Rusiyanın Azərbaycana (həm də Ermənistana) qarşı illərdir işlətdiyi ən böyük “zopanı” – Qarabağ məsələsi və “sülhməramlıların” qalması təhdidini Dövlətimiz aradan qaldırdı. Tarixi hadisələr baş verdi, ən gözəl və pozitiv ssenari ilə münaqişə öz həllini tapdı. Ermənistanla qalıcı sülhə doğru da ciddi addımlar atıldı-atılır, sülh müqaviləsinin “onurğasını” təşkil edəcək sənədlər, prinsiplər razılaşdırılır – ilk imzalar atılandan sonra Kremlin bölgəmizə təsirlərin azalması trendi sürətlənəcək. Amma bu o demək deyil ki, Moskva bölgəmizdən tam və səssiz çəkiləcək, hələ də bölgəyə, o cümlədən Azərbaycana təsir müxanizmləri var, onlardan istifadəı etməyə çalışacaq.
Təsir müxanizmlərindən biri ölkəmizin qeyri-resurs ixracıdır – hökumətin bacarıqsız iqtisadi komandası illərdir bu təhdidi aradan qaldırmaq üçün ciddi bir iş ortalığa qoymadı-qoya bilmədi. Gəlin ən yeni statistik məlumatlara baxaq: Bu ilin 1-ci rübündə, ilk 3 ayında Azərbaycan 5. 984 mln. dollar mal-məhsul ixrac edib, ixracın 88,74%-i, yəni 5.310 mln. dolları neft-qaz sektoruna daxil olan mallar üzrə olub, qeyri-neft ixracımız cəmi 673 mln. dollar təşkil edib – bu ixracın 22%-i, yəni 140 mln. dollara yaxını meyvə-tərəvəzdir. Biz Rusiyaya 3 ayda cəmi 230 mln. dollara yaxın mal ixrac etmişik, yəni, meyvə-tərəvəzin tamamına yaxını Şimal qunşumuza gedib. Bu isə o deməkdir ki, Kremlin kefi istəyəndə yenə pomidorda xəstəlik, almada qurd “taparaq” ixracatımızı kəsə bilər. Aqrar sahədə çalışanların isə başqa bazarlara çıxışı yoxdur ki, Rusiyanı əvəzləyə bilsinlər – deməli, Kremlin əlindən daim istifadə edə biləcəyi bu təzyiq vasitəsini almaq əsas hədəflərdən biri olmalıdır. Bunun üçün ölkəmiz ÜTT-yə üzv olaraq, AB ilə sazişi tezləşdirərək fermerlərimizin daha bahalı və dayanıqla bazarları çıxışı təmin edilməlidir – hökumət isə bu yolda heç bir addım atmır, atmaq istəmir.
Moskvanın əlində olan digər təzyiq vasitəsi orada yaşayan soydaşlarımızdır – zaman-zaman bu məsələni Kremlin rəsmiləri, təbliğat “bülbülləri” dilə gətiriblər. Bu gün taciklərin başına açdıqları oyunu da görürük, bundan başqa Rusiyanın daha çox şovinistləşən siyasi səhnəsi miqrantlarla bağlı qanunları sərtləşdirməyə çağırır və bunun üçün addımlar atılır, deməli günün birində bu dalğa bizə də toxuna bilər. Rusiyada olan soydaşlarımızın dəqiq rəqəmi yoxdur, amma əsas odur ki, bu köçün səbəbləri aradan qaldırılsın və onların dönmə ehtimalı təhdid deyil də, fürsətə çevrilərək məmləkətin gələcəyinə xeyir versin – necə?! Gəlin bu haqda düşünək, bəzi yolları haqqında yazım: Dediyim kimi, orada yaşayanlarla bağlı rəqəmlər müxtəlifdir, amma 2 mln. nəfərə yaxın soydaşımızn Rusiyada yaşadığı deyilir. Bunlardan 800-850 minə yaxını artıq vətəndaşlıq alıblar – onlarla bağlı siyasət fərqli olmalıdır, yəni, seçimlərini ediblər, miqrant deyillər, artıq vətəndaşdılar. Təxminən 1,2-1,3 mln. nəfər soydaşımız isə ya müvəqqəti iş icazələri, ya da elə sənədsiz orada yaşayırlar - ən böyük problem onlar üçün yarana bilər.
İndiki hökumət o miqrantların geri qayıtmasını risk sayır, çünki ölkədə zatən azad bazar, rəqabətli iqtisadiyyat, ədalətli model olmadığını bilirlər, onu da anlayırlar ki, köçənlər öz xoşuna getməyib, “çörək” dalınca qaçıblar, məmləkətdə iş-güc olsaydı zatən getməzdilər. Amma onların dönməsi təhdid olmamalıdır, əksinə, ciddi müsbət fürsətlər yarada bilər – yetər ki, ölkədə iqtisadi sistemi, idarəetmə fəlsəfəsini dəyişə bilək. Ölkəmizin demoqrafik vəziyyəti də getdikcə pisləşir, ona görə də, 1 mln. soyadaşımızın qayıtması üçün fürsətlər yarada bilsək bu ciddi iqtisadi effekt verə bilər. Qarabağ və ətrafını, min şükür, işğaldan azad etdik, 20% torpaq özümüzə qayıtdı, həmin bölgələrdə 1,5-2 mln. vətəndaşımızın yaşaması, qazanması, ölkəmizin gələcəyinə ciddi tövhə vermısi üçün TƏBİİ şərait var, qalır siyasi-iqtisadi şəraitin yaradılması ki, bu da siyasi iradədən və hökumətdən asılıdır. Əgər ciddi düşünülmüş “Vətənə Qayıdış” proqramı hazırlaya bilsək, həmin soydaşlarımızın bir çoxu qürbətdə bir parça çörək qazanmaqdansa Qarabağ və ətrafına köçüb oraları cənnətə çevirə bilərlər. Açığını deyək ki, zatən köç problemə çevrilib-çevriləəck – bu haqda danışmaq lazımdır, Rusiyalı soydaşlarımız bu məsələnin də həllində ciddi açar rolu oynaya bilərlər, çünki bütün xalqımız kimi onlar da çalışqandılar, əməksevərdilər. Aralarında əslən o bölgələrdən olan yüzminlərlə soydaşımız da var, bu da ciddi müsbət resursdur.
Xülasə, Rusiyanın əlindən bütün təzyiq vasitələrini addım-addım almalıyıq ki, Şimaldan gələn təhdidlər minimuma ensin və bu həm də məmləkətin rifahına xidmət etsin. Belə...
Natig Cəfərli
TEREF