Bakıdan Tehrana ağır suallar -
Suriyanın paytaxtı Dəməşqdə İran Baş konsulluğunun binasının vurulması regiondakı gərginliyi daha da artırıb.

İranın ali rəhbəri ayətullah Seyid

Əli Xamənei və Prezident İbrahim Rəisi İsraili hədələyərək, “onları peşman edəcəklərini” bildiriblər.

Yeri gəlmişkən, ötən gün hadisə nəticəsində ölənlərin cənazələri Tehrana gətirilib. 7 yüksək rütbəli zabitlərin arasında İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Qüds qolunun xaricdə əməliyyatlar üzrə məsul şəxs, briqada generalı Məhəmməd Rza Zahedi də var. Dinc sakinlər deyil, hərbçilərin ölməsi müharibə şəraitinin nəticəsi kimi qəbul edilə bilər. SEPAH Suriya, İraq, Livan, Fələstin və Yəməndəki hərbi hadisələrdə birbaşa və ya dolayısı ilə iştirak edir. Bu baxımdan, hərbçilərin yerləşdiyi binanın hədəfə alınması da müharibə qaydalarına uyğun sayılır. Çünki generallar və başqa zabit heyəti ev tikib, mikrorayon salmaq üçün Suriyaya ezam olunmayıb. Onların hədəfi İsrailə, ABŞ-nin bölgədəki bazalarına zərbə endirməkdir.

Başqa sözlə, onların yerləşdiyi bina vurulmasaydı, o zaman onlar qarşı tərəfi vuracaqdılar. Bu baxımdan, SEPAH zabitlərinin öldürülməsi müharibə qaydalarına uyğun hadisə sayıla bilər.

İran tərəfinin iddiasının əksinə olaraq, həmin binaların səfirliyə və Baş konsulluğa aid olmadığı da bildirilir. Onda həmin hadisənin beynəlxalq hüquqa əsaslanaraq mühakimə edilməsi məntiqi görünmür.

Tehran rəsmilərinin çıxışları İsraillə İran arasında müharibə başlayacağına dair fikirlərin yayılmasına səbəb olub. “Foxnews” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən bildirib ki, 48 saat ərzində İran bu ölkə ərazisini vuracaq. Teleqram kanallarının yaydığı məlumata görə, Tehran bu qərarını İsveçrənin ölkədəki səfirliyi vasitəsilə açıqlayıb.

Məlumatlara görə, İran ölkənin qərb hissəsində hava məkanını təmizləyir. Bunu İsraillə bağlı əməliyyatlar üçün hazırlıq sayırlar.

Günün əsas mövzusu budur: İran İsraili vuracaqmı?

Tehranın regionda oynadığı rol bunun indiki şəraitdə mümkünsüz olacağını ehtimal etməyə əsas verir. Bunun aşağıdakı səbəbləri var:

– İsrail rəsmi şəkildə binanı vurduğunu etiraf etməyib;

– Ölənlər hərbçilərdir;

– İsrail öz təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb;

– İran hərbçiləri yəhudi dövlətinin raket atəşinə tutulmasını təşkil edib;

– Tehranın bu addımı atması ona qarşı oxşar aksiyanın daha geniş miqyasda başlamasına əsas verir;

– İran hücumdan sonrakı prosesə hazır deyil;

– Mövcud rejimdən narazı cəmiyyət hakimiyyətə qarşı fəaliyyət göstərə bilər və s.

Ötən gün Tehranda İsrail bayrağının qaldırılması İran vətəndaşlarının bu dövlətə rəğbət bəslədiyini göstərir.

İran hakimiyyəti belə bir mürəkkəb vəziyyətlə üz-üzə qalıb. Məsələn, İsrail İranın mümkün hücumunda vətəndaşları müdafiə etmək üçün sığınacaqlar hazırlayır. Hava Hücumundan Müdafiə sistemini döyüş vəziyyəti halına gətirir. Belə bir şəraitdə SEPAH-ın təbliğatçıları hədəfə İsraili deyil, Azərbaycanı alıb.

Parlamentin deputatı Cəlal Rəşidi Kuci İsrailin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərini, xüsusi ilə “ən yaxşısı” (ifadə ona məxsusdur – red.) Azərbaycandakı səfirliyinin vurulmasını təklif edib. Bundan başqa, SEPAH-ın teleqram kanalında Azərbaycanın Zəngilan rayonundakı “İsrail mərkəzinin” vurulması da təklif olunub.

İran Azərbaycanı niyə təhdid edir? Qvardiyanın kanalı bunun səbəbini belə açıqlayıb: “Azərbaycan hakimiyyəti hesab edir ki, onları İranın Suriyadakı səfirliyinə hücumda əli olmaqda ittiham etmək yersizdir. Azərbaycan hökumətinin İrana ilk xəyanəti olmadığı üçün bu məsələdə Azərbaycanın adının hallanması təsadüfi deyil”.

SEPAH Azərbaycanı bu kimi məsələlərdə İsraillə əlbir olmaqda ittiham edib. İddiaya əsasən, əks halda, rəsmi Bakı “İranın Suriyadakı səfirliyinə hücumu rəsmən pisləyərdi”.

Çox gülünc və məntiqsiz arqumentdir. İranın bu kimi əsassız fikirlərinin yayanlara bir neçə sual:

Azərbaycan torpaqları uzun illər işğal altında qalanda Tehran niyə Ermənistanı müdafiə edib?

44 günlük müharibə zamanı İran rejimi ölkə ərazisindən Ermənistana silah və hərbi texnikanı niyə ötürüb? (yazı yayıma hazırlanarkən sosial şəbəkələrdə məlumat yayıldı ki, İrandan Ermənistana silah daşıyan təyyarə reysləri intensivləşib – red.)

İşğal dövründə Qarabağda 90-a yaxın İran şirkəti hansı fəaliyyətlə məşğul olub? Torpaqlar işğaldan azad ediləndən sonra Tehran Azərbaycanla sərhədyanı ərazidə niyə 3 dəfə hərbi manevr keçirirdi?

Təxminən 30 il əvvəl, 1994-cü il martın 17-də Xankəndinin Ballıca kəndində İrana məxsus “C-130 Hercules” təyyarəsini erməni silahlıları vurmuşdu. Həmin faciə nəticəsində 19-u sərnişin, 13-ü ekipaj üzvü olmaqla, 32 nəfər ölmüşdü. Tehran niyə bu hadisəni terror olaraq qəbul etmədi və sonradan hadisə niyə araşdırmadı?

Yenə 30 il əvvəl ermənilər Bakıda metroda iki terror hadisəsi törədib. İran bu hadisəyə niyə onda reaksiya vermədi?

2023-cü il yanvarın 27-də Azərbaycanın tehrandakı səfirliyinə terror hücumunu İran hakimiyyəti niyə adi məişət hadisəsi kimi təqdim edir?

Xocalı hadisəsinin İran hakimiyyəti axırıncı dəfə nə vaxt parlamentdə müzakirə edib? Bu məsələyə parlamentdə və ya hər hansı bir qurumda baxılıbmı?

Suallar çoxdur. Belə hadisələrin qurbanları isə silahsız, Ermənistana hücum həyata keçirməyən, yaxud erməni hərbçisini öldürməyən dinc sakinlərdir. Odur ki, İran hakimiyyəti İsrailə qarşı müharibədə zəifliyini Azərbaycanı hədələməklə ört-basdır etməyə səy göstərir. Belə görünür, özünü itirən Tehran atəş açacağı yönü səhv salıb.
Sədrəddin Soltan
pressklub
 
 
 

Dünyapress TV

Xəbər lenti