“Rusiyanın Ukraynaya raket hücumu cəbhədəki uğursuzluqla bağlıdır”. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib. Onun sözlərinə görə, Rusiyanın törətdiyi terror aktları əhalini qorxutmaq üçündür: “Lakin bu, əks-effekt verir. Fikrimcə, Rusiyanın hücumları davamlı ola bilməz. Bunun iki əsas səbəbi var. Birincisi, intensiv raket zərbələri Rusiyaya gündə ən azı 700 milyon dollara başa gəlir. İkincisi, “Kalibr” və “İskander”in ehtiyatları tükənmək üzrədir. Sanksiyalara görə yenilərini istehsal etmək isə çətindir”. A.Yusov bildirib ki, zərbələr davam edə bilər: “Ona görə də hava hücumu siqnallarına laqeyd yanaşmaq olmaz”. Qeyd edək ki, Rusiya oktyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyev və digər vilayətləri müntəzəm raket zərbələrinə məruz qoyur.