Avropa Birliyi (Aİ) Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Brüssel Rusiya ilə yanaşı, bu ölkə ilə bu və ya digər formada əməkdaşlıq edən şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq etməyi qərarlaşdırıb. Bu sırada ilk dəfə Çinin hüquqi və fiziki şəxslər var.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, AB son ana qədər Rusiya ilə əməkdaşlığa görə Çini cəzalandırmaqdan çəkinirdi:
“Ancaq Brüssel siyasətini dəyişdirib. Brüsseldə hesab edirlər ki, Rusiya və Kremlin strateji tərəfdaşları əleyinə qəti addımlar atılmasa, Ukrayna məğlub ola bilər. Brüssel Rusiya-Çin əməkdaşlığını hədəfə alıb. Sanksiya siyahısında Çinin 7 şirkəti var. Bu say gələcəkdə arta da bilər. Bu şirkətlər Rusiya ilə sıx əməkdaşlıq edirlər. AB rəsmilərindən biri “The Guardian”a Kremlin AB-nin iqtisadi-ticari sanksiyalarından qurtulması üçün boşluqlardan istifadə etməyə çalışdığını deyib.
Brüssel Rusiyaya sanksiyalardan yan keçməyə imkan verən bütün boşluqların qarşısını almağa qərar verib. Boşluqlardan biri də Rusiyanın müxtəlif ölkələrin şirkətləri vasitəsilə Avropa ölkələri ticarət mübadiləsi aparmasıdır. Rusiyanın keyfiyyətli məhsullara və texnologiyalara ehtiyacı var.
ABŞ və Böyük Britaniya Brüsselin qərarını dəstəkləyib. AB Pekini Rusiya ilə əməkdaşlıqla bağlı bir neçə dəfə xəbərdar edib. Məsələn, ötən ilin dekabrında Çin lideri Si Cinpinlə görüşən AB rəhbəri Şarl Mişel bir qrup Çin şirkətinin Rusiyaya sanksiyalardan yan keçməyə kömək etdiyini bildirmişdi. Görünür, Mişel ümid edirdi ki, Pekin bu xəbərdarlığı nəzərə alaraq Çin şirkətlərinin Rusiya ilə müəmmalı əməkdaşlıqdan çəkindirəcək. Bu baş vermədiyinə görə, Brüssel qəti addımlar atmağa məcbur qalıb”.
Təhlildə vurğulanır ki. Pekin Brüsselin qərarını sərt tənqid edib:
“Pekin AB-nin Çin şirkətlərinə qarşı sanksiyalarını “beynəlxalq hüquqa zidd” adlandırıb. Çin Xarici İşlər Nazirliyi şirkətlərinin maraqlarını qoruyacaqlarını açıqlayıb. Buna baxmayaraq, Çinin Avropa şirkətlərinə qarşı adekvat addımlar atacağı barədə qərarı yoxdur. Pekin üçün Brüsselə münasibətləri gərginləşdirmək zərərlidir. 2022-ci ildə Çinlə AB arasında ticarət mübadiləsinin həcmi 1.6 trilyon dollar təşkil edib. Bu, Çinin Rusiya ilə ticarət mübadiləsindən 8 dəfə çoxdur”.