Almaniya NATO ərazisinin mühafizəsi səylərinə töhfəsini artırmaq niyyətindədir və 2025-ci ildən alyansı yüksək döyüş hazırlığında olacaq 30 min hərbçi ilə təmin etməyi planlaşdırır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Berlində Almaniya kansleri Olaf Şolts NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
Kansler, həmçinin qeyd edib ki, o, Stoltenberqlə xüsusilə Şimali Avropada kritik infrastrukturun qorunması məsələsini müzakirə edib.
"Şimal axınındakı təxribat göstərdi ki, biz enerji infrastrukturumuz üçün riskləri tamamilə yenidən qiymətləndirmək məcburiyyətindəyik. Bu, xüsusilə Şimal dənizinə aiddir", - Şolts bildirib.