İrandan Rusiyaya silah satışı ilə bağlı ittihamlara cavab
Ukraynanın ələ keçirdiyi İran istehsalı Mohajer-6 dronu
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, paytaxt Tehranda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) üzvləri ilə görüşən İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışında ölkəsinin xarici siyasətini dəyərləndirib.
Bizimyol.info xəbər verir ki, keçmişdə Rusiyaya silah satdıqlarını, lakin Ukrayna müharibəsi başladıqdan sonra belə bir halın baş vermədiyini bildirən Abdullahiyan, “Ukraynadakı müharibəyə prinsipial baxımdan qarşıyıq. Biz Ukrayna müharibəsində istifadə üçün Rusiyaya heç bir silah və ya pilotsuz təyyarə verməmişik və verməyəcəyik”,- deyə söyləyib.

İddiaların araşdırılması üçün Ukrayna və hərbi ekspertlərin iştirakı ilə birgə görüş keçirməyə hazır olduqlarını bildirən Abdullahiyan bu təklifi Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə görüşündə ona çatdırdığını bildirib.

“Rusiyanın Ukraynaya qarşı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etdiyi məlum olarsa, biz bu məsələyə biganə qalmayacağıq”,- deyə Abdullahian əlavə edib.

İranın xarici işlər naziri çıxışında nüvə danışıqları prosesinə toxunaraq, “Biz indi razılaşmanın son mərhələsindəyik. Son günlər Amerika tərəfi diplomatik mesajlarla məşğul olmaq imkanını qorumağa çalışsa da, bəzi yerlərdə xaos və terror aktları yaratmağa çalışıb”,- deyə əlavə edib.

Xatırladaq ki, Ukrayna sentyabrın 23-də İranın Kiyevdəki səfiri Mənuçöhr Muradinin akkreditasiyasını geri götürmək və Tehran administrasiyasının “Rusiyaya silah verdiyi” əsası ilə səfirlikdəki diplomatların sayını xeyli azaltmaq qərarına gəlib.

Bundan əlavə, Kiyev rəhbərliyi Rusiyanın oktyabrın 17-də SiHA-larla paytaxt Kiyevə hücumunun İranın Rusiyaya verdiyi Şahid-136 tipli kamikadze pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini və İranla diplomatik əlaqələri tamamilə kəsməyə hazırlaşdığını açıqlayıb.

Kremlin sözçüsü Dmitriy Peskov isə İranın PUA-larının Ukraynada istifadə edilməsi ilə bağlı iddiaları təkzib edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel də oktyabrın 18-də keçirdiyi mətbuat konfransında deyib ki, əllərində İran silahlarının Ukraynadakı hərbi və mülki hədəflərə qarşı istifadə edildiyinə dair geniş sübutlar var və Vaşinqton cinayətkarlara qarşı sanksiyalar tətbiq edə bilər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani isə həmin gün açıqlama verərək, bu ittihamları bir daha təkzib edib və bu ittihamları həll etmək üçün Ukrayna ilə görüşməyə hazır olduqlarını bildirib.

Amerikanın “Washington Post” qəzeti ABŞ və Qərb təhlükəsizlik rəsmilərinə əsaslanan xəbərlərində İranın Rusiyaya, eləcə də dronlara raket göndərməyə razılaşdığını yazıb.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa İranın Rusiyaya silah sistemləri satmasının BMT Təhlükəsizlik Şurasının 2015-ci il nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsinə zidd olduğunu iddia edirlər.

Son olaraq bildirək ki, Aİ və Böyük Britaniya oktyabrın 20-də Rusiyaya pilotsuz uçuş aparatları satdığı iddiası ilə İrana qarşı sanksiyalar tətbiq edib. E3 adlandırılan İngiltərə, Fransa və Almaniya da oktyabrın 21-də BMT-ni ittihamları araşdırmağa çağırıb.
 

Dünyapress TV

Xəbər lenti