Oktyabrın 11-i Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" mövzusu müzakirə edilib.
Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov AŞPA-nın qərarını alqışayıb:
"Məruzəçisinin iki illik mandatı olacaq. Azərbaycanda jurnalistlərin, tənqidi səslərin boğulmasının qarşısının alınması üçün sanki bir institut yaranır. Bütün jurnalistlər, bloqerlər, ölkə daxilində, ölkə xaricində olan siyasi fəallar hamısı onları müdafiə edə biləcək, bəyanatlarla çıxış edə biləcək yeni bir tərəf əldə edir".
AŞPA-nın Hüquq məsələri və İnsan Hüquqları Komitəsinin üzvü olan deputat Erkin Qədirli məsələnin qoyuluşu ilə razı olmadığını bildirib:
Problem var, yanlış anlaşılmasın. Problem araşdırılmalıdır, ciddidir. Jurnalistlərin müdafiəsi önəmli məsələdir. Ancaq burda hazırlanan mətn çox zəifdir, yersizdir və heç problemə aidiyyatı yoxdur".
Hüquq məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycandan olan digər üzvü, müzakirələrdə iştirak edən Yeni Azərbaycan Partiyası deputatı Kamal Cəfərov qərəzli yanaşma olduğunu deyir:
"Bilirsiniz, hər ölkənin öz daxili problemləri var. Azərbaycan da, o cümlədən, istisna deyil. Ancaq siz də yaxşı xatırlayırsınız, bir neçə ay bundan öncə erməni minaları nəticəsində azərbaycanlı jurnalistlər həlak oldu, həyatlarını itirdilər. Mən çox istərdim ki, həmin jurnalistlərlə bağlı burda çıxışlar olsun, qətnamə təşəbbüsləri olsun, kənar dinləmələr və tədbirlər keçirilsin. Amma çox təəssüf, bunu görmürük".
"Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" haqqında AŞPA-nın bir qrup deputatı yaz sessiyasında qətnamə layihəsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs sənədində deputatlar jurnalist və LGBT fəalı Əvəz Hafizlinin öldürülməsinə, bloger və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin oğurlanmasına, habelə Azərbaycanda və xaricdə araşdırmaçı reportyorlar üçün təhlükələrə istinad ediblər.
Məruzəçi Hanna Bardell növbəti iki il ərzində mövzunu araşdıraraq AŞPA üçün ətraflı hesabat və qətnamə layihəsi hazırlayacaq.
amerikaninsesi