Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə hamilik edib onların qüvvəsindən səmərəli istifadəni ölkəmizin gələcəyi üçün başlıca amil adlandıran Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə dövlət siyasətinin başlıca istiqaməti kimi diqqət artırıldı. «Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır» sözləri ilə ölkəmizin gələcəyini etibar etdiyimiz yeni nəslin nümayəndələrinin potensialını yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral 1997-cı ildə Gənclər Gününü təsis etməklə də gənclərə qayğısını reallaşdırdı. Azərbaycanı gənclər ölkəsi adlandıran Ulu Öndər müstəqil dövlətimizin qarşıdakı illər üçün inkişaf konsepsiyasını gənclərin cəmiyyətdə rolunun artırılmasını təmin edəcək prioritetlər əsasında formalaşdırdı. Ötən əsrin 70-80-ci illərində ölkə gənclərinin ixtisaslı kadr kimi yetişdirilməsini başlıca məqsəd kimi qarşıya qoyan, azərbaycanlı oğlan və qızların SSRİ-nin tanınımış ali məktəblərində təhsillərini davam etdirmələri üçün ciddi səy göstərən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra özünü doğruldan təcrübəsini davam etdirdi. Müstəqil ölkə olan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları üçün təkmil konsepsiya hazırlandı. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc bu layihəyə cəlb edildi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq üçün «Prezident təqaüdü» təsis edildi. Gənclərin ümumi maraqlarına uyğun keçirilən forumlarda qarşıya qoyulan «Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir» vəzifəsi yeni nəslin nümayəndələrinin fəallığını daha da artırdı. Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən, 2 fevral tarixinin hər il ölkəmizdə Gəncləri Günü elan edilməsi mütərəqqi təcrübə kimi MDB məkanında və Şərqi Avropa ölkələrində dəstəkləndi. «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu ilə yeni nəslin qarsısında duran məqsəd və vəzifələr daha aydın və dəqiq göstərildi: Vətənpərvərlik, milli təfəkkürə əsaslanan azərbaycançılığa sadiqlik, ölkəmizin qüdrətlənməsi naminə fəallıq. Respublikaya rəhbərliyə başladığı ilk günlərdən Azərbaycan gəncliyinin yenilməz qüvvəsindən məqsədyönlü istifadə edən Prezident İlham Əliyev gənclər siyasətinin daha geniş miqyasda tətbiqi üçün yeni imkanlar yaratdı. «İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar» sözləri ilə gələcəyimiz olan yeni nəslin nümayəndələrində özünə güvəni artırdı. Onların XXI əsrin tələbi olan yeni texnologiyaların imkanlarından səmərəli istifadə etmələri, savadlı kadrlar kimi hazırlanmaları, ölkənin aparıcı qüvvəsinə çevrilmələri, bütövlükdə, kreativ gənclik kimi formalaşması üçün yeni imkanlar yaradıldı. Gənclərin hamisi Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə «Gənclər ili» elan olunması, şəhər və kəndlərimizdə «Gənclər evi»lərinin yaradılması, xarici ölkələrdə təhsil alanların sayının artırılması ölkə gəncliyinə diqqət və qayğının ifadəsi, dövlət siyasətimizin əsas istiqamətlərindən olan «Qara qızıl»ın insan kapitalına çevrilməsi» strategiyasının uğurlu həlli idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi ilə yaradılan Gənclər Fondu mütəxəssislərə daha bir qayğı idi. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilən cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi sahə gənclərin fiziki tərbiyəsinin yüksəldilməsi, idmana cəlb olunmaları idi. Bu məqsədlə bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi inşa edildi. Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi, 50-dən çox ölkəni təmsil edən 6 mindən artıq idmançının iştirakı ilə keçirilən yarışlarda sağlam rəqabət uğrunda mübarizədə uğur qazanan gənclərimiz Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıtdılar. «Prezident Mükafatı»nın təsis edilməsi ilə elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil sahəsində biliklərini sınayan gənclər arasında sağlam rəqabət yarandı. Gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan «Yüksəliş» müsabiqəsi gənclərin intellektual səviyyələrinin artırlmasına, idarəçilik məharətlərinin təkmilləşməsinə dəstək oldu. Gənclər Fondu nəzdində respublikamızın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzləri (GİKM) fəaliyyətə başladı. Beynəlxalq idman və müsiqi bayramlarında yadda qalan yeniliklərdən olan Könüllülər hərəkatına qoşulanların sayının artması, 2020-ci ilin «Könüllülər ili» elan olunması da gənclərdə humanizm, xeyirxahlıq, etik davranış qaydalarının formalaşmasını təmin edən bəşəri dəyərlərə sadiqlik idi. Azərbaycanda Könüllülər hərəkatının geniş vüsət aldığını xeyirxah təsəbbüs kimi dəyərləndirən dövlət başçımız «Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır» sözləri ilə könüllülərin Azərbaycan brendi olan «ASAN xidmət»lərdəki fəaliyyətlərini kadr hazırlığının ilkin mərhələsi kimi dəyərləndirir. Xalqımızın qürur mənbəyi olan, əsasən gənclərdən ibarət hərbçilərimizin rəşadətini «Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik» sözləri ilə dəyərləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya cəbhəsində üstünlüklərini təsdiq edən gənclərimizin siyasi hazırlığını da yüksək qiymətləndirir və hər iki cəbhənin qaliblərini xalqımızın qürur mənbəyi adlandırır. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdə daha çox xidməti olan Silahlı Qüvvələrin əsgər və zabitləri kimi, vətənpərvərlik ruhunda tərbiyə alan gənclərimiz də ənənəvi informasiya resurslarından, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək haylara layiq olduqları cavabları verdilər. Bu fəallıq gənclərin Vətənə sonsuz məhəbbətlərinin ifadəsidir. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Bu sahədə gənclər xüsusilə fərqlənirlər. Dünyada baş verən siyasi hadisələri müasir düşüncə tərzi ilə təhlil edən yeni nəslin nümayəndələri ilk növbədə xalqımızın tarixini yaxşı bilməlidilər. Prezident İlham Əliyevin müasir günümüz üçün xarakterik olan «Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək» sözləri gənclərimizi suverenliyimiz və əbədi müstəqilliyimiz yolunda daim mübariz olmağa çağırışdır.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor