Dörd təkər üzərində ölüm oyunu…
Yollarımızdakı potensial köhnə avtobuslar nə zaman dəyişdiriləcək?

Azərbaycanın yollarında hələ də potensial təhlükəli avtobuslar şütüyür. Bir tərəfi əyilmiş, qapısı sona qədər bağlanmayan, təkərləri yeyilmiş, ən sadə təhlükəsizlik tələblərinə cavab verməyən avtobuslar texniki cəhətdən nasaz və köhnə olsalar da, sərnişinlər yenə də ondan istifadəyə məcbur olur.

Bu avtobuslar o qədər nasazdır ki, normadan bir az artıq sərnişin minən kimi böyürü üstə əyilməyə başlayır və bütün yolu əyilmiş halda gedir. Nə düz-əməlli oturacaqları var, pəncərələr ya bağlanmır, ya da açılmır, natəmizlik də öz yerində… İçinin iyrənc dərəcədə çirkli, virus və xəstəlik mənbəyi olması bəs deyilmiş kimi, hələ havaya elə qara, zəhərli tüstü buraxır ki, avtobusun keçdiyi ərazidə rahat nəfəs almaq mümkünsüz olur. Pəncərələrin açılıb-bağlanmaması yayda və qışda bu avtobusları dözülməz edir. Yayda insanlar istidən bişir, qışda da soyuqdan donur.

Bəs bu avtobuslar niyə yeniləri ilə əvəz edilmir? Bunun üçün nə zaman hərəkətə keçiləcək?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sözçüsü Tural Orucov Pressklub.az saytına açıqlamasında deyib ki, məsələnin həlli ilə bağlı danışıqlar aparılır.

“Ölkə üzrə avtobus parkının yenilənməsi ilə bağlı təhlillər aparılıb. Mütəmadi olaraq daşıyıcı şirkətlər qarşısında bu məsələ qaldırılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqələrdə müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər”.

Müsahibimiz bildirib ki, Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək: “Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90 faizdən çox artırılması gözlənilir”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Pressklub.az-a bildirib ki, Bakıda çox pis vəziyyətdə olan avtobusların sayı 300-ə yaxındır.

“Son üç ildə avtobus parklarının vəziyyəti acınacaqlı a gəlib. Problemlərin həlli üçün çeşidli islahatlar getməlidir. Ümumiyyətlə, avtobuslar dəyişməlidir. Çünki bizdə bütün yük avtobusun üzərindədir. Avtopark dövrün tələbinə cavab verməlidir. Köhnə, istifadəyə yararsız avtobusların fəaliyyəti dayandırılmalı, yenilərlə əvəz edilməlidir”.

Müsahibimiz deyib ki, şəhərin yükü relsli nəqliyyatın, yəni, tramvayın, metronun və elektrik qatarının üstündə olmalıdır. Avtobuslarla bağlı yaranan problem bir növ bu nəqliyyat vasitəsinə yönəlmənin fəsadıdır.

Avtobusların yararsız olması bəs deyilmiş kimi yol hərəkəti qaydalarına məhəl qoymadan, avtobusu öz qaydalarına uyğun idarə edən sürücülər də az deyil. Yeri gəlmişkən, müasir dünyada həyatımızın ayrılmaz hissəsinə çevrilən nağdsız ödəmə sistemi bir çox hallarda köhnə avtobuslar dan yan keçir. Nağdsız ödəmə sisteminin olmaması səbəbindən əlavə gəlir əldə etməyə çalışan sürücülər sürəti artırır, lazımsız manevrlər edir, sürət həddini aşaraq qəza təhlükəsi yaradırlar.

Təsadüfi deyil ki, ötən il avtobus sürücülərinin törətdiyi 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 24 nəfər ölüb, 37 nəfər yaralanıb. Qəzaların da əksəriyyəti köhnə avtobuslarla bağlıdır.

Günay Elşən
 

Dünyapress TV

Xəbər lenti