Qarabağdakı silah anbarları ilə bağlı şok faktlar: "Azərbaycana hücum üçün…"
Antiterror tədbirləri bölgədə yeni bir mənzərə ortaya çıxardı. Artıq separatçılar və qanunsuz erməni birləşmələrinin silahları, hərbi texnikaları müsadirə edilir. Amma bu zaman ortaya çıxan faktlar olduqca ilgincdir. Çünki ərazi baxımından kiçik bir bölgəyə bu qədər silah-sursatın toplanması bir sıra suallar yaradır. Bu fakt keçmiş münaqişə dövründə nəzarətsiz qalmış Azərbaycan ərazilərinin qanunsuz silahların saxlanılması kimi istifadə edildiyini təsdiqləmiş olur.

Teref.az xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, bununla bağlı beynəlxalq konvensiyalar var:

“Sadəcə olaraq keçmiş münaqişə zonasına beynəlxalq qurumlar nəzarət etmirdi. Beynəlxalq silahlandırma qurumları mütəmadi olaraq ölkələrdə yoxlamalar aparır. Demək olar ki, bu qurum hər il belə yoxlamalar keçirir. Ermənistanda da bu cür yoxlamalar olur. Amma Qarabağda işğal dövründə olan nəzarətsizlik ucbatından həmin qurum burada hansısa bir təhqiqat apara bilməyib”.

Polkovnik hesab edir ki, Qarabağda indi təhvil-təslim prosesi zamanı bu qədər silah-sursatın aşkarlanması tamam başqa mətləblərdən xəbər verir:

“Bir müddət öncə Ermənistanda olan revanşist qüvvələrin Azərbaycana qarşı təxribatlara hazırlaşdıqları məlum olmuşdu. Həmin qüvvələr Qarabağdakı qanunsuz birləşmələr vasitəsi ilə məhz bu silahlardan istifadə edərək öz çirkin məqsədlərini reallaşdırmaq niyyətində idilər”.

Şair Ramaldanov güclü Azərbaycan Ordusunun qabaqlayıcı tədbirləri ilə revanşistlərin bu niyyətlərinin alt-üst olduğunu bildirib:

“Hazırda Qarabağ silah-sursatdan təmizlənir. Bölgə silahsızlaşdırılır. Amma indiyə qədər Qarabağ dünyanın silah-sursatla ən çox çirklənmiş bölgəsi hesab edilirdi. İndi silahların təhvil alınması prosesi gedir. Amma burada fərqli yanaşmalar da ola bilər. Silahların təhvil verilməsi və təksilah anlayışları mövcuddur. Bu dəqiqə silahların təhvil alınması prosesi gedir. Ola bilsin bunun ardınca tərksilah edilməsi mərhələsi olsun. Kimlər ki silahı təhvil verməyib və yaxud bundan imtina edib, onlara qarşı addımların atılması qaçılmaz olacaq”.
 

Dünyapress TV

Xəbər lenti