Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş sülhməramlıların tam şəkildə öz vəzifələrini yerinə yetirdiklərini söyləmək mümkün deyil.
Bu sözləri Axar.az-a rus sülhməramlıların Qarabağa yerləşdirilməsinin ikinci ili ilə bağlı açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General bildirib ki, rus sülhməramlılar oradakı Ermənistan hərbi birləşmələri və terrorçu ünsürləri ərazidən çıxarmaq, təxribatların qarşısını almaq, minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verilməsi və digər məsələlərin həllinə kömək etməklə bölgədə təhlükəsizliyi təmin etməli idi: “Ancaq bu missiyanı onlar yerinə yetirə bilmədilər. Biz rus sülhməramlılardan öz vəzifələrini obyektiv və bitərəf şəkildə yerinə yetirmələrini gözləyirik”.
Karauz bildirib ki, sülhməramlıların öz funksiyasını bəlli çərçivə və müddətdə yerinə yetirməsi əvəzinə onların bölgədə nəzərdə tutulan müddətdən artıq qalmaq üçün hazırlıqlar apardıqlarını müşahidə edirik:
“Sülhməramlılar üçün inşa edilən müşahidə postları, yaşayış korpusları və s. Rusiyanın Qarabağda daha uzun müddət qalmaq niyyətindən xəbər verir. Sanki bunlar Qarabağa beş illik yox, ömürlük gəliblər. Ancaq Ali Baş Komandan İlham Əliyev də Şuşadakı son çıxışı zamanı rus sülhməramlıların fəaliyyət müddətinin bəlli olduğunu və göstərilən müddət bitdikdən sonra öz ölkələrinə qayıdacaqlarını qəti şəkildə vurğuladı. Bu, Rusiya, Qərb və Ermənistana ən yüksək səviyyədə verilən mesajdır. Biz də rus sülhməramlıların öz xidmət müddətlərini bitirib ölkələrinə dönmələrini istəyirik. Çünki Azərbaycan öz suveren torpaqlarında dayanıqlı sülhü təmin etmək üçün hərtərəfli gücə sahibdir”.