Pubilka.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gün paytaxt Kiyevdə hava hücumları daha kəskin formada davam edib:
“Raket hücumları Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən zərərsizləşdirilsə də, şəhərdə bir neçə dəfə partlayış səsi eşidilib. Dağıntılar və tələfatın olduğu bildirilir. Bununla bağlı dəqiq statistika hələ ki, açıqlanmayıb”.
Qeyd edilib ki, son bir ayda Ukraynanın artıq cəbhə və qeyri-cəbhə bölgəsi yoxdur. Bütün şəhərləri, vilayətləri hücumlara məruz qalır: “Ötən gecə Ukrayna Hava Hücumundan Müdafiə Sistemi Dneprpetrovsk, Poltava və Vinnitsa vilayətlərində 30-a qədər İran istehsalı olan “Şahed-136” və “Şahed-132” tipli dronları məhv edib”.
Bildirilib ki, ölkədə ən çox gərginlik Xerson və Donetsk vilayətlərində müşahidə edilir. Donetsk vilayətinin Avdiyevka şəhərini Ukrayna tam olaraq əldən vermək istəmir, bu səbəbdən müdafiəsi daha güclü təşkil olunub:
“Çünki Avdiyevka əldən gedərsə, Ukrayna Pokrovsk şəhərini itirmək təhlükəsi ilə üzləşə bilər. Bu isə döyüşün Dneprpetrovsk vilayətinə keçməsi və Ukraynanın cənub istiqamətinin müharibə meydanına çevrilməsi deməkdir”.