"Proses bizi müharibəyə aparır" - Oskanyan
Uzun müddət Ermənistan xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyan özünün Facebook səhifəsində ara-sıra yazdığı statuslarla bəzi məsələləri gündəmə gətirməyə çalışır. Bir müddət əvvəl Paşinyandan xüsusi səlahiyyət tələb edən keçmiş xarici işlər naziri özünü “çox böyük diplomat” hesab edir. Oskanyana görə əgər ona xüsusi səlahiyyət verilsə, yeni qitələr kəşf edəcək və həmin qitələri də Ermənistanın bir vilayəti elan edəcək. Özünü daha ağıllı hesab edən Oskanyan yeni səlahiyyətlər alacağı təqdirdə danışıqlar prosesinin ruhunu dəyişəcəyini deyir. Neçə il bir ölkənin XİN-ə rəhbərlik edən bir adamın belə sərsəm açıqlaması bu millətin nə qədər xəstə təfəkkürə malik olmasının göstəricisidir.

Həmin Oskanyan indi də BMT TŞ-dəki növbədənkənar iclasdan danışıb. Bu dəfə Facebookun imkanlarından istifadə edən “ağıllı diplomat” bildirib ki, iclasdan əvvəl erməni xalqı guya nikbin imiş və iclasın sonunu böyük ümidlərlə gözləyirmiş. Amma sonda bütün ermənilər məyus olub:

“Heç bir qətnamə və ya bəyanat qəbul edilmədi. Nə vaxtsa Azərbaycanı Laçın yolunu açmağa vadar edən qətnamənin olub-olmayacağı sual altındadır. Onun reallığa çevrilməsi ehtimalı yalnız Ermənistan hakimiyyətinin mövqeyindən, yaxud istefasından asılıdır. Məsələn, xarici işlər naziri Təhlükəsizlik Şurasının iclasında ən azı aşağıdakıları deməliydi ki, Azərbaycan Ermənistan tərəfinin xoşməramlılığından sui-istifadə edir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 6 oktyabr 2022-ci il tarixli Praqa bəyanatında yer alan ifadə Ermənistanın Azərbaycanla danışıqlar prosesində əlverişli şərait yaratmaq cəhdindən başqa bir şey deyildi. Ancaq məlum olduğu kimi, diplomatiyada hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır”.

Deməli, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatı keçmiş xarici işlər nazirinin ürəyincə deyil. Onsuz da Paşinyanın bu bəyanatı siyasi manipulyasiyadır və özünü dünya ictimaiyyətinə sülhpərvər siyasətçi kimi təqdim etməsi imitasiyadan başqa bir şey deyil. Əməldə tamam fərqli mövqe tutan Ermənistan baş nazirinin bu siyasətinin arxasında dayanan qüvvələr həm də onu koordinasiya edir. Siyasi şantaj yolu seçən Ermənistan bütün istiqamətlərdə bu mövqeyindən əl çəkmir və yeni-yeni təxribatlar hazırlayır. Sərhəddə topladıqları TIR-lar və yaratdıqları siyasi şou da xüsusi planın tərkib hissəsidir. Ermənistanın BMT TŞ-yə şikayətinin kökündə də məhz “humanitar fəlakət” şousu dayanırdı. Oskanyan isə hesab edir ki, Ermənistan bütün fürsətləri itirib:

“Hələ razılaşmalı çox şey var. Təbii ki, hadisələri geri qaytara bilmərik. Bu gün müharibəyə aparan təhlükəli danışıqlar sülh gündəliyini dəyişdirməyin mümkün yollarından biri olaraq qalır”.
Vəli Həsənov
konkret.az

Dünyapress TV

Xəbər lenti