Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.
Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri igidliklə qoruyurlar.
Bunu aksiyanın ilk günündə (dünən, dekabrın 12-də) Rusiya sülhməramlıları “Report” İnformasiya Agentliyinin avtomobilinin qarşısını kəsərək əməkdaşları ilə kobud davranarkən DQ hərbçilərinin köməyə gəlməsini özündə əks etdirən videokadrlardan da görmək olar.
Biz - həm media əməkdaşları, həm də sıravi insanlar olaraq DQ hərbçilərinin hərəkətlərindən qürur duyduq və duyuruq.
Bu, həm də bizi arxayın edir ki, Azərbaycan jurnalistləri heç nədən çəkinmədən, istənilən şəraitdə öz fəaliyyətini uğurla davam etdirə bilərlər. Çünki ölkəmizin belə oğulları – hərbçiləri var. (oxu.az)