Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna kəşfiyyatının Krım körpüsündə partlayışa necə hazırlaşdığını əks etdirən foto və videolar yayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, FTX-nın məlumatında terror aktının təşkilində iştirak edənlərin fotoşəkilləri, gömrük postunda yük maşınının içindəkilərin rentgenoqrafiyası, yükün çatdırılması üçün sənədlər də var.
FTX-nın İstintaq Komitəsi ilə birgə açıqladığı məlumata görə, Krım körpüsündə terror aktının təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi və onun rəhbəri Kirill Budanov, əməkdaşları və agentləri olduğu müəyyən edilib.
“Müəyyən olunub ki, ümumi çəkisi 22,77 ton olan partlayıcı 22 ədəd tikinti polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib və Translogistik UA MMC arasında 02/08/2022 saylı müqavilə əsasında avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib. Sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanda Transalyans terminalında yük Avrasiya İqtisadi Birliyi qaydalarına uyğun rəsmiləşdirilib, sənədlər dəyişdirilib, bundan sonra yükü göndərən “GU AR GROUP” MMC (Ermənistan, Alaverdi şəhəri), alıcı isə "Lider" MMC (Moskva) olub.
Gürcüstan qeydiyyatında olan DAF markalı avtomobilində yük oktyabrın 4-də yük Yuxarı Lars vasitəsilə Rusiya-Gürcüstan sərhədindən keçib və oktyabrın 6-da Krasnodar diyarındakı Armavir topdansatış bazasına çatdırılıb və boşaldılıb.
Oktyabrın 7-də Ukrayna vətəndaşı Solomko Vladimir Vasilyeviç Zlobun (1987-ci il) və digər 5 nəfər Rusiya vətəndaşının köməkliyi ilə yükün sənədləri yenidən dəyişdirilib, göndərici “TEK-34” MMC (Ulyanovsk) göstərilib və alıcı isə Krımda mövcud olmayan bir şirkət olub. Həmin gün yüklər Simferopola yola düşmüş Rusiya vətəndaşı Mahir Yusubovun (1971-ci təvəllüdlü) yük maşınına yüklənib və oktyabrın 8-də saat 06.03-də Krım körpüsündən keçərkən partlayış baş verib.
Yüklərin bütün marşrut üzrə hərəkətinə və cinayət sxeminin iştirakçıları ilə əlaqəyə nəzarəti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, özünü İvan İvanoviç kimi təqdim edən şəxs həyata keçirib. Yükün göndərilməsinə Ukrayna vətəndaşları Mixail Vladimiroviç Tsyurkalo (1975-ci il təvəllüdlü), Denis Oleqoviç Kovaç (1979) və Roman İvanoviç Solomko (1971), Gürcüstan vətəndaşları Sandro İnosaridze və Levan adlı broker və Ermənistan vətəndaşı Artur Terçanyan (1985) cəlb olunublar. Cinayətin hazırlanmasında iştirak edən 5 Rusiya, 3 Ukrayna və Ermənistan vətəndaşı saxlanılıb.
İstintaq davam edir, bütün təşkilatçılar və iştirakçılar, o cümlədən əcnəbilər Rusiya qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar”, deyə FTX və İstintaq Komitəsinin birgə məlumatında qeyd olunub.