Erməni tərəfinin bütün təxribatlarına yalnız adekvat deyil, eyni zamanda təsirli cavab verməliyik. Azərbaycan ordusunun mövqeyinə ermənilər tərəfindən açılan hər bir atəş nöqtəsi susdurulmalıdır. Həmçinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdən ordumuza açılan atəş mövqeləri darmadağın edilməli və orada bayrağımız dalğalanmalıdır. Bundan başqa təsirli bir yol qalmayıb.
DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert hesab edir ki, bu günlərdə azərbaycanlı fəalların Şuşa-Xankəndi yolundakı haqlı tələblərinə rus sülhməramlıları adekvat olmalıdır: “Amma biz görürük ki, onlar prosesdən yayınır. Sülhməramlıların komandanı Andrey Volkov otağından çıxıb aksiyaçıların suallarına, tələblərinə cavab vermədikcə bu prosesin miqyası daha da genişlənəcək. Bundan da ziyan çəkən tərəf separatçı rejimlə yanaşı, rus sülhməramlılar olacaq”.
Ədalət Verdiyevə görə, artıq rus sülhməramlıların komandanlığı və tərkibi dəyişməlidir: “Volkov öz legitimliyini itirib. Ona görə də, rus sülhməramlı kontingentinin digər bir heyətlə əvəzlənməsi labüddür. Bu, eyni zamanda qəbul edilmiş bir prosedurdur, tək Volkova aid deyil, bütövlükdə rus sülhməramlı kontingenti ilə bağlıdır. Onlar bir yerdə çox qaldıqca yerli əhali və separatçıların cibindəki 5-10 qəpiklə daha yaxından tanış olur. Bu da sonda Azərbaycan üçün heç də uyğun olmayan hadisələrə gətirib çıxarır”.