“Çirkli bomba” nədir və Rusiya nə üçün Ukraynanın ondan istifadə edə biləcəyini iddia edir?
Rusiya müdafiə naziri Ukraynanın “çirkli bomba”dan – radioaktiv material və adi partlayıcı maddələrdən ibarət cihazdan istifadə edə biləcəyini iddia edib.O, heç bir sübut təqdim etməyib və Ukrayna, eləcə də Fransa, Böyük Britaniya və ABŞ ittihamları rədd edib.

Rusiya nə deyib?

Rusiya müdafiə naziri Sergey Şoyqu Böyük Britaniyanın müdafiə naziri Ben Wallace-a “Kiyevin çirkli bombadan istifadə ilə bağlı mümkün təxribatlarından narahat olduğunu” deyib.O, ABŞ, Fransa və Türkiyənin müdafiə nazirləri ilə də danışıb və oxşar şərhlər verib.
Birgə cavabda Fransa, Böyük Britaniya və ABŞ hökumətləri “Rusiyanın Ukraynanın öz ərazisində çirkli bombadan istifadə etməyə hazırlaşdığına dair ağ yalan iddialarını rədd etdiklərini” açıqlayıb.Ukrayna Prezidenti Volodimir Zelenski bu ittihamı rədd edib və Rusiyanı “bu müharibədə təsəvvür edilə biləcək hər çirkli şeyin mənbəyi” olmaqda ittiham edib.

Çirkli bomba nədir?

“Çirkli bomba” radioloji silahın bir növüdür. Bu, kütləvi qırğın silahıdır. Nüvə silahları kimi onların hazırlanmasında da radioaktiv materiallardan istifadə edirlər.

Ancaq nüvə bombasında istifadə edildiyi kimi, yüksək dərəcədə təmizlənmiş radioaktiv material ehtiva etməsinə ehtiyac yoxdur.

Yəni, nüvə silahları nüvə parçalanması enerjisindən istifadə edir ki, bu da dağıdıcı şok dalğası, elektromaqnit impulsu, işıq şüalanması, nüfuz edən radiasiya və radioaktiv çirklənmə ilə nəticələnir.Radioloji silahlar isə yalnız bir zərərverici amildən – radioaktiv çirklənmədən istifadə edir. Bu cür silahlar sadəcə olaraq yerin səthinə və atmosferə radioaktiv maddələr yayır, sonra isə havanı, suyu və torpağı çirkləndirir.Bu, onları nüvə silahlarından daha ucuz edir və bu silahların nüvə silahlarından daha sürətli istehsalına imkan verir.

Nüvə silahları yalnız bir neçə ölkənin yarada biləcəyi mürəkkəb mexanizmdir. “Çirkli bomba”nın qurğusu fərqli ola bilər, amma iş prinsipi az-çox eynidir – bu, radioaktiv maddə və onu məhv edən və partlayışın enerjisi ilə maddəni ətrafa yayan içində partlayıcı olan qabdır. “Çirkli bomba”da radioaktiv materiallardan istifadə olunmasına baxmayaraq, nüvə partlayışı baş vermir.

Bomba havada və ya yerdə partlaya bilər, istənilən halda partlayışın enerjisi ərazini çirkləndirməyə kifayət edir.Amerika Alimlər Federasiyası hesablayıb ki, Nyu-Yorkda 9 qram (0,3 unsiya) kobalt-60 və 5 kq TNT olan bir bomba Manhettenin bir ucunda partladılarsa, bu, onilliklər ərzində şəhərin bütün ərazisini yaşayış üçün yararsız hala sala bilər.

Bu səbəbdən çirkli bombalar kütləvi qırğın silahları kimi tanınır. Lakin, silah kimi onlar çox etibarsızdır.Çirkli bombanın içindəki radioaktiv materialın hədəf zonasına səpələnməsi üçün onun toz halına salınması lazımdır. Ancaq hissəciklər çox incə olarsa və ya güclü küləklərə buraxılarsa, çox zərər verə bilməyəcək qədər geniş yayılacaqlar.

Radioaktiv tullantılar xərçəng kimi ciddi xəstəliklərə səbəb ola biləcəyi üçün belə bir bomba hədəf əhali arasında çaxnaşma yaradar. Partlayış zonasının ətrafındakı geniş ərazi də zərərsizləşdirmə üçün boşaldılmalı və ya tamamilə tərk edilməlidir.

Rusiya niyə “çirkli bomba” iddiasını ortaya atdı?

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu bildirib ki, Rusiya müdafiə naziri “ehtimal ki, Qərbin Ukraynaya hərbi yardımını ləngitməyə və ya dayandırmağa və qorxulu çağırışlarla NATO ittifaqını zəiflətməyə çalışıb”.Rusiyanın özünün Ukraynanın ərazisində çirkli bomba partlatmağı və “yalançı bayraq” hücumunda günahı Ukrayna qüvvələrinin üzərinə yıxmağı planlaşdırdığına dair fərziyyələr də var.

Bununla belə, bir çox hərbi analitiklər deyirlər ki, Rusiya çirkli bombanın öz qoşunlarına və nəzarəti altında olan əraziyə vura biləcəyi zərəri nəzərə alsaq, bu qədər səfeh olmayacaq.Müharibə Araşdırmaları İnstitutu “Kremlin qaçılmaz saxta bayraqlı çirkli bomba hücumu hazırlaması ehtimalının yox”luğunu açıqlayıb.

Daha əvvəl çirkli bombadan istifadə olunubmu?

Dünyanın heç bir yerində hələ də uğurlu çirkli bomba hücumu olmayıb.Bununla belə, buna cəhdlər olub.1996-cı ildə Çeçenistandan olan üsyançılar Moskvanın İzmailovo parkında dinamit və sezium-137 olan bomba yerləşdiriblər.

Sezium xərçəngi müalicə edən avadanlıqdan çıxarılıb.Təhlükəsizlik xidmətləri onun yerini aşkar edib və zərərsizləşdirib.

1998-ci ildə Çeçenistanın kəşfiyyat xidməti Çeçenistanda dəmiryol xəttinin yaxınlığında yerləşdirilən çirkli bombanı tapıb zərərsizləşdirib. 2002-ci ildə Əl-Qaidə ilə əlaqəsi olan ABŞ vətəndaşı Xose Padilla Çikaqoda çirkli bomba hücumu planlaşdırmaqda şübhəli bilinərək həbs edilmişdi. O, 21 il müddətinə azadlıqdan məhrum edilib.

İki il sonra Britaniya vətəndaşı və Əl-Qaidə üzvü Dhiren Barot Londonda həbs edilib və daha sonra ABŞ və Böyük Britaniyada çirkli bombadan da istifadə edilməsi ehtimal olunan terror aktları planlaşdırdığına görə 30 il həbs edildi.Bununla belə, nə Padilla, nə də Barot həbs olunmazdan əvvəl bombalarını yığmağa başlamamışdılar.(BBC)
 

Dünyapress TV

Xəbər lenti