İranın yanlış hədəfi –
Hərbi təlimlər barədə xəbərləri hər gün oxuyuruq. Elə bu gün də biri var: “ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək”.

Hər kəs bilir ki, bu təlimlərin məqsədi günaşırı Sakit okeana bir ballistik raket fırıldadan Şimali Koreyanı “ağıl-kamal”a dəvət etməkdir.

Şimali Koreya da tez-tez öz “qardaş”ının – Cənubi Koreyanın sərhədlərinin yaxınlığında geniş miqyaslı hərbi təlimlər keçirir, ona güc göstərir.

Hindistan 75 ildir konfliktdə olduğu Pakistanın sərhədlərinə yaxın ərazilərdə vaxtaşırı hərbi təlimlər keçirir, qarşı tərəfə mesaj verir. Çox keçmir ki, Pakistan da öz ordusunun 100 minlik birləşməsi ilə Hindistanın sərhədinə yaxın poliqonda eyni şeyi edir.

Belə hadisələr Yaxın Şərqdə, Afrika ölkələrində də çox və tez-tez olur.

Avropa dövlətləri bir-birinin sərhədinin yaxınlığında hərbi təlimlər keçirmirlər. Ehtiyacları yoxdur. Onların təlimləri NATO-nun poliqonlarında olur. NATO-nun hədəfi isə bəllidir.

Həmin hədəf – Rusiya hərbi təlimlər keçirməkdə daha pərgardır. Bu dövlət də MDB və KTMT-dən olan müttəfiqlərini başına yığaraq, tank ötüşdürür, şərti hədəfi artilleriya qurğuları ilə vurur, NATO-ya göstərir ki, ölməyib, sağdır, gücü də var.

Bir dövlətin silahlı qüvvələri varsa, o, müntəzəm olaraq hərbi təlim keçirməlidir. Başqa cür mümkün deyil, adi haldır.

Hər dövlətin isə hərbi təlim keçirmək üçün onlarla poliqonu olur, ancaq o dövlət ölkənin mərkəzini qoyub, ucqar bir yerdə, xüsusilə də intriqada olduğu və ya çəkişməyə başladığı dövlətin sərhədindəki məkanı seçirsə, üstəlik, bunun üzərində böyük media təbliğatı qurursa, bu, pis niyyətdən xəbər verir.

Buna başqa don geydirmək riyakarlıqdan başqa bir şey deyil. Prinsipcə, İran öz ordusuna təlimi Xuzistan ostanında keçirməli, gücünü heç cür yollaşıb yola gedə bilmədiyi ərəb ölkələrinə göstərməliydi.

Yaxud da Əfqanıstanı idarə edən “Taliban” rejimini hansısa təcavüzkar niyyətllərdən çəkindirmək üçün hərbi təlimlərin məkanı Xorasan ostanı seçilə bilərdi. Bax, budur, xəbər yayılıb ki, bu gün “talib”lərlə İran sərhədçiləri arasında 1 saatlıq atışma olub.

Yox, məqsəd İsrailə xox gəlməkdirsə İran Suriyadakı qoşunlarını uzun illərdir İsrailin əlində olan Colan təpələrinə yaxınlaşdırıb orada “sionist rejim”ə hədə biçərdi – birbaşa və daha effektiv.

Ancaq bu dövlət gəlib-gəlib 27 ildən sonra işğaldan azad edilmiş ərazilərimizin qulağının dibində son 2 ildə 3-cü dəfə hərbi təlim keçirirsə, bunun adı nə qardaşlıqdır, nə ümmətçilikdir, nə də dindaşlıqdır.

İranın Ermənistana nədən bu qədər yaxınlaşmasının, Azərbaycanla isə intriqaya girməsinin səbəbləri, demək olar ki, yüzdəyüz dəqiqliklə bəllidir, ancaq bu dövlətin rəsmiləri, təbliğatçıları və ölkəmizdəki tərəfdarları bəzən əsas arqument kimi “İsrail faktoru”nu göstərirlər. Guya ki, Azərbaycan İranın düşməni İsraillə bu qədər yaxınlaşmasa, İran da Ermənistanla mehriban olmaz.

Əsassız və tənqidə dözümsüz arqumentdir. İran Ermənistanla dost-qardaş olanda Azərbaycan müstəqil dövlət deyildi, öz xarici siyasəti yox idi ki, İsraillə və ya başqa bir dövlətlə müttəfiqlik büsatı qursun. Azərbaycanla İsrailin münasibətləri uzun illərdən sonra bir yerə qədər istiləşməyə başladı. Ölkəmizin İsraildə səfirliyi hələ də yoxdur.

İran və Ermənistan isə qarşılıqlı diplomatik əlaqələrə, ciddi ticarət tərəfdaşlığına, hərbi, mədəni, turizm sektorunda işbirliyinə malikdir. Bu dövlətin rəsmilərinin qarşılıqlı səfərlərinin ardı-arası kəsilmir. Eyni zamanda Ermənistan dünyada yeganə ölkədir ki, həm ABŞ-ın “gözünün işığı”dır, həm də İranın.

İranın son iki ildəki sancısı isə Ermənistanın Mehri rayonundan keçməsi nəzərdə tutulan “Zəngəzur dəhlizi” ilə bağlıdır. Bu dəhliz türk dövlətlərini birləşdirəcək və İran bunu qətiyyətlə istəmir.

Hazırda görüntü belədir ki, əslində Ermənistan öz ərazisindən Naxçıvana başqa yollar vermək fikrindədir, amma dəhlizin Mehridən keçməsinə sırf İranın iradəsinə görə qarşıdır.

Bizə isə dağ-dərədən, aşırımlı yollardan keçəsi avtomobil yolu lazım deyil, həm də əsas məsələ yüklərin daşınacağı dəmiryol xəttdir, bu isə Mehridən keçir.

İran Rusiya, Türkiyə, Çin kimi böyük dövlətlərin, eləcə də Orta Asiya respublikalarının qol qoyduğu bir layihəni əngəlləmək istəyir.

Araz qırağında keçirilən hərbi təlimlərin hədəfi budur.
dunyanisesi
 

Dünyapress TV

Xəbər lenti