Ermənistanın mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkarlanan videolar nümayiş etdirilib.
Bu barədə Xarici İşlər və Müdafiə Nazirliyinin brifinqi zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub.
Məğlub olan Ermənistanın mülki əhaliyə hərbi təlim keçməsi müharibə hazırlığıdır?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, son dövrlərdə Ermənistanın sistematik şəkildə müharibəyə hazırlandırılması prosesi baş verir:
“Xüsusilə Ermənistan Qərbdəki havadarlarının dəstəyi ilə Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır. Hazırda sülh müqaviləsinin imzalanması gecikir və Ermənistan üzərindən oyunlar oynanılır. Hansı ki, bu oyunlar birbaşa Azərbaycan və Türkiyə əleyhinə, eləcə də bölgədə yarana biləcək regional layihələrə qarşı yönəlib.
Bu prosesdə Ermənistandan maşa kimi istifadə edib bölgədə hərbi aktivliyin qalmasında maraqlı olan qüvvələr var. Başda Fransa və ABŞ olmaqla, müəyyən ölkələr Ermənistanın daim hərbi ritorikada qalmasını istəyirlər. Onlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışırlar”.
Ekspert qeyd edib ki, həm Ermənistan silahlandırılır, həm də onun daxilində hərbi ab-havanı saxlamaq üçün mülki əhaliyə kustar üsulla hazırlanmış silahlar verilir:
“Həmçinin, “hərbi təlimlər” keçirirlər. Nikol Paşinyan sülhdən danışsa da, öz cəmiyyətini bu günə qədər sülhə hazırlamayıb. Əhalinin Azərbaycan düşmənçiliyi fonunda “hərbi təlimlər”ə cəlb edilməsi Ermənistanda nifrət leksikonunun hələ də dövlət səviyyəsində ideoloji olaraq tədris və təbliğinin davam etdiyini göstərir”.