Belarus ərazisində nüvə silahının yerləşdirilməsi onu NATO üçün potensial hədəfə çevirir
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya nüvə silahını təkcə Rusiya tərəfindən işğal olunmuş Ukraynanın Krım yarımadasında deyil, həm də Belarus ərazisində yerləşdirib. Yəni ki, Vladimir Putinin Belarusu nüvə təxribatları üçün ərazi hesab etməsi ehtimalı var.
Bir tərəfdən, indiyə qədər heç bir konkretlik eşitməmişik. Amma kəşfiyyat təxribatlara hazırlıq barədə məlumat verdikdə, bu o demək deyil ki, sözügedən məlumatların doğruluğu azdır. Mən istisna etməzdim ki, bu bəyanatlar Belarus Respublikası Müdafiə Nazirliyindən reaksiya almaq məqsədi daşıyır.
Digər tərəfdən, bu cür bəyanatlar verilməlidir, çünki bəlkə də düşmənin planları haqqında məlumatların açıqlanması onu həyata keçirmək imkanından məhrum edir. Məsələn, Ostrovets AES-də ehtimal olunan təxribatların hazırlanması ilə bağlı bəyanatı xatırlaya bilərik... Ola bilsin ki, bu planların açıqlanmasından sonra Rusiya Federasiyası sadəcə olaraq təxribat törətmək motivasiyasını itirir.
Yəni Belarus-Ukrayna sərhədində nəsə baş versə, şübhələr artacaq. Hər kəs açıq-aydın bir təxribatı yalnız Rusiyaya aid hesab edəcək.
Daha bir şey: Lukaşenko öz ərazisində Rusiya “supernüvə” silahlarının yerləşdirilməsi ilə həqiqətən Qərbi dəfələrlə hədələyib. Belarus diktatoru bu cür bəyanatları həm 2021-ci ilin noyabrında, həm də 2022-ci il fevralın əvvəlində, yəni Rusiyanın Ukraynaya hücumu ərəfəsində verib. Lakin o, daha çox Putinlə eyni bəyanatı təkrarlamış olub. Artıq onun öz reputasiyası haqqında düşünməsi çox gecdir. Bundan əlavə, həmin bəyanatlar Qərbə Belarus Respublikasının sanksiyalarına və təcridinə son qoymağın zəruriliyi ilə bağlı şəffaf işarə idi. Belarus lideri bununla Qərbə deyirdi: “Əks halda, mən Putinin yanına gedəcəm, onun “nüvəsi”nin yerləşdirilməsinə razı olacam. Seçkilərdəki pozuntuları unudub mənimlə dost olun”.
Bu gün Lukaşenko Ukraynaya qarşı müharibədə həmtəcavüzkar rolunu oynayır və o, həqiqətən də öz ərazisində Rusiya nüvə silahının yerləşdirilməsinin əleyhinə deyil. O, başa düşür ki, Putin çətin ki, belarusa qarşı nüvə başlığı olan hər hansı raketdən istifadə etsin. Onun fikrincə, Lukaşenko rejimi üçün daha təhlükəlisi Belarusa daxil olan rus tanklarıdır. Putin Minskdə hakimiyyəti dəyişmək üçün hərbi texnikadan istifadə edə bilər, nüvə silahlarından yox.
Əlbəttə, bu, çox şübhəli məntiqdir, lakin bu, Lukaşenkonun niyə buna qarşı olmadığının tutarlı izahından biridir.
Eyni zamanda, Rusiya nüvə silahlarının yerləşdirilməsi hələ də Belarus üçün təhlükə yaradır. Əgər analitiklərin Rusiyanın Ukraynaya taktiki nüvə silahı ilə zərbə endirməsi ehtimalı ilə bağlı müzakirələrini xatırlasaq, o zaman təqaüddə olan Amerika təhlükəsizlik rəsmiləri dəfələrlə bəyan ediblər ki, NATO ölkələri Rusiya Federasiyasından asimmetrik cavab variantını nəzərdən keçirə bilərlər. Əgər Rusiyanın özündə deyilsə, o zaman məsələn, onun sərhədlərindən kənarda olan Rusiya hərbi obyektlərində var. Bu kontekstdə Belarus ərazisində nüvə silahının yerləşdirilməsi onu NATO üçün potensial hədəfə çevirir.
NATO, şübhəsiz ki, Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirilməsinə diqqət yetirəcək. Amma bunun üçün Alyans bu cür faktların daha çox sübutunu görməlidir. Və əgər belədirsə, bəlkə də onları ictimailəşdirməyə dəyər.
Müəllif: Vadim Mojeyko - Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki
Mənbə: UNİAN
Qeyd: tərcümə AYNA-ya məxsusdur.