İranın Azərbaycandakı keçmiş səfiri Zəngəzur dəhlizi ilə bağlı cəfəng fikirlər səsləndirib. İrandan idarə olunan “Nardaran 313" (?! - red.) Telegram kanalı Əfşar Süleymaninin Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirlərini dərc edib. “Mən arzu edirəm ki, İrana məxsus olan və Gülüstan, Türkmənçay, Axal və s. anlaşmalar əsasında İrandan ayrılan bütün torpaqlar yenidən İrana birləşdirilsin.
Amma bu fikirlər indiki beynəlxalq sistemdə yuxu kimi bir şeydir, xüsusən də İran kimi bir ölkə üçün. Mənfi addımlar baha başa gəlir və istənilən nəticəni vermir. Nüvə sazişinin bərpası uğursuz olarsa, Amerika və müttəfiqlərinin düşündüyü planlardan biri də İranı ukraynalaşdırmaqdır və bu yöndə belə planlardan istifadə etmək olar", - keçmiş səfir bildirib.
Bəs görəsən soy-kökü azərbaycanlı-türk olan sabiq səfir nədən “erməni ağzı” ilə danışmağa başlayıb? Özü də daxil olmaqla, güneylilər İranın tərkibində ağ günəmi çıxıb, hələ üstəlik, Şimali Azərbaycan da İrana birləşsin? Bu kölə təfəkkürünün sirri nədədir? Axı Süleymani indi heç rəsmi vəzifə də tutmur. Teref.az-ın məlumatına görə, Elçibəy İnstitutunun rəhbəri, siyasi şərhçi Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin bu açıqlaması bir neçə gün öncə səsləndirilib və Azərbaycanda haqlı narazılığa səbəb olub. Əfşar Süleymani səfir Bakıda fəaliyyət göstərərkən adı müxtəlif qalmaqallarda, o cümlədən adı müxtəlif məişət məsələlərində hallanan, qeyri-etik hərəkətləri ilə gündəmə gələn birisi olub. İndi belə bir keçmişi olan sabiq səfir Azərbaycana dil uzadır və Azərbaycana faktiki olaraq ərazi iddiaları irəli sürür: “Bu cür adamlar anlamalıdır ki, müasir dünyamızda tarixi torpaqlar məsələsi manipulyasiya etmək heç də faydalı bir fəaliyyət növü deyil. Bu gün Ukraynaya da qarşı məhz Rusiya tərəfindən başlanan savaşın kökündə dayanan məsələ məhz tarixi torpaqlar iddiası və davasıdır. Bu baxımdan da keçmiş İran səfiri bu məsələləri də diqqətə almalıdır və başa düşməlidir ki, Azərbaycan müstəqil dövlətdir, onun ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınıb. O cümlədən Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıdığını bəyan edən ölkələrdən biri də İrandır. Hesab edirəm ki, Əfşar Süleymani hazırda səfir olmasa da onun verdiyi açıqlamadakı fikir əslində İranın rəsmi siyasətidir. Sabiq səfir bu fikirləri məhz İranın həmin siyasətini bildiyi üçün dilə gətirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri İranın siyasəti əslində aşkarda olmasa da arxa planda Azərbaycanın müstəqlliyini və dövlət mövcudiyyətini qəbul etməmək üzərində qurulub. Onlar hər zaman Azərbaycan dövlətinin baş tutmaması üçün əllərindən gələn fəaliyyəti göstəriblər. Biz Qarabağ savaşı başlanandan İranın Ermənistana verdiyi dəstəyi bilirik və 2020-ci ildə 44 günlük müharibədən sonra İranın bu məsələlərdə bağlı tutduğu destruktiv fəaliyyəti görməkdəyik. Bunun ən son nümunələrindən biri İran dini liderinin təxminən bir ay öncə Türkiyə Prezidenti Ərdoğanla görüşdən sonra Zəngəzur dəhlizi ilə bağlı yaydığı sosial şəbəkələrdəki açıqlaması idi. Odur ki, bu cür açıqlamaları əslində İranın rəsmi mövqeyinin, arxa plandakı düşüncələrinin təzahürü kimi qiymətləndirmək lazımdır. Əslində bu düşüncələrini İran gizlətmir. O ki qaldı Əfşar Süleymani kimi mənşəcə türk olan şəxslərin bu iddialarla çıxış etməsinə - Azərbaycanın İrana birləşdirilməsi kimi xülyaları səsləndirmələri həm qəbul edilən deyil, həm öz millətlərinə qarşı hörmətsizlikdir. Eyni zamanda bu davranış qul xislətindən, kölə təfəkküründən irəli gəlir. Əfşar Süleymani kimiləri qul kimi, kölə kimi yaşamağı seçirlər. Onların 10 milyonlarla həmvətəni olan güneyli qardaşlarımız isə kölə təfəkküründə deyillər. Ona görə də Əfşar Süleymani kimlərini soydaşlarımız özlərindən saymırlar, qəbul etmirlər. Əfşar Süleymani və onun kimi düşünən insanlar isə paniranizm siyasətinin təsiri altındadırlar, beyninləri yuyulub, milli kimliklərini unudublar”.
O.Qasımovun sözlərinə görə, məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, əslində Süleymaninin açıqlaması kimi açıqlamalar - Azərbaycana torpaq iddiaları heç də İrana xeyir verəcək iddialar deyil: “Çünki Azərbaycan xalqı da özünün təbii haqqı olan ikiyə bölündükləri məsələsini, birləşmək, müstəqil olmaq məsələsini gündəmə gətirə bilər. Nəticədə iki Azərbaycanın müstəqil dövlət halında birləşməsi məsələsi gündəmə gələ bilər. Əslində bu, tarixi və siyasi baxımdan daha obyektiv və məntiqlidir. Gələcəkdə onsuz da bu olacaq. Tarixin gedişatının müəyyən kəsimində Azərbaycan türkləri də özləri bütöv bir millət olaraq bütöv bir dövlətdə birləşcəklər. Azərbaycan milli şüuru və Azərbaycan milli kimliyi İranda daha ciddi şəkildə inkişaf etməkdədir və Əfşar Süleymani kimilərinin dilə gətirdiyi iddiaların qarşısında duracaq ciddi əngəllərdən biridir. O cür iddialar sadəcə Azərbaycana olan düşmən münasibətin təzahürüdür və həmin iddiaların reallaşmasını İranda heç bir siyasətçi görməyəcək. Diqqət edirsinizsə, Əfşar Süleymaninin özü belə, bu iddialarını gerçəkləşməsini ancaq yuxuda görə biləcəklərini dilinə gətirib”.