tam bərpa edəcək.
Rusiyada səfərbərlik sentyabrın 21-də elan edilmişdi. İndiyə qədər 200 mindən çox çağırışçı cəbhə bölgəsinə göndərilib. Onların arasında azərbaycanlılar da var. /Bizimyol.info/