Dekabr ayının 6-da paytaxt Bakı daha bir beynəlxalq tədbirə - "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Foruma ev sahibliyi edib. Bu mötəbər forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak ediblər. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi kimi: "Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik". İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi".
Bu gün ölkəmizdə işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib və bu davamlıdır. Bu Azərbaycanın gücünün göstəricisidir.
Azərbaycan Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandıraraq bildirib ki, sülh prosesinin təşəbbüskarı biz olmuşuq: "İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə "Dağlıq Qaradağ respublikası"nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik". Sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğurudur.
"Biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik" – deyə bildirən Prezident diqqətə çatdırıb ki, Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur və bəzən əsassız olaraq bizi bunda ittiham edirlər: "Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam".
Prezident, Müzəffər Ali Baş Konabdan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasət beynəlxalq ictimaiyyətin diqqətindədir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü