Sülh prosesini dalandan çıxarma yolu:
Azərbaycanla Ermənistan bir yandan sülh və delimitasiya prosesinin həyata keçirilməsi üçün razılaşır, təkliflərə açıq olduqlarını bəyan edir, digər tərəfdən isə sərhəddə atəşkəs pozulur.

Bunu həm münaqişənin qalıqları kimi qiymətləndirmək olar, həm də qarşı tərəfin və maraqlı güclərin təzyiqi kimi də.

Azərbaycan tərəfi demarkasiyanı həll etdiyi üçün sahədə qazandığını masada təmin etməlidir. Artıq bundan sonra bütün güc diplomatların üzərinə düşməlidir. Son sərhəd toqquşmasından sonra hər iki tərəfin cəmiyyəti artıq müharibə ab-havasından çox uzaqdır. Əslində, son sərhəd toqquşmasına gətirib çıxaran təxribatı planlaşdıran güclərin məqsədlərindən biri həm də bu ola bilər. Təbii ki, başqa məqsədlər də olmamış deyil. Misal üçün, Ermənistan ərazisində yeni münaqişə ocağının yaranma ehtimalı da vardı. Azərbaycan ordusu sadəcə vaxtında və yerində durmağı bacardı. İndiki mövqelərdən bir qədər irəli artıq yaşayış məntəqələri demək idi. Bu isə yeni müharibə dalğası və yaxud yeni münaqişə ocağı kimi qiymətləndiriləcəkdi.

Məsələ ondadır ki, Azərbaycan tərəfi uzun zaman idi ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı bölgə ilə bağlı rəsmi olaraq heç bir açıqlama vermirdi. Ən son rəsmi Bakı həmin ermənilərin öz vətəndaşı olduğunu və onlarla bağlı məsələnin də daxili işi olduğunu bəyan etdi.

Əslində, proses elə bir həddə gəlib ki, Ermənistan, demək olar, Qarabağdan tamamilə qopub, Qarabağ xərçəngini kəsib atıb. Bu baxımdan, Azərbaycan tərəfinin əli daha güclüdür, ancaq ərazidə Rusiya qüvvələrinin olması müəyyyən suallar yaradır. Azərbaycan ermənilərlə necə danışmalıdır? Hər nə olmasından aslı olmayaraq, təmas qaçınılmazdır. Rəsmi Bakı ya özünə ermənilər içərisində bir masada oturmaq üçün mənbə tapmalıdır. Ya da dolayısı ilə işlər görməlidir. Arayik Arutyunyan Azərbaycan üçün mənbə ola bilməz. Çünki onun cinayət əməlləri və Azərbaycana qarşı məlum iddiaları var. Bundan əlavə, Azərbaycan prokurorluq orqanları Arayikin məhkəmə qarşısına çıxarılacağını bəyan etmişdi. Hərbiqarşısına də mümkün görünmür. Çünki hərbi müdaxilə zamanı itkilər və ya böyük köç problemlər yarada bilər. Rusların ərazidə olması da hərbi müdaxiləni imkansız edir. Qalır sivil üsullar. Misal üçün Şuşada yerli kanalın açılıb erməni dilində verilişlərin verilməsi mümkün ssenaridir. Rəsmi Bakı əlindəki imkanlardan istifadə edərək kənar yayımları dayandırıb özünü bu məkana yerləşdirməlidir. Bu elə bir şeydir ki, bunun üçün nə rusu, nə də hansısa bir ölkəni nəzərə almağa gərək var. Birbaşa təmasın çətin olduğunu nəzərə alsaq, Azərbaycan dolayı yollara əl atmalıdır. Hər iki tərəfin qanlı keçmişi var. Bunun üçün xeyli sayda layihələr həyata keçirilməlidir. Kitablar yazılmalı, filmlər çəkilməlidir. Bu, “Yaradılış” dastanını deyil ki, “ol” deyincə olsun.

Təkcə siyasi, geosiyasi yox, həm də cəmiyyətlərin hazırkı vəziyyəti də imkan verir ki, təməllər atılsın. Hər iki tərəfdən buna qarşı çıxanlar, satqınlıqda ittiham edənlər olacaq. Həmin erməni əhalisinin Azərbaycana adaptasiyası üçün də qurbanlar lazım olacaq. Bu dəfə qurban dedikdə qan, şəhid nəzərdə tutmuram. Söyüləcək, təhqir ediləcək, satqın adlandırıla biləcək qurbanlar. Niyə bu qədər ağır? Çünki Azərbaycanda erməni sözü söyüş, təhqir kimi istifadə edilir, erməni tərəfdə isə türk sözü öldürülməli, yandırılmalı düşmən anlamı verir. Üstəgəl, müharibə travmaları.

Bütün bunları nəzərə alanda proses düşünüldüyü qədər də sadə və asan deyil.

Proses niyə bu qədər çətin görünür? Çünki hər iki cəmiyyətin təhsil və mədəni inkişaf səviyyəsi hər keçən il irəli getmək yerinə, daha da geriləyir. Əslində, tərəflər silaha, sursata yatırım edib, ancaq müharibədən sonrakı sülhə heç bir investisiya qoymayıb. Buna görə də proses bu istiqamətdə dalana dirənib. Problemi həll etməyin başqa bir yolu da Qafqazsayağı olardı. Yəni Azərbaycan tərəfi işğaldan azad etdiyi yerlərə əhalinin köçməsini təmin edir və proses təbii yolla həllə qovuşur. Bu da vaxt alacaq cinsdən həll yolu sayılır.

Məsələ ondadır ki, bölgədə hər kəs sülh istəmir. Sülh istəməyənlər üçün də nə erməni, nə türk, nə itkilər maraqlıdır, bunlar onlar üçün sadəcə olaraq statistikadır.

Sülh, müharibə, maraqlar, qazanclar, layihələr, oyunlar – bunların fonunda biz nə istəyirik? Öncə bunun qərarını vermək lazımdır.

Səxavət Məmməd

www.yenicag.az
 
 
 

Dünyapress TV

Xəbər lenti