Rusiyanın Xarkov istiqamətində hücumu uğursuzluğa düçar oldu
Rusiyanın Xarkov istiqamətində hücumu uğursuzluğa düçar oldu. Bunu hətta bir çox Z-bloggerlər də dolayısı ilə etiraf edirlər. Belə nəticə gözlənilən idi və o, heç də təkcə Ukrayna ordusuna yeni silahların verilməsi ilə bağlı deyil.
Rusiya ordusunun uğursuzluğunun arxasında korrupsiya, ordu sıralarındakı başıpozuqluq, təhcizatın acınacaqlı durumu, ordudakı ifrat kriminallaşma tendensiyaları və digər daxili səbəblər dayanır.
Başqa bir ciddi səbəb isə siyasi hakimiyyətin ordunu və onun rəhbərliyini özünə potensial rəqib kimi görməsidir. Rusiya ordusu bu gün müharibə aparan ölkənin silahlı qüvvələrindən daha çox siyasi alət rolunda görünür.
Bunun tipik nümunəsi ordu rəhbərliyinə 20 ildən artıqdır ki, silahlı qüvvələrə heç bir aidiyyatı olmayan şəxslərin təyin edilməsidir. Bu da o deməkdir ki, Kreml ordunun döyüş qabiliyyətinə yox, onun siyasi loyallığına üstünlük verir.
Şübhəsiz ki, belə kriteriyalar üzrə dəyərləndirmə ordunun döyüş qabiliyyətinə təsirsiz ötüşmür. Bu gün havada üstünlük əsasən Rusiyanın tərəfində olsa da bu, özünü müharibənin ümumi nəticələrində göstərə bilmir.
Halbuki Rusiya ordusu həmin üstünlüyü də yaxın aylarda itirə bilər. Təbii ki, Ukraynaya veriləcək hərbi təyyarələr hər bir halda Rusiyanın aviaparkından geriliyi aradan qaldırmaq gücündə olmayacaq.
Amma burada bir tək kəmiyyət həlledici rol oynamır. Əsas amillər ordunun mənəvi-psixoloji durumu, silah və sursatdan səmərəli istifadə, hərbi əməliyyatların idarə edilməsi və logistikanın lazımi səviyyədə təşkil olunmasıdır.
Sadalanan bütün bu amillər üzrə isə Rusiya ordusu heç də Ukrayna silahlı qüvvələrindən üstün vəziyyətdə deyil. Əksinə, onların bir çoxu üzrə Ukrayna ordusunun vəziyyəti daha ümidvericidir. Amma güclər hər bir halda bərabər deyil.
Bütün bunlar göstərir ki, Rusiya-Ukrayna müharibəsi hələ xeyli davam edəcək və yüksək ehtimalla hansısa məqamda atəşkəs rejiminə keçəcək. Atəşkəs isə müharibənin sonu yox, onun davamına hazırlıq deməkdir.
Ərəstun Oruclu
TEREF
 
 

 


Dünyapress TV

Xəbər lenti