ABŞ post-Putin dövrünə hazırlıq görür Rusiya müxalifətinin lideri, saxta ittihamlarla 19 illik həbs cəzasına məhkum edilmiş Aleksey Navalnının “Qütb canavarı” cəzaçəkmə müəssisəsində qətlinə Qərbin sərt reaksiya verəcəyi ilə bağlı ehtimal gerçəkləşməyə başlayıb. Fevralın 23-də ABŞ Rusiyaya qarşı ən ağır sanksiya tətbiq edib.
Qeyd etmək lazımdır ki, hələ üç il əvvəl Aleksey Navalnı həbs edilərkən prezident Cozef Bayden bəyan etmişdi ki, Navalnı həbsxanada ölsə, bu, Rusiya üçün dağıdıcı hadisə olacaq.
ABŞ-ın fevralın 23-də Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bu prosesin başlandığını söyləmək olar. Çünki ilk dəfə olaraq, ABŞ Rusiyanın məlumat (data) emalı mərkəzlərini və onların provayderlərini hədəf alıb. O mərkəz və provayderləri ki, onlar Qərb şirkətlərindən avadanlıq və proqram təminatı lisenziyaları alıblar. Sanksiya ilə data emalı mərkəzlərinin və onların provayderlərinin texnologiya və sərmayə qaynaqlarına çıxışı bağlanıb. Bu isə müasir iqtisadiyyatın beyini hesab olunan data emalı mərkəzlərinin və onların provayderlərinin tədricən çökməsinə səbəb olacaq. Data emalı mərkəzlərinin çöküşü isə iqtisadiyyatın daha sürətlə dağılmasını qaçılmaz edəcək.
Rusiya Bankının (Mərkəzi Bank) milli ödəniş sistemi olan “Mir” kartlarının operatoru olan Milli Ödəniş Kartı Sisteminə qarşı tətbiq olunan bu sanksiyanı Rusiyanın SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) ödəniş sistemindən təcrid edilməsindən sonra ən güclü qadağa hesab etmək olar. Rusiya hakimiyyəti “Mir” kartlarının qəbul edildiyi ölkələrin sayını artırmaq üçün çox güclü iş aparırdı. Bunun üçün bir sıra siyasi və iqtisadi güzəştlərə gedirdi. İndi isə ABŞ “Mir” kartlarına qarşı qadağa tətbiq edib. Bu isə o deməkdir ki, İran və Şimali Koreya kimi təcrid olunmuş ölkələr istisna olmaqla, digər ölkələrin maliyyə sistemləri “Mir” kartlarından istifadənin qarşısını alacaqlar. Əks halda, “Mir” kartlarını qəbul edən ölkələrin özü sanksiyaya məruz qalacaq. Çin və Türkiyə banklarının Rusiyadan ödənişləri qəbul etməkdən imtinası göstərir ki, heç kim özünü Rusiyaya görə qurban vermək istəmir. ABŞ son sanksiya ilə “Mir” kartları ilə yanaşı, Rusiyanın səkkiz bankına da sanksiya tətbiq edib. Sanksiyaya məruz qalan banklar arasında Avangard, Beynəlxalq Maliyyə Klubu, Rostfinans, Çelindbank, Modulbank, Databank, Dəniz Bank və Sürətlibank daxildir. Bu banklar ABŞ-da müxbir hesabları və dollar əməliyyatları aparmaq imkanı olmayan ən sərt sanksiya siyahısına daxil daxil ediliblər. Batareya istehsalçıları, logistika firmaları, eləcə də təyyarə və helikopterin təmirini həyata keçirən şirkətlərə tətbiq olunan sanksiyalar da Rusiya üçün çox ağır fəsadlar doğuracaq. Rusiyanın mülki aviasiyasının çox ağır vəziyyətdə olduğunu da nəzərə alsaq, təyyarə və helikopterin təmirini həyata keçirən şirkətlərə tətbiq olunan qadağaların nələrə səbəb olacağını ehtimal etmək olar. Bu qadağalar Rusiyanın mülki aviasiyasının tamamilə məhvinə səbəb olacaq.
Rusiya sənayesinin əsas strukturlarından olan metal istehsalçıları, o cümlədən Rusiyanın ən böyük xüsusi polad istehsalçısı olan Meçel Qrupuna qarşı tətbiq edilən sanksiya Rusiyada metallurgiyanın çökməsini qaçılmaz edəcək. Bundan başqa, sanksiyalar enerji daşıyıcılarının hasilatından, satışından gəlir əldə etməyə yönəlmiş fəaliyyətlərlə məşğul olan, eləcə də sanksiyalardan yayınmağa kömək edən hüquqi və fiziki şəxslərə qarşı yönəlib.
Eyni zamanda, Vaşinqton Rusiya hakimiyyətinin bir qrup təmsilçisinə qarşı da qadağalar tətbiq edib. Onların arasında Putinin siyasi varisi olacağı gözlənilən Tula vilayətinin qubernatoru Aleksey Dyumin adının da olması göstərir ki, Vaşinqton post-Putin dövrünə hazırlıq görür. Dyuminlə yanaşı, “Vaqner” Özəl Hərbi Şirkətinin yeni rəhbəri Andrey Trosşev, Qara dəniz donanmasının komandirinin müavini Arkadi Romanov, Rusiya-Belarus İttifaqının dövlət katibi Dmitri Mezentsev və Rusiyanın Minskdəki səfiri Boris Qrızlov, Federal Penitensiar Xidmətin direktorunun birinci müavini Valeri Boyarinev, Aleksey Navalnının öldüyü cəzaçəkmə müəssisəsinin rəisi Vadim Kalinin, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov, Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Natalya Komarova, Penza vilayətinin qubernatoru Oleq Melniçenko və Ryazan vilayətinin qubernatoru Pavel Malkov daxildir.
ABŞ-la yanaşı, Avropa İttifaqı, Böyük Britaniya və Avstraliya da Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Bu sanksiyaların Rusiya iqtisadiyyatının daha sürətlə dağılmasına səbəb olacağı şübhə doğurmasa da, ən əsası bu qadağaların son olmayacağıdır. Əksinə, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bəyan edib ki, bu hələ başlanğıcdır: “ABŞ hakimiyyəti Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini davam etdirəcək”.
Con Kirbi bundan sonra Rusiyaya qarşı hansı məhdudlaşdırıcı tədbirlərin tətbiq ediləcəyinə aydınlıq gətirməsə də, yeni qadağaların daha sərt olacağı şübhəsizdir. Nəzərə almaq lazımdır ki, Qərb ölkələrində qərarlar, xüsusilə də sanksiyalar bir qayda olaraq uzun müzakirələrdən sonra qəbul olunur. Həmin sanksiyaların tətbiqinə nəzarət mexanizmləri olmadan onlar tətbiq edilmir. Buna görə də ehtimal etmək olar ki, Bayden administrasiyası müvafiq strukturlarla müzakirələr aparır və daha ağır sanksiyalar tətbiq edəcək.
Bu ehtimalı doğuran başqa məqamlar da var. ABŞ Ədliyyə Nazirliyi VTB-nin rəhbəri Andrey Kostini sanksiyaları pozmaqda və çirkli pulların yuyulmasında ittiham edib. Ədliyyə Nazirliyinin rəsmisi Kostinin sanksiyaları pozmasına görə iki nəfərin saxlanıldığını bildirirlər. Vadim Volfson və Qannon Bond adlı şəxslər Kostinə məxsus 12 milyon dollarlıq əmlakın sanksiyalardan yayındırılmasında rusiyalı iş adamına kömək etməkdə ittiham olunurlar. Qeyd edək ki, Kostinin rəhbərlik etdiyi VTB Putinin şəxsi bankı hesab olunur. Bankın rəhbəri Andrey Kostin hələ 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır. Kostin separatçı DXR və LXR-in “müstəqilliyi” Rusiya tərəfindən tanıdıqdan sonra sanksiyalara məruz qalıb.
ABŞ Ədliyyə Nazirliyinin sanksiyalardan yayınmağa cəhd hallarına qarşı mübarizəni sərtləşdirməsi qadağaların dağıdıcı gücünü artır. Bütün bunlar aydın şəkildə göstərir ki, Rusiyanın gələcəyi ilə bağlı fikirlər qərarlara çevrilib və Moskvanın ondan xilas olmaq imkanı yoxdur. Xaqani Cəfərli pressklub