“Şimali Koreya lideri Kim Çen Inın Vladivostokda Vladimir Putinlə planlaşdırılan görüşü Rusiyanın Ukraynadakı yeni strategiyasından və dünya üçün ortaya çıxa biləcək daha böyük təhlükələrdən xəbər verir. Artıq Ukraynanın Rusiyaya qarşı başlatdığı əks-hücumun dördüncü ayındayıq. Hələ ki, məhdud səviyyədə uğurlar və Rusiyanın bir neçə əks hücumunun şahidi olmuşuq. Hazırda Moskva Ukraynanın Surovikin xətti boyunca davam edən hücumlarda döyüşçülərini, tanklarını, mərmilərini və raketlərini tükətməsinə imkan verir. Düşünürəm ki, Ukraynanın Qərb silahları ilə təchiz edilmiş və xüsusi təlim keçmiş manevr qüvvələri burada məhv edildikdən sonra Rusiya yanvarda özünün genişmiqyaslı hücumuna başlaya bilər”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniya Ordusunun ehtiyatda olan polkovniki Riçard Kempin “The Telegraph” nəşrində yayımlanan “Putin qələbə üçün yeni bir plan hazırlayır” başlıqlı məqaləsində bildirilib.
Sözügedən məqalənin tərcüməsini oxuculara təqdim edirik: “Moskvanın bu planı Birinci Dünya Müharibəsindən sonra almanların 1918-ci ilin martında başlatdığı və daha çox ərazi ələ keçirdiyi Kayzerşlaxt hücumunu xatırladır. Putin üçün problem ondan ibarətdir ki, o, Ukrayna qüvvələrini məğlub etməyə çalışarkən çoxlu sayda sursat, xüsusən də artilleriya mərmiləri və ballistik raketlər itirir. Rusiya Qərbin əksər ölkələrindən daha böyük hərbi sənayeyə sahib olsa da, on minlərlə insanı orduya səfərbər etməyi bacarsa da, bu, yeni və böyük bir əks-hücum üçün kifayət etmir.
Elə bu səbəbdən də məsələyə Şimali Koreya dövləti daxil olur. Pxenyan ən azı bir ildir ki, Rusiyaya böyük miqdarda mərmi və müxtəlif raketlər göndərir. Bu daşımaların əsas hissəsini “Vaqner” qrupu təşkil edir. İyul ayında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda idi və ehtimal edirəm ki, o, burada əlavə silah-sursatla bağlı danışıqlar aparırdı. Şoyqu burada “Ələddinin mağarası”nı kəşf edib. Bu “mağarada” çoxlu sayda ağır silahlar və artilleriya sursatları var. Onların əksəriyyəti köhnə və yararsız ola bilər. Lakin Rusiyanın qələbə taktikası da yeni deyil. Rusiya almanların 1918-ci ildə etdiyi kimi, say və silah baxımından əzici üstünlük əldə edərək, bu gücdən öz xeyrinə yararlanmağa çalışır.
Lakin Şimali Koreya bu yardımları qarşılıqsız etməyəcək. Qərbin sanksiyaları altında əzilən Pxenyanın Rusiya neftinə, ərzağına və xammalına böyük ölçüdə ehtiyacı var. Bundan əlavə, Rusiya inkişaf edən münasibətlər fonunda, Şimali Koreyanın nüvə silahı proqramını dəstəkləyə, xüsusən də qitələrarası ballistik raketlərin inkişafı üçün onu lazım olan valyuta və texnologiya ilə təmin də bilər. Rusiyanın bu sahədə böyük imkanları mövcuddur. Pxenyanın bu yolla nüvə proqramını inkişaf etdirməsi dünyanın təhlükəsizliyini təhlükə altına ata bilər.
Amma bəzi analitiklər hesab edirlər ki, Kimin Rusiyaya planlaşdırılan səfəri ABŞ kəşfiyyatı tərəfindən ifşa edildiyi üçün təxirə salına bilər. Lakin bu, o qədər də önəm kəsb etmir. Çünki İki ölkə arasında dərin köklü əlaqələrin olması bu əməkdaşlığın iki lider arasında görüş olmadan da davam və inkişaf etməsi üçün kifayət edir.
Buradan qaranlıq qalan əsas sual budur: Belə bir görüşün təşkilinə nə ehtiyac var idi?
Bu, Kim üçün anti-Qərb rejimləri qarşısında dövlət xadimi kimi mövqe sərgiləməyə fürsət verir. Putin isə bu yolla öz xalqına dünyadan təcrid olunmadığını sübut etməyə çalışa bilər. Amma bunun arxasında başqa bir plan da ola bilər. Məsələn, Putin bu sövdələşmədən təzyiq vasitəsi kimi istifadə edərək, ABŞ administrasiyasının Kiyevi atəşkəsə məcbur etməsini istəyə bilər.
Ancaq nə olursa olsun, Qərb hazırkı əks-hücumun uğursuzluqla nəticələnəcəyi təqdirdə Ukraynaya hazırlaşmağa kömək etməlidir və Putinin “Kayzerşlaxt” planına imkan verməlidir. Almanların 1918-ci ildə başlatdığı bu hücum təchizat çatışmazlığı səbəbindən dayanmışdı. Biz Putinin də eyni tale ilə üzləşəcəyinə ümid bəsləyə bilmərik.
Ukraynanın rusların başladacağı genişmiqyaslı əks-hücuma müqavimət göstərə biləcəyi məum deyil. Ukraynada 1918-ci il ssenarisi reallaşarsa, Qərbdən, eləcə də Ukraynadan böyük güc və maliyyə tələb olunacaq. Qərb Ukraynaya əvvəlki yardımlarından daha çox yardım etməli olacaq. Bu, maliyyə baxımından müttəfiq dövlətlər üçün böyük çətinlik yaradacaq”.