PAŞİNYANIN BAKIYA “CAVABI” VƏ HƏYASIZLIĞI –
“Bu, Ermənistanın daxili işlərinə müdaxilədir”

“Son günlər Bakıdan Ermənistanın qanunvericilik sahəsi ilə bağlı verilən bir sıra bəyanatlar ölkəmizin suverenliyinin pozulması və Ermənistan Respublikasının daxili işlərinə müdaxilədir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 15-də hökumətin iclasında bildirib.

Təbii ki, onun dedikləri Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün söylədiyi “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq” bəyanatı ilə əlaqədardır.

Paşinyanın söylədiyi bu fikir sözsüz ki, böyük ölçüdə daxili auditoriyaya yönəlib və müxalifətin hücumlarının qarşısını almağa hesablanıb. Çünki bir müddət əvvəl Paşinyanın özü və tərəfdarları dönə-dönə Ermənistan Konstitusiyasının dəyişdirilməli olduğunu bəyan ediblər. Hətta ona da eyham vurublar ki, həmin sənəddəki Azərbaycana və Türkiyəyə qarşı yer alan ərazi iddiaları Ermənistanın qonşuları ilə normal münasibət qurmasına və gələcək inkişafına mane olur, təhlükə yaradır.

Paşinyan hakimiyyətinin bu mövqeyinə dərhal rusiyapərəst və revanşist müxalifət etiraz etməyə başladı və Baş naziri, onun komandasını “Bakının tapşırığı ilə hərəkət etməkdə” günahlandırdı. Paşinyan bunu təkzib etdi. İndi isə Bakıdan açıq şəkildə səsləndirilən haqlı bəyanata “bu, daxili işlərimizə qarışmaqdır” formasında cavab verməklə, guya özünün və başçılıq etdiyi dövlətin “müstəqilliyini” nümayiş etdirməyə çalışır.

O, həmçinin daxili auditoriyaya çatdırmaq istəyir ki, guya Konstitusiya dəyişikliyi ideyası onun komandasının müstəqil təşəbbüsüdür və bunu Azərbaycanla heç bir əlaqəsi yoxdur. Ancaq nədənsə, Paşinyandan soruşan yoxdur ki, nədən o və onun komandası 2018-ci ildən - hakimiyyətə gələn kimi, yaxud 44 günlük müharibədən, hətta ötən ilin sentybrındakı hərbi əməliyyatdan əvvəl Konstitusiya dəyişikliyi təşəbbüsü ilə çıxış etmirdi? Yoxsa, o vaxta qədər mahiyyətində qonşu ölkələrə qarşı ərazi iddiası olan bu sənədi oxumamışdılar?

Paşinyanın sözlərinin və əməllərinin bir-birinə zidd olması, bir-birini təkzib etməsi adi haldır. Bunu təkcə Azərbaycanda deyil, Ermənistanda və regionda marağı olan bütün digər ölkə və təşkilatlarda yaxşı bilirlər. Bu baxımdan Paşinyanın bir tərəfdən məhz Qarabağdakı acı məğlubiyyətdən və erməni separatizminə son qoyulandan sonra Konstitusiya dəyişikliyindən danışmağa başlaması, digər yandan isə Azərbaycanın haqlı bəyanatını “Ermənistanın daxili işlərinə müdaxilə” kimi qələmə verməsi növbəti ziddiyyətli yanaşmadır.

Paşinyan həmin çıxışında onu da iddia edib ki, guya Ermənistan qanunvericiliyindəki hansısa bəndin Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə təsir etdiyi barədə mülahizələr reallığa uyğun deyil. Bu yanaşmanın absurd və saxta olduğunu görmək çətin deyil. Deməli, belə çıxır ki, bir ölkə digərinə qarşı öz ali qanununda ərazi iddiası irəli sürə və eyni zamanda da onunla sülh müqaviləsi bağlaya bilər? Bu halda, həmin müqavilənin hansı dəyəri, etibarlılığı, legitimliyi ola bilər? İstənilən gün hansısa təzyiqlər altında Paşinyanın öz hakimiyyəti, yaxud onun yerinə gələcək yeni hakimiyyət bəyan edə bilər ki, bu sülh müqaviləsi Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil etdiyi üçün heç bir qüvvəyə malik deyil.

Ümumiyyətlə, qonşu ölkələrə qarşı ərazi iddiasını öz ali qanununa salan bir dövlətlin həmin dövlətlərlə bağladığı sülh müqaviləsi nə dərəcədə ciddi sənəd hesab oluna bilər və belə bir dövlət qonşuları ilə necə normal münasibətlərə iddia edə bilər? Azərbaycan da öz ali qanununa Ermənistana qarşı ərazi iddiası əlavə etsə, İrəvan və onun havadarları bunu necə qəbul edər görəsən?...

Görünən nəticə odur ki, Paşinyan bu bəyanatı ilə bir daha eyni anda iki oturacaqda oturmaq istədiyini nümayiş etdirir. Bunun üçün nə iqtisadi, nə siyasi, nə də digər potensialı və bacarığı olmayan Ermənistan başçısı belə cəhdlərin nə ilə bitdiyini 2018-ci ildən bu yana dəfələrlə görüb, ancaq görünür, hələ də nəticə çıxarmayıb. Hələ də başa düşməyib ki, Ermənistan üçün həyasızlıqla, yalanla, saxtakarlıqla, uzaq paytaxtlardakı havadarlara güvənməklə nəyəsə nail olmaq dövrü artıq keçmişdə qalıb...

C.Məmmədov

“AzPolitika.info”
 

Dünyapress TV

Xəbər lenti