NATO Baltik və Şimal dənizlərində nüvə təlimlərinə hazırlaşır -
NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 12-13-də keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı öncəsi Brüsseldə mətbuat konfransı keçirib.

Ovqat.com-un məlumatına görə, Stoltenberq mətbuat konfransında “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərinin yerləşdiyi Baltikdə və Şimal dənizində NATO hərbi dəniz qüvvələrinin iki dəfə artırıldığını açıqlayıb.

Stoltenberq bəyan edib ki, alyans bu qərarı “Şimal axını” boru kəmərlərinin “təxribatından” sonra bölgədəki NATO infrastrukturunu qorumaq üçün qəbul edib. “Biz Baltik və Şimal dənizlərində mövcudluğumuzu patrul təyyarələri və sualtı imkanları olan 30 gəmiyə çatdırmaqla ikiqat artırdıq”, - Stoltenberq deyib.

«Şimal axını» boru kəmərlərində son sızmaların səbəbi tam aydın olmasa da, araşdırmalar «qəza»ların əslində təxribat olduğunu göstərir.

Bazar ertəsi səhər Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə, o cümlədən ölkə paytaxtına raket hücumlarına toxunan Stoltenberq, NATO-nun Kiyevə dəstəyini "davam etdirməyə" qərarlı olduqlarını vurğulayıb.

"Dünən gördüklərimiz (Ukraynaya endirilən raket zərbələri-Ovqat.com) əslində Rusiyanın zəifliyinin əlamətidir, çünki o, faktiki olaraq döyüş meydanında irəliləyişə nail ola bilmir. Rusiya faktiki olaraq döyüş meydanında uduzur", - deyən Stoltenberq əlavə edib: "Onlar bu vəziyyətdə Ukraynaya qarşı dinc əhali-hərbçi ayrıseçkiliyi etmədən şəhərlərə və kritik mülki infrastruktura hücumlar edərək cavab zərbələri endirirlər."

Baş katib NATO-nun illik nüvə cavabı manevri kimi xarakterizə olunan “Sabit Günorta” təlimlərinin planlaşdırıldığı kimi gələn həftə keçiriləcəyini təsdiqləyib: “Bu, çəkindirmə gücümüzü təhlükəsiz və effektiv etmək üçün hər il keçirdiyimiz müntəzəm təlimdir”.

Stoltenberq həmçinin bildirib ki, NATO Rusiyanın nüvə təxribatlarına cavab olaraq “Sabit Günorta” (“Steadfast Noon”) təlimlərini ləğv etməyəcək, çünki bu, pis presedent yarada bilər.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1665633657_4.jpg
Ötən il oktyabrda keçirilən “Sabit Günorta” təlimlərinin xəritəsi

O, Rusiyanın “gizli nüvə təhdidləri”nə toxunaraq vurğulayıb: “Rusiya bilir ki, nüvə müharibəsində qalib gəlmək olmaz. Rusiyanın nüvə güclərini yaxından izləyirik. İndiyə qədər Rusiyanın mövqeyində bir dəyişiklik görməmişik, bununla belə, yenə də ayıq-sayıqlığımızı qoruyuruq».

“Sabit Günorta” adlı hərbi təlimlər hər il keçirilir və adətən bir həftə davam edir. Buraya nüvə başlıqları daşıya bilən döyüş təyyarələri daxildir, lakin heç bir canlı bomba daxil deyil. Adi reaktiv təyyarələr, müşahidə və yanacaq dolduran təyyarələr təlimlərdə müntəzəm iştirak edirlər.

Fevralda Rusiyanın Ukraynaya təcavüzündən əvvəl planlaşdırılan təlimə NATO-ya üzv 30 ölkədən 14-ü cəlb olunacaq. NATO rəsmiləri bildiriblər ki, manevrlərin əsas hissəsi Rusiyadan 1000 kilometr (625 mil) uzaqlıqda keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti