BAKI ÇƏTİN SINAQ QARŞISINDA -
"Brüssel görüşündən sonra hadisələrin axarına bilərəkdən, şüurlu şəkildə mənfi təsirlər yaradılsa da, proseslərin danışıqlar müstəvisinə geri dönməsi vəziyyətin stabilləşdiyindən xəbər verir. Bu stabillik, silahların susdurulması sükutu informasiya müstəvisində pozuldu".

Teref.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, dünyada regionumuz üçün də olduqca taleyüklü hadisələr baş verir:

"Təəssüflər olsun ki, əlini-qolunu bağlaya bildiyimiz Ermənistanın, yalan ifraz edən ağzını yuma bilmirik. Şübhəsiz ki, Cenevrə görüşü öncəsi guya Azərbaycan hərbçilərinin ermənilərə qarşı təxribat törətməsi ilə bağlı sosial şəbəkələrdə videomaterialların yayılmasından söhbət gedir. Nəzərə alsaq ki, Cenevrə görüşünün özü də məhz 31 avqust tarixində Brüsseldə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib, eyni zamanda 5 maddəlik təklifin özü də Ermənistan tərəfindən də qəbul olunub, deməli, sülhün əldə olunmasına maneə törədən yerdə qalan qüvvələr daxili və xarici erməni revanşistlərlə məhdudlaşmır.

Avropa İttifaqına qaz nəql edən interkonnektorun açılışı bu arqumentimizi daha da gücləndirir və əsaslandırır. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bütün bu hadisələrin fonunda ona məhz azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə videonun göndərildiyini, araşdırılmasını və doğrudursa, məsuliyyətə cəlb edilməsini vurğulaması da ondan xəbər verir ki, Aİ ola biləcək bütün ehtimalları hesablayır, vəziyyətə tam nəzarət edir və dərhal cavab verir.

Ümumiyyətlə isə heç bir görüşün qərarsız, əhəmiyyətsiz, uğursuz mərhələ ya nəticə kimi başa düşülməsinin və şərh edilməsinin tərəfdarı deyiləm. Bunlar nəticə deyil, ona doğru gedən yolda mərhələlərdir ki, qlobal miqyasda baş verən hadisələrin regionumuza da təsirinin hər zamankından daha çox olduğunu nəzərə alaraq, sözsüz ki, hamar olmayacaq. Təbii və süni maneələr olub, mövcuddur və olacaq. İstər real, istərsə də obrazlı şəkildə desək heç bir tərəf birdən-birə təslim olub, silahları, rıçaqları yerə qoymayacaq. Hərbi, diplomatik, bütün mümkün yollarla nəticəyə biz məcbur etməliyik, edirik də.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatına əsaslansaq noyabra qədər region tamamilə yeni bir mərhələyə qədəm qoymalıdır. Bu mərhələdə Ermənistan harda və necə olacaq bu onun seçimidir. Olduqca taleyüklü məsələlər baş verir. Keyfiyyət baxımından yeni münasibətlər sistemindən Ermənistana da pay düşə bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Zəngəzur dəhlizi isə Ermənistanın həlletmə, ya qərar qəbuletmə gücündən asılı olacaq qədər kiçiltməyə çalışıb, mane ola biləcəyini düşündüyü qədər asan, mikro, regional layihə deyil. Bu, böyük güclərin marağındadır və onlardan verilən mesajların da heç biri Ermənistanın maraqlarına deyil, öz maraqlarına xidmət edir. Bu maraqlar da regionun aparıcı dövləti kimi ilk növbədə Azərbaycanla uzlaşdırılır.

Prezident İlham Əliyev meqa layihələrin təşəbbüskarı və icraçısı olduğu üçün etimad qazanan və dünya miqyasında təqdir və təşəkkür edilən bir Lider olduğundan maraqlarımız cılız maraqlara deyil, böyük hədəflərə fokuslanıb".
 

Dünyapress TV

Xəbər lenti