Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun son hesabatına görə, dünyada silah satışına görə ən yüksək artım nümayiş etdirən iki ölkə - Türkiyə və İsraildir. Hesabatda silah satışıyla məşğul olan 100 şirkətdən üçünün İsrailə, ikisinin Türkiyəyə məxsus olduğu vurğulanıb. Əgər Türkiyənin hərbi istehsalla məşğul olan şirkətləri 2002-ci ildə cəmi 1 milyard dollar civarında hərbi texnika satmışdılarsa, 2021-ci ildə bu göstərici 10 milyard dolları ötüb. Türkiyə satış bazarını genişləndirib. Buna misal kimi uzaq Filippinin belə Türkiyənin 77 “Atak” helikopterini almasını göstərmək olar. Maraqlıdır ki, son illərdə İsrail şirkətlərinin əsas alıcıları ərəb ölkələri olublar. Halbuki, keçmiş illərdə ərəb ölkələrinin tamamı Fələstin məsələsinə görə İsraili qınayırdı. İndi isə bir qrup ərəb ölkəsi həm İsraillə diplomatik əlaqələr qurub, həm də bu ölkədən modern silahlar alır. Misal üçün Birləşmiş Ərəb Əmirlikləri İsrailin “Barak” adlı hava müdafiə sistemlərinə üstünlük verib. Azərbaycanın Türkiyə və İsraildən aldıqları hərbi texnika bu iki ölkə ilə strateji müttəfiqlik və strateji tərəfdaşlığa əsaslanır. Aldığımız hərbi texnikanın üstün keyfiyyəti özünü İkinci Qarabağ müharibəsində göstərib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatı göstərir ki, Türkiyə və İsraillə strateji tərəfdaş olmayanların da bu iki ölkənin hərbi texnikasına marağı artıb. Elxan Şahinoğlu Teref.az