Həm Rusiya, həm də Azərbaycan rəsmən təsdiqlədi: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesinə start verilib. Artıq media və sosdial şəbəklərdə Azərbaycan ərazisini tərk edən rus hərbçilərinin videoları yayılır. Onlar Xankəndi - Tərtər - Goran dəmiryol stansiyası marşrutu üzrə hərəkət edir və oradan çox güman, Şimali Qafqazdakı dislokasiya yerlərinə qayıdırlar.
Kremlin sözçüsü Dmitri Peskov bu barədə mətbuata təsdiq açıqlamasından sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev məsələyə ətraflı aydınlıq gətirdi: "2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".
Xatırladaq ki, 2 gün əvvəl Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi (MDB) işləri üzrə komitəsinin sədrinin birinci müavini, deputat Konstantin Zatulin də sülhməramlıların Qarabağ ərazisində qalması üçün əsaslar olmadığını bildirmişdi. “Bəzi ermənilərin Qarabağa qayıdacağı ilə bağlı müəyyən ümidlər var. Lakin Azərbaycanın ermənilərin geri qayıtması üçün rəsmən irəli sürdüyü şərtlər çətin ki, onların qayıtmasını asanlaşdırsın. Ona görə də burada Rusiya sülhməramlılarının olması çox çətindir. Yerli əhalinin Qarabağdan köçməsi onların orada olma səbəbini sarsıtdı", - Zatulin vurğulayıb.
Azərbaycan cəmiyyəti üçün sürpriz qərardır, reaksiyalardan görünür ki, Ermənistanda və Qərbdə də Rusiya hərbçilərinin vaxtında il yarım əvvəl Azərbaycanı tərk etməsi gözlənilməz olub. İndi əsas sual budur: Bakı və Moskva hansı səbəblərdən bu erkən qərarı qəbul ediblər?
Əvvəla, Prezidentin köməkçisi H.Hacıyevin bəyanatından məlum olur ki, bu, ikitərəfli prosesdir, yəni tərəflər fərdi şəkildə deyil, ikitərəfli qaydada Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının zəruri olduğu qənaətinə gəliblər. Bu isə bölgədə gedən proseslərlə bağlıdır.
Ötən ilin 19-20 sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatından sonra erməni əhali kütləvi şəkildə bölgəni tərk etdi. Rusiya sülhnəramlılarının bu gün ölkədən çıxmasının əsas səbəbini də məhz Azərbaycan dövlətinin bütün təzyiqlərə baxmayaraq belə bir əməliyyatı keçirməsi ilə bağlamaq olar. Separtçıların məhv edilməsi və ya ölkədən qaçması Qarabağın erməni sakinlərinin də Azərbaycanı kütləvi şəkildə tərk etməsinə səbəb oldu.
İrəvan da bu prosesin qarşısını ala bilmədi. Rusiya da müəyyən maraqlara görə onların gedişini əngəllməyə cəhd göstərmədi. Sonralar Ermənistanın Baş naziri N.Paşinyan bildirdi ki, Rusiyanın Qarabağdan gedən ermənilərdən onun devrilməsində istifadə etmək niyyəti olub. Onun dedikləri həqiqətdir, yoxsa antirusiya propoqandasının tərkib hissəsidir, bu məlum deyil. Amma fakt budur ki, hakimiyyət ermənilərin İrəvanda kompakt şəkildə məskunlaşmasına imkan vermədi və onları ölkənin əyalətlərinə dağıtdı. Sonrakı aylarda Qarabağdan getmiş 10 mindən artıq erməni Ermənistanı da tərk edərək Rusiya və Avropa ölkələrinə üz tutdu.
Beləliklə, proseslər Rusiyanın gözlədiyi kimi inkişaf etmədi. Ola bilsin, Moskvada 44 günlük müharibədən sonrakı vəziyyətin təkrarlanacağına ümidlər vardı. Həmin dövrdə qısa müddətdə Rusiyanın təşkilatçılığı ilə 30-40 min erməni Xankəndi və ətraf kəndlərə qaytarılmışdı. Azərbaycan ermənilərin gedişinə mane olmadı, amma qayıtmaları üçün şərtlər qoydu. Söhbət, aşağıdakı şərtlərdən gedir:
- Ermənistandan qovulmuş azərbaycanlılar da geri qaytarılmalıdır;
- Qarabağda yaşamaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul edib, Konstitusiyasına əməl etməlidir;
- Qarabağ ermənilərinə hər hansı status verilməyəcək.
Bakının bu şərtləri Rusiyanın bölgədə uzunmüddətli qalmaq planlarına ciddi zərbə oldu, bölgədəki sülhməramlı kontingent faktiki istifadəsiz qaldı. Moskva onların fərqli statusla Azərbaycanda qalması üçün Bakı ilə danışıqlara cəhd etdi, xarici işlər nazirinin müavini Mixail Qaluzin bununla bağlı bir neçə bəyanatla çıxış etdi. Amma Azərbaycan rəhbərliyi dialoqdan yayındı və 2025-ci ili nişan verdi.
İkinci mühüm səbəb Türkiyənin mövqeyidir. Hələ ötən il Naxçıvanda TDT-nin zirvə görüşündə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya hərbçilərinin müqavilədə göstərilən müddətdə Azərbaycanı tərk etməli olduğunu bəyan etmişdi. Rusiya Ukrayna müharibəsindən dolayı düşdüyü çətin durumda Türkiyəni eşitməyə məcburdu və beləliklə, bu qərarın qəbul olunmasında Azərbaycanın strateji müttəfiqinin də rolu danılmazıdır.
Üçüncü mühüm səbəb Rusiya və Ermənistan arasında artan gərginliklə bağlıdır. Kreml çox ümid edirdi ki, sülhməramlıları Ermənistan-Azərbaycan sərhədinə, daha sonra Zəngəzur dəhlizinə yerləşdirəcək və bölgədə hərbi iştirakını möhkəmləndirəcək. Azərbaycan bu barədə Rusiyanın gündəliyini qəbul edərək FTX-nın nəzarəti altında Zəngəzur dəhlzinin açılmasına razı olduğunu bildirdi. Amma İrəvan KTMT-də fəaliyyətini dondurdu, bu təşkilatın missiyasını sərhədlərinə buraxmadı, əvəzində Avropa İttifaqının yarımhərbi missiyasını ölkəyə dəvət etdi. Zəngəzur dəhlizi ilə bağlı da üçtərəfli müqavilənin şərtləri Ermənistan tərəfindən yerinə yetirilmədi. Beləliklə, Moskva Qarabağdakı hərbçilərindən istifadə edə bilmədi və onları ehtiyac duyduğu bölgələrə (Ukraynaya) yönəltməyə qərar verdi.
Daha mühüm səbəblər sırasında Qərbin Qarabağdan getmiş ermənilərin geri qaytarılmasında maraqlı olmaması da var. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ - Avropa İttifaqı - Ermənistan liderlərinin zirvə görüşündə Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün vəsait ayrıldığı elan edildi. Qərb “insan yoxdursa, problem də yoxdur” prinsipinə üstünlük verdi və bu da Rusiyada növbəti məyusluq yaratdı.
Beləliklə, Qarabağ münaqişəsindən qalan sonuncu qalıq da Azərbaycan ərazisindən təmizlənir və ölkənin milli təhlükəsizliyinin təmin olunmasında strateji nailiyyətə imza atılır.
Azərbaycan Rusiyanın əlində əsir-yesir qalan Ermənistana və başqa postsovet ölkələrinə, eləcə də Qərb liderlərinə yaxşı örnək göstərdi. Rusiyadan qopmaq, onun zəhərli təsirindən uzaqlaşmaq üçün heç də onunla münaqişəyə girmək şərt deyil...
E.Rüstəmli
“AzPolitika.info”