“Azərbaycanın Qarabağ bölgəsində Ermənistan Müdafiə Nazirliyinin qanunsuz silahlı birləşmələrinə qarşı apardığı antiterror hərbi əməliyyatı ilə bağlı Fransanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclası daha əvvəl “humanitar böhran”la bağlı müzakirələrdə olduğu kimi, fiasko ilə başa çatdı”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan siyasi təhlilçi Ramiz Yunus BMT Təhlükəsizlik Şurasında keçirilən dinləmələri şərh edərkən bildirib.
“Bu, BMT Təhlükəsizlik Şurasının təmsil etdiyi beynəlxalq ictimaiyyətin, nəhayət, mövcud reallıqları qəbul etdiyini, indi sadəcə olaraq, yerli əhalinin Azərbaycan qanunvericiliyinə reinteqrasiya prosesini diqqətlə izləyəcəyini göstərir”, - o əlavə edib.
R.Yunus vurğulayır ki, ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalamaq üçün real imkan var: “Baxmayaraq ki, buna müdaxilə edəcək çoxlu mərkəzlər var. Ona görə də rəsmi Bakı rahatlaşmamalı, həm Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin bütün perimetri boyunca, həm də Qarabağın özündə tam silahlanmalı və sülh müqaviləsi imzalanana qədər və Qarabağdan son rus əsgəri gedənə qədər öz gündəliyini israrla təbliğ etməlidir. Leonardo da Vinçinin dediyi kimi: "Hər bir maneəni əzmlə dəf etmək olar".