«Son bir neçə həftə ərzində Azərbaycan Ukraynaya onlarla ton müxtəlif silah və sursat göndərib».
DİA.AZ ovqat.com-a istinadla xəbər verir ki, bir müddət əvvəl erməni mediasının yaydığı bu tipli məlumatlar indi rus nəşrlərində yer almağa başlayıb.
Rusiyanın hərbi dairələrinə yaxınlığı ilə tanınan Avia.pro saytının iddiasına görə, Ukrayna hərbçilərinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə rus işğalçılarına zərbələr endirmək üçün fəal şəkildə istifadə etdiyi yüksək dəqiqlikli silahlar, raketlər, artilleriya sursatları, patronlar və s. kimi hərbi ləvazimatlar guya Azərbaycandan tədarük olunub.
«Bu günə kimi Azərbaycanın Ukraynaya aktiv şəkildə BK-3 bombaları, 120 mm-lik minalar, Qrad MLRS üçün raketlər, 7,62x39 və 5,45x39 çaplı patronlar, həmçinin sovet istehsalı olan FAB-250 və FAB-500 kimi sərbəst düşən bombalar tədarük etdiyi məlumdur. Olduqca diqqətəlayiq olan tədarüklər son vaxtlara qədər Rusiyanın Afrikadakı müttəfiqi hesab edilən Sudan vasitəsilə həyata keçirilir ki, bu da Xartumun bənzər hərəkətləri ilə bağlı kifayət qədər suallar doğurur», - məlumatda bildirilir.
Nəşr iddiasına görə, Ukrayna hərbçiləri artıq Azərbaycanın göndərdiyi silah-sursatlardan fəal şəkildə istifadə edir və bu da iki dövlət arasındakı münasibətlərə mənfi təsir göstərə bilər: «Ukrayna Hərbi Hava Qüvvələrinin daha əvvəl Azərbaycanın MiQ-29 qırıcılarını qəbul etdiyini nəzərə alsaq, Bakı ilə Kiyev arasında belə əməkdaşlıq, şübhəsiz ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərə ciddi zərbə vuracaq.
«Bir sıra məlumatlara görə, yaxın gələcəkdə Azərbaycan hətta Ermənistanla silahlı münaqişədə kifayət qədər fəal şəkildə istifadə olunan kamikadze pilotsuz təyyarələrinin bir partiyasını Ukraynaya da verə bilər», - nəşr qeyd edir.
İşin maraqlı tərəfi odur ki, rus nəşrinin adını çəkdiyi silahların heç biri Azərbaycanda istehsal olunmur və Moskvanın təhriki ilə hər gün erməni təcavüzünə məruz qalan ölkəmizin özünün həmin silahlara ciddi ehtiyacı var. Ən əsası, dünyanın super gücü tərəfindən ən müasir hərbi ləvazimatlarla silahlandırılan Ukraynanın da Azərbaycan tərəfindən tədarük ediləcək silah-sursata ehtiyacı yoxdur və heç Kiyev də bizdən belə köməklik gözləmir. Biz Ukraynaya uzaqbaşı yanacaq və qida məhsulları verə bilərik ki, bu da humanitar dəstək kateqoriyasına daxildir və rəsmi Bakı bu cür yardımlarını gizlətmir də. Bütün bunlara baxmayaraq, Azərbaycan barəsində inandırıcılıqdan uzaq belə iddiaların irəli sürülməsi Moskvanın hansısa bəd niyyətindən qaynaqlana bilər. Bənzər iddiaların bir müddət əvvəl ermənilər tərəfindən irəli sürülməsi də bu baxımdan təsadüfi görünmür.
Zənnimizcə, Rusiya hərbi dairələrinə yaxın nəşrin bu cür dezinformasiya yaymasının bir başqa səbəbi Azərbaycanda son zamanlar başlanacağı gözlənilən «5-ci kolon»a mübarizənin Moskvada doğurduğu narahatlıqla bağlı ola bilər. Sirr deyil ki, Rusiya Ukraynada zəiflədikcə, Azərbaycan öz daxilindəki «rusqafalılar»dan qurtulma siyasətini gücləndirir. Bir müddət əvvəl işindən uzaqlaşdırılmasına baxmayaraq, tez-tez media orqanlarına çıxıb «mən də varam» havası atan Ramiz Mehdiyevin bir müddət əvvəl son qalası sayılan Naxçıvanda peyda olması, ardınca da Muxtar Respublikada hərtərəfli təftişlərin başlaması rəsmi Bakının «5-ci kolon»la aktiv mübarizəsinin ilkin təzahürü kimi qiymətləndirilir. Yəqin ki, bu təftişçilik siyasətləri yaxın zamanlarda Bakıya da sıçraya bilər. Görünür, artıq «5-ci kolon»unun qulağının burulacağından ehtiyatlanan Moskva rus hərbi sənaye kompleksinə bağlı nəşrlər vasitəsilə Azərbaycana əba altından zopa göstərməyə çalışır. Ancaq bu zopa göstərilərinin zərrə qədər qiyməti yoxdur. Əksinə, rəsmi Bakını bir an öncə «rusqafalılar»dan yaxa qurtarmasını, bununla da təhlükəni beşikdə boğmasını tətikləyə bilər.