"Evin tək uşaqlarının cəbhəyə göndərilməməsi təklifinin reallaşacağını düşünmürəm". Bunu "Sherg.az"a hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Azərbaycanda onsuz da təkuşaqlı ailələrin sayı çoxdur: "Bu, sonrakı uşaqların dünyaya gəlməsi üçün problemlər yarada bilər. Müdafiə Nazirliyinin qeyri-rəsmi olaraq, tək uşaqların cəbhəyə göndərilməməsinə dair məlum təlimatı mövcuddur.
Lakin hazırda bunu tam şəkildə həyata keçirmək mümkün deyil. Orduda həm evin tək uşaqları, həm də şəhid ailəsi üzvləri xidmət edirlər. Ölkəmizdə isə hazırkı şəraitdə təkuşaqlı ailələr 12-13 faiz arası təşkil edir.
Təklifləri verməzdən əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Müdafiə Nazirliyi ilə bu məsələləri razılaşdırmaq, tək uşaqların faiz nisbətini öyrənmək, orduda xidmət edənləri neçə faizinin cəbhə ilə əlaqədar olmayan işlərə cəlb olunmasını nəzərə almaq vacibdir".
Qeyd edək ki, deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında təkliflə çıxış edib. O söyləyib ki, evin tək uşaqları cəbhəyə göndərilməsinlər.