b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_94200c2900a5a975ce45907632f78054.jpg
 

Keçmiş deputat, el arasında daha çox “şeyxin qudası” və “28 dəfə həci” kimi tanınan Qalib Salahzadə ilə Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin toqquşması son günlərimizin ən maraqlı əhvalatlarından biridir. Bilgəh tərəfdə sərhədlərin müəyyənləşməsi, yalan olmasın, Bağanıs Ayrım və Xeyrimlidə dirəklərin basdırılması qədər vacibdir. 

Qalib müəllim Bilgəh bölgəsinin qeyri-rəsmi kralı kimi tanınırdı. Əski zamanlarda orada bələdiyyə sədri-filan da olmuşdu. Hətta Adil müəllim son açıqlamasında belə tragikomik məlumatı da xalqımıza çatdırdı ki, sən demə Qalib müəllim bələdiyyənin həmin möhür-ştampını hələ özündə saxlayırmış. Bəs təzə bələdiyyədə möhür-zad yoxdurmu? Allah bilir. Ədliyyə Nazirliyimizin də bilməsi, yəqin, lazım idi. 

Əlbəttə, vaxtilə Xəzərin suyu çox idi, dövlət rəhbərliyinin “130 metrə qədər sahil xalqın malıdır, orda heç zad tikmək olmaz” qərarına da məmurlarımız və sairə korrupsionerlərimiz xəzrinin sovurduğu qum kimi baxırdılar. Uçdu, getdi... Ancaq indi Xəzər geri çəkilir. Sahil enlənir. Qumun tozanağı hələ çoxunun gözünü çıxaracaq. 

Bir məsələ də var ki, bəlkə Adil müəllim Qalib müəllimə adil yanaşmır. Məsələn, icra başçısının Qalib müəllimin villasının qapısını hördürməsi xəbərini aldıq. Bu nə deməkdir? Dövlətin belə cəza üsulu, ədalətin bu formada bərpası bizə yaraşırmı? Əgər villa qanunsuzdursa, sök. Qalib müəllimə qanuni cəzası nədirsə, məhkəmə ilə ver. Yoxsa bizdə “divara və ya divarı hörmə” adlı cəza varmı? Mən bilmirəm. Deputatlardan soruşmalıyıq. Mənim bildiyim odur ki, qədim əyyamlarda bəzi padşahlar xoşu gəlməyən tipləri divara hörürdülər. İndi Hacı Qalib qapısı hörülən villanın içində qalıb acından ölsə, bunun dövlətçiliyimizin şan-şöhrətinə xələl gətirməsini zənn etmirsinizmi? Qarşıdan da iqlim konfransı gəlir. Lap əski olsun, bir deputat havasız qalıb, zəhri çatlayıb ölməməlidir. 

“Ədalətsizliklə ədaləti bərpa etmək olmaz” - bu, mənim fikrim deyil. Heydər Əliyevin fikridir və məhkəmə binalarımızın dəhlizlərində görmüşəm. 

Təbii ki, xalqın çoxunun dəniz qırağını hasarlayanlardan, orda mənbəyi kirli pullarla villa tikənlərdən zəhləsi gedir. Ancaq cəzalandırma “darvazasını hörmək”, “üstünə maşın sürmək” kimi formalarda ola bilməz. 

Cəza demişkən, dünənki yazımda orta məktəblərimizdəki təhsil prosesinin problemlərindən bəhs etmişdim. Bildiyiniz kimi, artıq müəllimlərə məktəbdə uşaq döymək, qeybət eləmək, disko oxutmaq, siqaret çəkmək qadağan olunub. Bunun təhsilimizə ziyanı böyük olacaqdır. Yaxın illərdə müəllim işləməyə adam tapmayacağıq. Lakin indi mövzuya yenidən qayıtmağımın mənası başqadır. Dünənki yazıdan sonra dostumuz Vüsal Bağırlı belə xatirəsini yazıb göndərmişdir: “Mən orta məktəbdə oxuyanda bir biologiya müəllimimiz vardı. Hər dərsdə yeni, əcaib cəzalar nümayiş etdirirdi. Bir növ manyak idi, hamımız ondan qorxurduq. Bir dəfə odekolonu şagirdin başına töküb, alışqanla yandırmışdı. Uşağın başında tonqal qalamışdı. Güclə söndürdük. İdmanla məşğul olurdu, karateçi idi, yaxşı təpik atırdı. Deyirdi mən Brus Liyəm, Cekki Çanam, Van Dammam. Təpiyi qaldırıb adamın birbaşa təpəsindən vururdu. Bir dəfə yenə vurmaq istəyəndə idmançı sinif yoldaşım vardı, bunun ayağından tutdu. İndi bunun bir ayağı göydə qalıb, o biri yerdə, tullana-tullana qışqırdı ki, ayağımı burax, o.... (burada pedaqoji müraciət forması yazılıb, qəzetdə dərci mümkün deyil - Z.H.), buraxmasan səni minəcəyəm. Şagird də dedi ki, buraxsam da minəcəksən. Bizə də ləzzət eləmişdi, xeyli gülmüşdük”.  

Gözəl xatirələrdir. Yazını da elə bu xoş ovqatla bitirmək istəyirəm. 

Dünyapress TV

Xəbər lenti