İlk mərhələdə Kremlin Ukraynaya nüvə zərbəsinə cavab reaksiyası nəticəsində Rusiya savaşan ordusunu və Qara dəniz donanmasını itirəcək… Kreml Avropa məkanına nüvə zərbəsi endirməyə cəsarət edərsə, fəlakət zonası qat-qat genişlənib böyüyəcək, bu haldasa, NATO-nun məhz Rusiyanın əhali sıxlığı olan qərb ərazilərini vura biləcəyi ehtimal olunur…
Dünya dövlətləri böyük bir dilemma qarşısında qalmış kimi görünürlər. İndi Qərb siyasi dairələri əsasən, bəşəriyyət üçün olduqca önəmli xarakter daşıyan yeganə suala cavab tapmağa çalışırlar: Nüvə müharibəsi olacaqmı, əgər, bu, baş verəcəksə, hansı şəraitdə reallaşacaq? Və hələlik bu suala məntqli, birmənalı cavablar mövcud deyil.
Ancaq buna baxmayaraq, indi Qərb siyasi dairələri də qətiyyən şübhə etmirlər ki, dünya hazırda nüvə müharibəsinə heç vaxt olmadığı qədər çox yaxındır. Yəni, Rusiya da daxil olmaqla, əksər nüvə dövlətləri hər an o qorxunc “düymə”yə basa bilərlər. Ondan sonrasa, heç bir dövlət üçün geriyədönüş şansı qalmayacaq.
Təbii ki, belə vəziyyətdə Qərb siyasi dairələrində Rusiyaya hansısa güzəştlərin qaçılmaz ola biləcəyi də müzakirə edilməyə başlandığı vurğulanır. Çünki, Kremldə Rusiyanın Ukrayna savaşında məğlub olması ilə barışmayacaqları artıq hər kəsə aydındır. Putin hakimiyyətinə mütləq hərbi qələbə lazımdır. Ona nail olmaq üçünsə, Kreml istənilən ən yolverilməz və taleyüklü addımı atmağa hazırdır.
Qərb xüsusi xidmət servislərinin əldə etdiyi məlumatlara görə, Kremlin qismən səfərbərlik elan etməsi hazırda vaxt qazanmaq və vəziyyəti nisbətən dəyişmək məqsədi güdür. Tezliklə, Rusiyada ümumi səfərbərlik də elan olunacaq. Bundan sonra da Rusiya Ukrayna savaşında öz hədəflərinə çatmazsa, bu halda, Kreml sahib olduğu son vasitəyə - nüvə silahına əl atacaq.
Halbuki, Rusiyanın nüvə silahından istifadə etməsi bütün dünya üçün böyük fəlakətə yol aça bilər. Kreml hələlik mövcud situasiyada nüvə faktorundan Rusiyanın beynəlxalq rəqiblərinə qarşı təhdid və şantaj məqsədilə istifadə edir. Yəni, bu şantaj faktoru sayəsində Rusiyanın hədəflərinə çata biləcəyinə hələ də ümid bəsləyir.
Rusiyanın hazırda ilk hədəfi Ukrayna savaşından mümkün qədər tez bir zamanda çıxmaqdan ibarətdir. Çünki, Rusiyanın yalnız hərbi deyil, bütün sahələr üzrə resursları tükənmək üzrədir. Rusiya artıq Ukrayna savaşının ağırlığına tab gətirməkdə çətinlik çəkir. Hətta böyük ehtimalla Rusiya yaxın bir neçə ay ərzində bütün sahələr üzrə daxili kollaps ilə də üzləşə bilər.
Ona görə də, Rusiya Ukrayna savaşından tez-tələsik, ancaq müəyyən üstünlüklərlə çıxmaq niyyətindədir. Ən azından Kreml Ukraynanın işğal olunmuş ərazilərini öz əlində saxlamağa iddialıdır. Çünki əks halda, Putin hakimiyyəti Ukrayna savaşında verilən çoxsaylı canlı qüvvə və hərbi texnika itkilərini, ümumiyyətlə, məğlubiyyəti Rusiya cəmiyyətinə izah edə bilməz.
Bütün bunları nəzərə aldıqda, Rusiyanın Ukrayna savaşının hansısa mərhələsində - daha dəqiq desək, məhz məğlubiyyətin qətiləşdiyi anda nüvə silahından istifadə edə biləcəyi ehtimal olunur. Əgər, Rusiya belə bir addım atarsa, hətta taktiki nüvə silahı ilə zərbə belə, yüzminlərlə insanın həyatı bahasına başa gələ bilər. Halbuki, dünya dövlətləri də bunu Rusiyaya qətiyyən bağışlamazlar.
Onu da qeyd edək ki, ABŞ başda olmaqla, əksər Qərb ölkələri öz vətəndaşlarını Rusiya ərazisindən artıq çıxartmağa başlayıblar. Bu addım müəyyən mənada, yaxınlaşdığı ehtimal olunan nüvə savaşına ilkin hazırlıq da hesab edilə bilər. Və bu, o deməkdir, Qərb siyasi dairələrində nüvə savaşı ilə bağlı ehtimallar tamamilə ciddiyə alınır.
Həmin ehtimallara görə, Rusiya ilk nüvə zərbəsini məhz Ukrayna ərazisinə endirmək niyyətindədir. Buna veriləcək cavab reaksiyasına uyğun olaraq, növbəti nüvə zərbəsi Avropa məkanını da hədəfə ala bilər. Bu haldasa, qlobal nüvə savaşından yayınmaq demək olar ki, mümkün olmayacaq.
ABŞ və Qərbdən gələn açıqlamalara əsasən, hesab etmək olar ki, Ukraynaya nüvə zərbəsi endirilərsə, NATO buna dərhal adekvat reaksiya verəcək. Çünki, bu hərbi-siyasi alyans Ukraynaya nüvə zərbəsinin NATO-ya edilmiş hücum kimi qəbul ediləcəyini artıq rəsmən bəyan edib. Və belə anlaşılır ki, NATO Rusiyaya cavab zərbəsi endirməyi elə əvvəlcədən öz üzərinə götürmüş vəziyyətdədir.
Qərb xüsusi xidmət servislərinin ehtimallarına görə, Kreml Ukraynaya nüvə zərbəsi endirdikdən sonra hadisələr çox sürətlə cərəyan edəcək. Buna cavab olaraq, Ukrayna ərazisində olan Rusiya ordusu tamamilə məhv olunacaq. Eyni zamanda, Rusiyanın Qara dəniz donanması da bu su hövzəsinin dibinə göndəriləcək.
Bundan sonra baş verəcək hadisələr isə birmənalı şəkildə yenə də məhz Kremldən asılı olacaq. Belə ki, əgər, Kreml Avropa məkanına nüvə zərbəsi endirməyə cəsarət edərsə, fəlakət zonası qat-qat genişlənib, böyüyəcək. Bu haldasa, NATO-nun məhz Rusiya ərazisinə nüvə zərbəsi endirə biləcəyi ehtimal olunur.
Onu da nəzərə almaq lazımdır ki, Rusiya əhalisinin mütləq əksəriyyəti ölkənin Qərb hissəsində kompakt şəkildə yaşayır. Həmin bölgələrə endiriləcək nüvə zərbəsinin hansı fəlakətləri törədə biləcəyini təsəvvür etmək isə qətiyyən çətin deyil. Yəni, milyonlarla, hətta hər iki tərəfdən onmilyonlarla günahsız insan həyatını itirə bilər.
Ona görə də, Kremlin dünyanı və Rusiyanı geriyə dönüşü olmayacaq kataklizmlərə sürükləməkdən imtina etməsi olduqca vacibdir. Bəşəriyyəti qorxunc fəlakətlərdən qorumaq üçün hələ qətiyyən gec deyil. Nüvə zərbəsindən sonra isə bunun üçün çox-çox gec olacaq.
Rusiya "qırmızı cizgi"ləri keçməməlidir və artıq dayanmaq barədə düşünməlidir. Əks halda, Kremlin və Ukrayna savaşını ssenariləşdirən beynəlxalq dairələrin günahı ucbatından həm Rusiya, həm də bütün dünya bəşər tarixinin ən böyük faciəsini yaşaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu