Əhalinin sosial durumu sosial şəbəkələrdədir – Bəs siz nəyə lazımsınız?
SSRİ illərində “çekist təqibi”nə görə insanlar ağızlarına su alıb dinməzcə qalır. Bəzi haqsızlıq və sosial problemlərə susmalı olurdular. Etiraz qurdlarını repressiya qurbanları olmuş Müşviqlərin şeirlərini oxumaqla öldürürdülər.
KONKRET.az xəbər verir ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra 1993-ə kimi reket jurnalistikası hökm sürdü. Lakin 1993-cü ildən sonra azad söz və mətbuat azadlığı, daha sonra senzuranın ləğvi bu sahənin inkişafına yol açmalı idi.
Bəli, yol açmalı idi ki, dördüncü hakimiyyət – jurnalistlər əhali arasındakı problemlərdən hökuməti xəbərdar etsin, ölkə rəhbərliyi də bu çətinliklərin aradan qaldırılması naminə işlər görsün. Düzdür, hazırda bəzi informasiya resurslarının bu istiqamətdə fəaliyyəti var. Müəyyən məmur özbaşınalıqları, sadə vətəndaşların problemləri vaxtaşırı işıqlandırılır. Lakin bütün bunlar hər zaman kifayət etmir. Ona görə də Azərbaycan hökuməti kadr islahatları aparır ki, əhalinin rifah şəraiti daha da yaxşılaşsın.
Amma…
Nədənsə yeni təyin olunan rəis, direktor, sədr və nazirlər əvvəlcə xalqın yox, öz güzəranlarını düzəltməyə başlayırlar. Durumlarını o qədər səhmanlayırlar ki, hətta sosial mediada gedən məlumatlarda bəzi məmurların qısa zamanda oliqarxlaşdığı iddia olunur. Yəni əhalinin rifah şəraitinə ayrılan pullar səlahiyyətli şəxslər tərəfindən mənimsənəndə camaatın dolanışığı düzələ bilməz. Nəticədə harın məmurlar artır. Hansısa milyonçu vəzifəlilərin katibələri ən pis halda son buraxılış “BMW” idarə edir, müharibə veteranları isə “NAZ Lifan” sürür. Çörək pulu üçün süpürgəçilikdən tutmuş ən ağır başqa işlərə kimi görən ahıllar bəzən yuxularını təmizlədikləri parkın skamyalarında, biixtiyari formada evə qayıdarkən metro oturacaqlarında alırlar. Halbuki təqaüdçüdürlər və aldıqları aylıq məbləğ məntiqlə onların bütün ehtiyaclarını ödəməlidir. Bəli, məntiqlə. İnflyasiya ilə yox.
Millətin vəkilləri!
Millətin problemlərinin həllində onların səs verib seçdikləri millət vəkilləri parlamentdə məsələ qaldırmalı, yeni qanun layihələrini müzakirə və təklif etməlidirlər. Bunun üçün isə müxtəlif komitələr mövcuddur. Məsələn son günlərin bahalaşması fonunda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin Zəngəzur yazıları tirajlanıb, onun müavini Məlahət İbrahimqızı Ukraynada günahsız yerə saxlanılan Misir Qasımlının problemini qaldırıb, Ukraynadakı səfirimiz Elmira Axundovanı bu istiqamətdə fəaliyyətsizlikdə tənqid edib. Bəli, hər iki mövzunun Azərbaycan üçün gündəmdə saxlanılması mühümdür. Amma sadalananların heç biri nə sosial rifah, nə də iqtisadi narahatlıqdır. Həmin komitədəki Səttar Möhbalıyev haqqında isə bu ilin əsas sualı belə olub:
Maaşımızdan pul tutan Həmkarlar İttifaqları nə iş görür?
Hər çağırışda deputat olan Ziyad Səmədzadə də həmin komitədədir. Sosial problemlərdən daha çox digər komitələrin üzvləri bəhs edir. Onsuz da barmaqla sayılacaq həmin millət vəkillərini millət tanıyır. Məqsəd kiminsə fəaliyyətsizliyinin tənqidi deyil. Çünki bəzən bahalaşma kimi mənfi gerçəklər parlamentdə qabardılır. Amma vəziyyət dəyişməz olaraq qalır, yəni qaldırılan məsələ həll olunmur.
Mədəmizə görə yaşayırıq?
Elə bil ki, hamı hökumətin minimum əmək haqlarını qaldırmasını və Tarif Şurasının qiymətləri artırmamasına ümid bəsləyir. Hamı dediklərimin içində mövcud vəziyyətə təsir edə biləcək vəzifəlilər də var. Ötən yazılarımın biri evində soyuducu və televizor olanları kasıb saymayan deputatın fikrinə həsr olunmuşdu. İqtisadçı geniş təhlilindən sonra bildirmişdi ki, Azərbaycan əhalisi qazancının 50-55 faizini ərzağa xərcləyir. Bu isə əksər insanların kasıb olduğu deməkdir. 800 manatlıq maaşla hesablasaq, 50 % 400 AZN pul edir.
Doğrudan da, ac yatmamaq üçün bir həftəlik bazarlıq ən azı 100 manat civarındadır. Bir ay isə 4 həftədən ibarət olduğu üçün insanlar yemək üçün azı 400 manatlarını xərcləməlidirlər. Minimum əmək haqqıdan 100 manat çox. Vergiləri, dərman, digər gündəlik tələbatları hesablayanda ayın axırına qəpik-qüpük qala, qalmaya. Allah kərimdir. Bir aya 2-3 toy (bədbəxt hadisə, səhhət problemi və s.) məsrəfləri də çıxanda isə insanlar borca girməyə məcbur qalır. Sanki camaatı yüksək faizli kreditlərə vadar edirlər. Broyler rejimindən çıxa bilməyən kasıb millətin vəkili də qayıdır ki, quzu əti ziyandır. Bu, mal və qoyun əti yeyə bilməyənlərə primitiv təsəllidir.
Təskinlikdənsə, gömrük rüsumları ilə bağlı təkliflər verilsə, bəlkə də seçicilər qutuya atılan səslərinin halallığını verərdilər. Gömrük rüsumları yüngülləşən təqdirdə isə monopolist biznesmenlər xaricdəki müəyyən bazarlardan 1-2 manata aldıqlarını 10-30 manat civarında satmasalar xalq maaşının yarısını ərzağa xərcləməz. Kasıb adı üstümüzdən düşərdi. Bir də gördün, Xəzərin sahilində yaşayanlar nə vaxtsa əsl kürü də yeyə bildilər.
Bəlkə də bu ölkə “çörək bol olsa, yenilməz vətən” əsrindən çıxdı. Bəlkə…
KONKRET.az-ın Analitik Qrupu