İranın noyabrın 3-də Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində kamikadze-dronları ola bilər.
"Report" xəbər verir ki, bu barədə “RBK-Ukraina” Almaniyanın “Bild” nəşrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, “İl-76” təyyarəsi noyabrın 3-ü səhər tezdən Tehrandan havaya qalxaraq günorta saatlarında Moskvadakı “Vnukovo” hava limanına enib.
“Bild”in hərbi eksperti Yulian Röpke qeyd edir ki, uçuş ABŞ-ın sanksiyalar siyahısında olan “Pouya Air” aviaşirkəti tərəfindən həyata keçirilib. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi bu aviaşirkətin təyyarələrinin qeyri-qanuni yüklərin daşınması üçün istifadə olunduğunu iddia edir.
Y.Röpke hesab edir ki, məhz “İl-76”da rusların Ukraynaya qarşı müharibədə fəal şəkildə istifadə etdiyi “Şahed-136” dronlarının yeni partiyası Moskvaya gətirilib.