ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə ardıcıl raket sınaqları ilə cavab verən Şimali Koreyadan gərginliyi zirvəyə çatdıracaq açıqlama gəlib.
Teref.az Musavat.com-a istinadən xəbər verir ki, ölkəni dəmir yumruqla idarə edən Kim Çen Inın “nüvə çağırışı” kimi şərh edilən sözləri dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyində (KCNA) dərc edilib.
ŞİMALİ KOREYA GERİ ÇƏKİLMİR
Son dönəmlərdə həyata keçirdiyi raket sınaqları ilə region ölkələrinin, xüsusilə ABŞ-ın reaksiyasını çəkən Şimali Koreya məqsədinin dünyanın ən qüdrətli nüvə gücünə çevrilmək olduğunu açıqlayıb.
Başqa sözlə, Kim bütün reaksiyalara baxmayaraq, nüvə məqsədlərindən geri çəkilməyəcəklərini dünyaya bəyan edib.
O bu açıqlamanı Şimali Koreyanın ən böyük ballistik raketi olan “Hwasong-17″nin buraxılışında iştirak edən zaman verib.
Kim Çen In bildirib ki, ABŞ-a çata bilən qitələrarası ballistik raket olan “Hwasong-17” dünyanın ən güclü strateji silahıdır və bu raket Şimali Koreyanın dünyanın ən güclü ordusunu yaratmaq əzmini və bacarığını nümayiş etdirir.
Qeyd edək ki, ötən həftələrdə Şimali Koreya raket sınaqlarının Cənubi Koreya və ABŞ-ın potensial hədəflərini “vurub məhv etmək” üçün həyata keçirdiyini açıqlayıb.
Ölkə mətbuatı Şimali Koreyanın düşmənlərinə xəbərdarlıq göndərmək üçün “əsl müharibəni simulyasiya etmək” qərarına gəldiyini vurğulayıb.
KİM ÇEN INN YENƏ QIZI İLƏ GÖRÜNTÜLƏNDİ
“Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışı üzərində işləyən alim və texniki mütəxəssislərlə görüşən Şimali Koreya lideri ikinci dəfə qızı ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.
Cənubi Koreya mətbuatının iddiasına görə, adı Çju E olan qız xəz yaxalıqlı qara paltosu ilə diqqət çəkib. O, hərbçi və alimlərlə görüş zamanı daim atasını müşayiət edib.
Xatırladaq ki, noyabrın ortalarında da Kim Çen In həyat yoldaşı və qızının müşayiəti ilə yeni “Hwasong-17” qitələrarası ballistik raketinin sınaq meydançasını ziyarət etmişdi. Bu, KXDR liderinin övladı ilə ictimaiyyət qarşısında ilk çıxışı idi.