Putin tələsir, qərb Isə ləngiyir
Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibənin başlandığı tarix olan 24 fevrala qədər genişmiqyaslı hücuma hazırlaşır. Putin 24 fevral tarixinə qədər müharibədə dönüş yaratmağa çalışır. Çünki Putin anlayır ki, onu dəstəkləyən rusların müharibənin uzanmasından narazılıqları artır.

24 fevraldan sonra müharibənin ikinci ili başlacaq və rusların “müharibə nə zaman bitəcək” sualı getdikcə aktuallaşacaq. Putinin tələsməsinin bir başqa səbəbi də var. Putin fevralına sonuna qədər müharibədə həm də ona görə dönüş yaratmaq istəyir ki, Qərb ölkələrinin Ukraynaya vəd etdikləri hərbi texnika və tanklar müharibə zonasına çatdırıla bilməsin. Çünki Ukrayna Qərb ölkələrindən yüzlərlə tank və uzaq mənzilli raketlər, o cümlədən artileriya qurğuları əldə edərsə, müharibənin gedişini öz xeyrinə dəyişə bilər. Kreml Qərbi qabaqlamaq istəyir. İndiki halda Rusiya Ukraynada işğal ərazisini genişləndirmək məqsədilə 500 minlik qoşun toplayıb.

Vəziyyətin mürəkkəb olduğunu Ukrayna prezidenti Volodimir Zelenski və müdafiə naziri Oleksiy Resnikov da etiraf ediblər. Rusiyanın yeni hücumu Ukraynaya yeni bəlalar gətirəcək. Rusiya ordusu yalnız Ukrayna ordusu ilə savaşmır, daxil olduğu ərazilərdə qətliamlar törədir. Buçada aşkarlanan kütləvi məzarlıqlar buna sübutdur. Rusiya ordusunun ön sıralarında həbsxanadan azad edilmiş məhbuslar yer alıb. Belələri üçün insan həyatı heçdir, qarşılarına çıxan mülki insanları öldürməyə hazırdılar.

Qərb ölkələri yenə ləng tərpənirlər. Qərb ölkələri içərisində elələri də var ki, Kiyevə hərbi yardım vədi vermələrinə baxmayaraq, Ukraynanın məğlubiyyətini gözləyirlər. Belə dövlətlərin məqsədi Rusiya ilə keçmiş əlaqələri bərpa etməkdir.
/atlassam.org/

Dünyapress TV

Xəbər lenti