Bu gün Avropa Birliyinin 3-cü böyük iqtisadiyyatına sahib İtaliyada seçkilərdir, sorğulara görə Giorgia Meloni-nin başçılıq etdiyi sağ yönümlü koalisiya seçkiləri udmağa çox yaxındır. Bu baş versə 1945-ci ildən sonra ilk dəfə İtaliyada sağ (sağ/mərkəz yox, məhz sağ) siyasi qüvvə hökumət formalaşdıracaq. Meloni-nin koalisiyasında Berluskoni və Salvini kimi siyasətçilər də yer alıb.
Keçən həftə daim "solda" duran İsveçdə də sağ/sağ mərkəz seçkiləri uddu. Yəni, dünyada "sol/psevdo-liberal" cərəyan sönür, sağ/mərkəz önə çıxır və bu gözlənilən idi.
Sağ/Sol siyasi qüvvələrin siyasətdə bir-birini əvəz etməsi çox önəmlidir - sol hakimiyyətdə çox olanda azadlıqları boğur, etatizm artır, dövlətin iqtisadiyyata müdaxilələri eybəcər hal alır, sonra sağ gələndə çəki-düzən verir, balans yaradır, sağ da hakimiyyətdə çox qalanda sol kimi eyni səhvləri, amma başqa bucaqdan təkrarlayır, sonra sol gəlib dəngəni qurur. Bu mənada fərqli ideologiyaların bir-birini əvəz etməsi siyasi "təmizlik" prosesi kimi çox önəmlidir.
Bizdə isə hələ ki, ideoloji siyasi proses yoxdur, biz yaratmağa cəhd etdikcə həm hakimiyyətin, həm də klassik müxalifətin ciddi müqaviməti ilə üzləşirik, çünki hər iki tərəf ideoloji olaraq içiboşdur. Məsələn, hansısa siyasətçi çıxıb həm sosial yardımların artırılmasını, həm də vergilərin azalmasını tələb edirsə (hər iki təklifi əsaslandırmadan), deməli savadsız populistdir, və ya YAP dövlətin iqtisadiyyatda əsas rol almasının vacibliyini deyərək həm də öz nizamnaməsinə "sağ-mərkəz" yönümlü olduğunu yazırsa, deməli bu işləri bilmir.
Siyasəti ideoloji çərçivə salmaq həm də ona görə vacibdir ki, vətəndaşın siyasi kimliyi formalaşsın, özünü ərtaf ölkələrin azarkeşi kimi aparmasın, bu çox önəmlidir, dövlətin gələcəyi üçün həyati əhəmiyyətlidir...
Natiq Cəfərli
Teref.az